Abşeronda heyvan kəsimi və satışı yerlərində reyd keçirilib


18:16     14 Aprel 2020 20_04_14_1586873557.jpg

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Abşeron rayonu ərazisində fəaliyyət göstərən heyvan kəsimi və satışı yerlərində reyd keçirilib.

AQTA-dan Femida.az-a verilən məlumata görə, reyd zamanı heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkarlanıb.

Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək barədə bildirişlər təqdim olunub.

Keçirilən monitorinqlər zamanı koronavirusla mübarizə tədbirləri çərçivəsində tətbiq olunan tələblər, heyvan kəsimi məntəqələrinin fəaliyyətinə dair metodiki göstərişlər diqqətə çatdırılıb.

Qeyd olunub ki, bu tədbirlər çərçivəsində AQTA hazırda qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi ilə bağlı geniş təbliğat işləri aparır.

Agentlik tərəfindən indiyədək bir neçə metodiki göstəriş hazırlanaraq müvafiq sahibkarlıq subyektlərinə rəsmi şəkildə təqdim olunub.

Açar sözlər:

Oxunub: 634