Miqrasiya ilə bağlı elektron xidmətlərə 11 881 müraciət daxil olub


15:16     17 Aprel 2020 20_04_17_1587123394.jpg

Dövlət Miqrasiya Xidməti tərəfindən e-xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi məqsədilə zəruri tədbirlər görülür.


Bu barədə Femida.az-a DMX-dan məlumat verilib.

Qeyd olunur ki, ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi müddətində hərəkət məhdudiyyətinin tətbiq edilməsi ilə əlaqədar hazırda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Dövlət Miqrasiya Xidmətinə müraciətləri yalnız elektron qaydada (https://eservice.migration.gov.az) həyata keçirilir. Bura əcnəbilərin ölkəmizdə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşama, iş icazələrinin alınması (uzadılması), o cümlədən dövlət rüsumunun ödənilməsi və digər elektron xidmətlər daxildir.

Əvvəlki dövrlə müqayisədə əcnəbilər tərəfindən e-xidmətlərdən istifadədə dinamik artım var. Belə ki, təkcə bu ilin mart ayı ərzində Dövlət Miqrasiya Xidmətinin elektron xidmətlərindən istifadə sayı 11 min 881 olub.

Statistik göstəricilərə görə müraciətlərin 8627-si olduğu yer üzrə qeydiyyat, 2570-i müvəqqəti olma müddətinin uzadılması, 563-ü müvəqqəti yaşama icazəsi, 106-sı iş icazələri, 15-i isə daimi yaşama icazəsi ilə bağlı olub.

Qeyd edək ki, koronavirus infeksiyasının (COVİD-19) yayılması nəticəsində ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi nəzərə alınaraq, müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sənəd qəbulunun sadələşdirilməsi və icazə prosedurunun optimallaşdırılması həyata keçirilib və bu istiqamətdə tədbirlər davam etdirilir.

Femida.az

Açar sözlər: #miqrasiya  

Oxunub: 706