Azadlığın məhdudlaşdırılması cəzasının tətbiq dairəsi genişləndirilir


18:50     11 Aprel 2020 20_04_11_1586616174.jpg

Əsas cəzanı çəkib qurtarmış, əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəzlənmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır.


Femida.az -ın məlumatına görə, bu, Cinayət Məcəlləsinə təklif edilən yeni - 83.4-1-ci maddədə əksini tapıb.

Təklif edilən başqa bir maddəyə əsasən, yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərin birinə görə10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin ediləcək.

Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma ilə bağlı isə yeni cəza növü müəyyənləşir. Hazırda Cinayət Məcəlləsinə əsasən, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır. Layihədə bu halda 2 ilədək müddətdə azadlığın məhdudlaşdırılması cəzasının da cəzalardan biri kimi tətbiqi təklif olunur.

Hazırda qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma ilə bağlı eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, təkrar törədildikdə və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır. Layihədə bu halda 2 ildən 4 ilədək müddətdə azadlığın məhdudlaşdırılması cəzasının da cəzalardan biri kimi tətbiqi təklif olunur.

Cinayət Məcəlləsinə əsasən, hazırda özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası tətbiq olunur. Layihədə bu halda iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmanın saxlanılması, cərimənin isə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən 3 mislinədək müəyyənləşdirilməsi təklif olunur.

Qüvvədə olan qanunvericiliyə görə, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Layihədə bu cəzalar sırasına iki ilədək müddətdə azadlığın məhdudlaşdırılmasının əlavə olunması təklif edilir.

Hazırkı qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Layihədə bu cəzalar sırasına 1 ildən 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılmasının əlavə edilməsi təklif olunur. Hazırda qeyd edilən əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırsa, layihədə bu cəzanın 3 ildən 5 ilədək müddətdə azadlığın məhdudlaşdırılması və ya iki 2 ildən 5 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənməsi təklifi əksini tapıb.

Cinayət Məcəlləsinə əsasən, fərdi sahibkarın və ya kommersiya təşkilatının qeydiyyatından qanunsuz olaraq imtina etmə və ya onların qeydiyyatından boyun qaçırma, müəyyən fəaliyyət növünü həyata keçirmək üçün xüsusi razılığın (lisenziyanın) verilməsindən qanunsuz olaraq imtina etmə və ya onun verilməsindən boyun qaçırma, təşkilati-hüquqi və ya mülkiyyət formasından asılı olmayaraq fərdi sahibkarın və ya kommersiya təşkilatının hüquqlarını və ya qanuni maraqlarını məhdudlaşdırma, habelə fərdi sahibkarın və ya kommersiya təşkilatının müstəqilliyini qanunsuz məhdudlaşdırma və ya onların fəaliyyətinə başqa cür qanunsuz müdaxilə etmə, bu əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etmə əməli külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır. Dəyişikliyə əsasən, bu halda cərimənin vurulmuş ziyanın iki mislindən dörd mislinədək deyil, vurulmuş ziyanın iki mislinədək olması təklif edilir.

Açar sözlər:

Oxunub: 964


Oxşar xəbərlər