Parkomatların evakuasiya fırıldağı – vətəndaş belə aldadılır!!


14:55     03 Dekabr 2015 dayanacaqqq.jpg

Hüquqşünas: “Ödənişli dayanacaqlarda pulu ödəmədiyinə, yaxud da az ödədiyinə görə avtomobil evakuasiya edilə bilməz”.


Son illər paytaxtımızda tıxacların qarşısının alınması üçün əməli tədbirlər görülür. Bu tədbirlərin sırasında parkomatların yaradılmasını da qeyd edə bilərik. Əslində parkomatların istifadəyə verilməsi çox mütərəqqi bir addımdır. Vətəndaş çox az miqdarda ödəniş etməklə avtomobilini uzun müddət dayanacaqlarda saxlaya bilir. Yəni parkomatlar birbaşa olaraq vətəndaşların rahatlığını təmin etmək məqsədilə yaradılıb.

Lakin parkomatların fəaliyyəti heç də həmişə vətəndaşları qane etmir. Belə ki, bəzi hallarda vətəndaşa məxsus avtomobil parkomatlardan evakuasiya edilir. Bu isə vətəndaşın haqlı etirazına səbəb olur.

“99 xx 312” dövlət nömrə nişanlı avtomobilin sahibi də parkomat işçilərinin qeyri-qanuni fəaliyyətindən şikayətlənir:

“İşlərimlə əlaqədar olaraq idarə etdiyim nəqliyyat vasitəsini Sahil metrostansiyasının yaxınlığında yerləşən parkomatların birində saxlayası oldum. Parkomatın işçisi olan Mahmudov Raman adlı şəxsə 50 qəpik ödədim ki, avtomobilim yarım saat ərzində dayanacaqda qalsın. Həmin şəxs ödədiyim pulun qarşılığında avtomobilin ön şüşəsinə qəbz qoydu. Bundan sonra mən həmin ərazidən uzaqlaşdım. Elə oldu ki, işlərim uzandı və mən dayanacağa bir saat sonra qayıdası oldum. Lakin avtomobilimi yerində tapa bilmədim. Bu zaman Qurbanov Namiq adlı digər məsul şəxs mənə yaxınlaşıb bildirdi ki, siz vaxtında gəlmədiyinizə görə avtomobiliniz evakuasiya edilib”.

Sual yaranır:

Qanuni duracaqdan avtomobili necə cərimə meydançasına götürmək olar?

Qanunla icazə verilən yerdə avtomobili saxlayan sürücü niyə qanunu pozmuş hesab edilir?


Femida.az məsələyə hüquqi aspektdən yanaşmaq üçün hüquqşünas mövqeyini öyrəndi.

Hüquqşünas Ərşad Hüseynov bildirdi ki, ödənişli dayanacaqlarda pulu ödəmədiyinə, yaxud da az ödədiyinə görə heç bir avtomobl evakuasiya edilə bilməz:



“Əlbəttə ki, bu qanunsuz haldır. Ödənişli dayanacaqlarda pulu ödəmədiyinə, yaxud da az ödədiyinə görə heç bir avtomobl evakuasiya edilə bilməz. Bu evakuasiya xidmətinin mahiyyətinə ziddir. Bu hal özü bir təfəkkürsüzlüyün nümunəsidir. Qanunvericilikdə avtomobillərin evakuasiya edilməsi ilə bağlı məntiqi bir yanaşma var. Avtomobil dayanma-durma qaydasını pozduqda, təhlükəli ərazidə durduqda, yaxud da sürücü sərxoş olduqda, sürücünün sənədləri qaydasında olmadıqda avtomobil evskuasiya edilə bilər. Başqa əsasla avtomobil evakuasiya edilə bilməz. Avtonəqliyyat vasitəsinin sahibi dayanacaqda saxladığına görə ödəniş etmədikdə, yaxud da az ödəniş etdikdə avtomobil evakuasiya edilə bilməz. Bu heç bir məntiqə sığmır. Bu halda məsuliyyət təbii olaraq Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə düşür. Vətəndaş belə bir halla qarşılaşdıqda ilk olaraq Bakı Şəhər İcra Hakimiyyətinin rəhbər şəxslərinə, sonra isə məhkəməyə müraciət edə bilər”.

Hüquqşünas Məhərrəməli Həmidov bildirdi ki, maşın dayanacaqda saxlanılıbsa, maşına dəyən zərərə görə bütün məsuliyyət nəzarətçinin üzərinə düşür:

“Sürücü maşını dayanacaqda saxlayıbsa, nəzaretçi öz ərazisində saxlanılan maşına dəyən zərərə görə məsuliyyət daşımalıdır. Pulun qabaqcadan ödənilməməsi və yaxud qismən ödənilməsi onu məsuliyyətdən azad etməməlidir”.

Nəzərinizə çatdırırıq ki, paytaxtımızda yaradılmış parkomatlar Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində yaradılmış Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə məxsusdur. Femida.az həmin idarənin “Qaynar xətti” ilə əlaqə saxladı.

Özünü həmin idarənin operatoru kimi təqdim edən Əli Rzayev adlı şəxs suallarımızı cavabsız qoydu və bizə Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağı məsləhət bildi.



Dərhal, Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Zəngimizə çox kobud şəkildə cavab verən Tahir adlı şəxs bildirdi ki, avtomobilin sahibi əvvəlcədən pulunu ödəyərdi, avtomobil də evakuasiya edilməzdi:

“Bu haqda danışmaq istəmirəm. Sürücü əvvəlcədən pulunu ödəyərdi, maşını da evakuasiya edilməzdi. Sürücü pulu tam ödəməyinə görə haqlı olaraq onun maşını evakuasiya edilib”.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin digər vəzifəli şəxsləri ilə əlaqə saxlasaq da, suallarımız cavabsız qaldı.

Femida.az bütün vətəndaşları ayıq olmağa, öz hüquqlarını sonuna qədər müdafiə etməyə çağırır. Dayanacaqda durma-dayanma qaydasını pozmadan dayanmış avtomobil heç bir halda evakuasiya edilə bilməz. Vətəndaş belə bir halla qarşılaşdıqda ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərinə müraciət etməlidir. İcra Hakimiyyətinin verdiyi cavab vətəndaşı qane etməsə, o qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 5268


Oxşar xəbərlər