Azərbaycan Miqrasiya və İnkişaf üzrə Qlobal Forumun Rəhbər Qrupuna üzv seçildi


11:44     22 Aprel 2020 2020/04/15875-1587541379_1587541504.jpg

Azərbaycanın milli və regional səviyyədə miqrasiyanın idarə edilməsi sahəsində əldə etdiyi mühüm uğurlar nəzərə alınaraq ölkəmiz Miqrasiya və İnkişaf üzrə Qlobal Forumun Rəhbər Qrupuna üzv seçilib.

Bu barədə Femida.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Qeyd edək ki, 2007-ci ildə təsis edilmiş Miqrasiya və İnkişaf üzrə Qlobal Forum miqrasiya və inkişaf məsələlərinin qlobal miqyasda müzakirə olunduğu, Birləşmiş Millətlər Təşkilatına üzv bütün dövlətlərin, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutlarının iştirak etdiyi ən böyük prosesdir.

Forumun məqsədi miqrasiya sahəsində mövcud regional məsləhətləşmələri dəstəkləmək, eləcə də milli və beynəlxalq səviyyədə miqrasiya və inkişaf üçün vahid yanaşmanı təşviq etməkdir. Hazırda 29 dövlətin təmsil olunduğu Rəhbər Qrup Forumun işinin ümumi strateji istiqamətləndirilməsini həyata keçirir, fəaliyyətdə olan sədrə dəstək verir və prosesin davamlılığını təmin edir. Həmçinin ehtiyac olduqda forumun gündəliyinin və iş planının işlənib hazırlanması ilə əlaqədar onun sədrinə tövsiyələr verir.

Forumun rəhbər qrupunda təmsilçilik ölkəmizin qlobal səviyyədə miqrasiya idarəçiliyində fəal iştirakını təşviq edəcək, Azərbaycanın bu sahədə yaxşı təcrübələrinin bölüşdürülməsinə töhfə verəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 588