Azərbaycanda karantin rejimi uzadıldı


20:08     18 Aprel 2020 20_04_18_1587227826.jpg

Ölkə üzrə xüsusi rejimli xəstəxanalarda olan xəstələrin səhhəti, karantinə yerləşdirilən şəxslərdən götürülmüş test nümunələri, eləcə də karantin rejimi müddətində paytaxt və regionlarda xəstəlik fonundakı sanitar-epidemioloji vəziyyət təhlil edilib, insanların həyat və sağlamlıqlarının daha səmərəli qorunması, virusun yayılması sürətinin kəskin azaldılması məqsədi ilə Azərbaycan ərazisində tətbiq olunan karantin rejiminin uzadılması məqsədəuyğun sayılıb.

Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.

Bu baxımdan xüsusi karantin rejiminin 2020-ci il 20 aprel saat 00:00-dan 2020-ci il 4 may saat 00:00-dək uzadılmasına qərar verilib. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 saylı qərarında qeyd olunan bütün tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq olunan məhdudiyyətlər, eləcə də bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması 2020-ci il 4 may saat 00:00-dək uzadılır. Bununla belə, uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanaraq, növbəti həftə ərzində ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda, ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna edilmir.

COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət təhlil edilərək zərurət olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür.

COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

Femida.az

Açar sözlər: #karantin  

Oxunub: 2185