“Onlar birinci katiblərdən, atteşelərdən təlimatlar alırdı” - Hikmət Hacıyev (VİDEO)


14:15     20 Aprel 2020 hikmet%20h.jpg

Azərbaycanın daxili siyasətindəki yeni siyasi konfiqurasiya, dövlət başçısının təşəbbüsü ilə başlanmış iqtidar-müxalifət dialoqu Azərbaycan Televiziyasının "Həftə" proqramında Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə müzakirə olunub.

Femida.az-ın məlumatına görə, H.Hacıyev qeyd edib ki, cari ilin 3 ayının yekunları ilə bağlı müşavirədə dövlət başçısı proqram xarakterli çıxış edib və müvafiq tapşırıqlar verib:

"Həmçinin bu müşavirədə Prezident İlham Əliyev tərəfindən Azərbaycanın daxili siyasi gündəliyinə, o cümlədən, xarici siyasətinə aid olan məsələlər ətraflı şəkildə izah olundu. Bu xüsusda dövlətimizin başçısı tərəfindən qeyd edildi ki, Azərbaycanın daxili siyasi həyatında yeni siyasi konfiqurasiyaya qədəm qoyuruq. Yeni siyasi konfiqurasiyadakı münasibətlər bilavasitə Azərbaycan höküməti tərəfindən ölkəmizin siyasi səhnəsindəki əsas siyasi partiyalarla - hansılar ki, konstruktiv dialoqa hazırdırlar - onlarla yeni bir müstəvidə dialoqların qurulmasından ibarətdir. Və ümumiyyətlə, demokratik inkişaf Azərbaycan hökumətinin və Azərbaycan xalqının şüurlu seçimidir".

Onun sözlərinə görə, Azərbaycan Respublikası demokratik inkişaf prosesinə hər hansı bir xarici alqış və yaxud da rəğbət prinsipi ilə yanaşmır:

"Bu, ilk növbədə Azərbaycan xalqının mənafeyinə, ölkəmizin maraqlarına xidmət edən prosesdir. Bu prosesdə də təqdirəlayiq haldır ki, əksər siyasi partiyalar bunu yüksək qiymətləndirdilər. Ancaq yenə də təəssüflə qeyd etməliyik ki, bəzi marginal siyasi qüvvələr var ki, hələ də 90-cı illərin əvvəllərindəki siyasi abu-havadan çıxa bilməmişlər, hələ də destruktiv və məkrli siyasi xətlərini davam etdirməkdədirlər. Həmin dövr üçün arxiv materillarına, diplomatik yazışmalara baxsaq, bu insanlar Azərbaycanın daxili siyasi gündəliyinə aid olan məsələlərin həllini burada yox, həmişə xaricdə axtarıblar.

O həmin insanlardır ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra ölkələrin xarici diplomatik nümayəndəliklərinin birinci katiblərindən, ateşelərindən təlimatlar alırdılar və bunu özləri üçün rəhbər prinsip kimi müəyyən edirdilər, bu diqtələrlə siyasətlərini həyata keçirirdilər. Ona görə də xarici asılılıq və müstəmləkə təfəkkürü bu insanların hələ də düşüncə tərzinə hakimdir. Buna görə də ölkəmizin əldə etdiyi uğurları, həmçinin ən çətin şəraitlərdə ölkəmizin bu çətinliklərin öhdəsindən gəlməsi onları narahat etməkdə davam edir. Amma onlar Azərbaycanın siyasi səhnəsində marginal qüvvələrdirlər və Azərbaycan xalqının və hökumətinin birliyi, eyni zamanda ölkəmizin bütün sahələrdə olduğu kimi, siyasi sahədəki islahatlar və inkişaf prosesi hər kəsin gözü qarşısındadır və ölkəmizin davamlı inkişafını təmin edən amillərdir".

Femida.az

Açar sözlər: #HikmətHacıyev   #siyasət   #müsahibə  

Oxunub: 823