Bələdiyyə üzvləri üçün onlayn YADDAŞ KİTABÇASI


15:47     23 Aprel 2020 20_04_23_1587642829.jpg


Bələdiyyə üzvləri və qulluqçuları üçün hər il Ədliyyə Nazirliyi tərəfindən silsilə maarifçilik tədbirləri keçirilir və bir qayda olaraq bələdiyyə üzvlərinin böyük bir qismi bu tədbirlərə cəlb olunur. 23 dekabr 2019-cu il tarixdə keçirilmiş növbəti bələdiyyə seçkilərinin nəticəsində bələdiyyə üzvlərinin tərkibi xeyli yenilənmişdir. İlk dəfə bələdiyyə üzvü seçilmiş şəxslərin yerli özünüidarəetmə sahəsində biliklərinin artırılması çox önəmlidir. Yerli özünüidarəetmənin səmərəliliyi bələdiyyə üzvlərinin bu sahəyə dair normativ hüquqi aktların tələblərini bilməsindən, onlara əməl etməsindən və bələdiyyənin işində fəal iştirak etməsindən çox asılıdır.

Hazırki vəsait ilk növbədə yeni bələdiyyə üzvlərində, əsasən bələdiyyə və bələdiyyə üzvünün statusu barədə ümumi təsəvvür yaratmağa, qanunun tələblərini qavramağa kömək məqsədilə hazırlanmışdır.

Azərbaycan Respublikasının Konstitusiyasından Çıxarış
Maddə 144. Bələdiyyələrin səlahiyyətləri

I. Bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər həll edilir:


1) bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;
2) bələdiyyənin reqlamentinin təsdiq edilməsi;
3) bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi;
4) yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;
5) yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;
6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;
7) yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;
8) yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;
9) yerli ekoloji proqramların qəbul və icra edilməsi.

II. Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər . Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaiti də ayrılmalıdır. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər.

Maddə 145. Bələdiyyələrin qərarları

I. Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir.
II. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
III. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir.

Maddə 146. Bələdiyyələrin müstəqilliyinin təminatı

I. Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası qanunla müəyyən edilir.
II. Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz.
III. Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir.
IV. Qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər.
V. Bələdiyyələrin məhkəmə tərəfindən müdafiəsinə, dövlət orqanlarının qərarları nəticəsində yaranan əlavə xərclərinin ödənilməsinə təminat verilir.

Maddə 1461. Bələdiyyələrin müstəqilliyinin təminatı

Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar.

Maddə 150. Bələdiyyə aktları

I. Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) zidd olmamalıdır.
II. Bələdiyyələrin qəbul etdiyi aktın icrası onun ərazisində yaşayan vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir.

Yerli özünüidarə haqqında əlavə məlumat

1. Yerli özünüidarənin anlayışı
Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüquqları qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Bələdiyyələr öz vəzifələrini yerinə yetirmək məqsədi ilə onların qarşısında məsuliyyət daşıyan, daimi fəaliyyət göstərən icra strukturları yarada bilərlər.

2. Bələdiyyənin iclası

Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır.
Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər.
Bələdiyyənin iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir.
Bələdiyyə iclasının bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıldığı hallar istisna olmaqla, iclasın gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır.
Bələdiyyə, bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə müvafiq surətdə fəaliyyət göstərir. Reqlamentdə bələdiyyə iclasının çağırılması və əhali ilə görüşlərin təşkili qaydaları, bələdiyyənin fəaliyyəti ilə bağlı digər məsələlər əks olunur. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyələr üçün nümunəvi reqlament tövsiyə edilə bilər.
Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
Bələdiyyənin iclasları bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıla bilər.
Bələdiyyənin iclaslarında bələdiyyə üzvlərinin və digər iştirakçıların məsuliyyəti bələdiyyənin nizamnaməsi və reqlamenti ilə tənzimlənir...
Bələdiyyənin iclası bələdiyyənin sədri, sədr olmadıqda isə onun müavini tərəfindən aparılır. İclasın katibi bələdiyyə üzvləri sırasından seçilir. Bələdiyyə sədri, sədr olmadıqda isə onun müavini bələdiyyə üzvlərinin və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasa sədrlik etməkdən boyun qaçırdığı halda iclasın sədri iclasda iştirak edən bələdiyyə üzvləri tərəfindən bələdiyyə üzvləri sırasından seçilir.
Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur.

3. Bələdiyyə üzvü

Bələdiyyə üzvü - bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir. Öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü - bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı alan və əsas iş yeri bələdiyyə hesab edilən bələdiyyə üzvüdür. Elmi, yaradıcılıq və pedaqoji fəaliyyət istisna olmaqla, öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü əsas iş yeri üzrə başqa yerdə işləyə bilməz.
Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz. Bələdiyyə qulluqçusu bələdiyyə üzvü seçildikdə, 3 gün müddətində öz ərizəsinə əsasən bələdiyyə qulluğundan azad edilir. Başqa əsas iş yeri olan bələdiyyə üzvü (sədr və onun müavinləri daxil olmaqla) öz səlahiyyətlərini daimi əsasla icra etmək və əmək haqqını bələdiyyədən almaq üçün bələdiyyəyə yazılı müraciət edir.
Bələdiyyə üzvü səlahiyyət müddəti ərzində hər hansı səbəbdən bələdiyyə tərkibindən çıxdıqda müvafiq bələdiyyə ərazisində Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq seçkilər keçirilir.
Öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvlərinin (sədr və onun müavinləri daxil olmaqla) say həddi hər bir bələdiyyədə qanunvericiliklə müəyyən edilmiş üzvlərin sayından asılı olaraq aşağıdakı kimi müəyyənləşdirilir:
5 və ya 7 üzvü olan bələdiyyələrdə - 2 üzv;
9 və ya 11 üzvü olan bələdiyyələrdə - 3 üzv;
13 və ya 15 üzvü olan bələdiyyələrdə - 4 üzv;
17 və ya 19 üzvü olan bələdiyyələrdə - 5 üzv.

4. Bələdiyyə üzvlərinin statusu

Bələdiyyə üzvlərinin öz səlahiyyətlərini maneəsiz və səmərəli həyata keçirilməsinə, hüquqlarının, şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminat verir.
Bələdiyyə üzvünün səlahiyyət müddəti beş ildir.
Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir.
Bələdiyyə üzvləri bələdiyyənin nizamnaməsinə uyğun olaraq öz səlahiyyətlərini daimi əsasda icra edə bilərlər.
Öz səlahiyyətlərini daimi əsasda icra edən bələdiyyə üzvlərinin bu vəzifələrdə çalışmaqla bağlı sosial təminatları Azərbaycan Respublikasının qanunları və bələdiyyənin nizamnaməsi ilə müəyyənləşdirilir.
5. Bələdiyyə üzvünün hüquqları
Bələdiyyə üzvü bələdiyyənin fəaliyyəti ilə bağlı aşağıdakı hüquqlara malikdir:
Bələdiyyənin daimi və digər komissiyalarına üzvü seçmək və seçilmək;
Bələdiyyənin və onun orqanlarının iclaslarında müzakirə üçün məsələlər təklif etmək, müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək;
Bələdiyyə iclasında müzakirə üçün qərar layihələrini hazırlamaq;
Bələdiyyənin daimi və başqa komissiyalarının iclaslarına təqdim edilmiş məsələlərin müzakirəsində iştirak etmək və təkliflər vermək;
Bələdiyyənin fəaliyəti ilə əlaqədar zəruri məlumat almaq;
Sorğu vermək;
Qanunvericiliyə müvafiq surətdə yerli radio və televiziyadan, mətbu nəşrlərdən istifadə etmək;
Bələdiyyə üzvü bələdiyyə tərəfindən onun səlahiyyətləri daxilində və qanunvericiliyə müvafiq olaraq qəbul etdiyi qərarların pozulmasını aşkar etdikdə onun ərazisində yerləşən həmin pozuntulara yol vermiş şəxslərdən onların aradan qaldırılmasını tələb edə bilər.

6. Bələdiyyə üzvünün vəzifəsi

Bələdiyyə üzvü 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verir.
Bələdiyyə üzvü daimi yaşamaq üçün bələdiyyənin hüdudlarından kənara köçdükdə və ya başqa səbəblərdən öz bələdiyyə ərazisində bələdiyyə üzvlüyü vəzifələrini yerinə yetirə bilmədikdə bələdiyyə üzvlüyü səlahiyyətlərini öhdəsindən götürməsi haqqında bələdiyyəyə ərizə verir.
Bələdiyyənin növbəti yığıncağı bələdiyyə üzvünün ərizəsinə baxıb müvafiq qərar qəbul edir və bu qərarı həmin dairənin seçicilərinin nəzərinə çatdırır.

7. Bələdiyyənin sədri və sədr müavini

Bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur.
Ehtiyac olduqda bələdiyyə bələdiyyə sədrinin müavinlərini seçir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvlərinin yarıdan çoxunun səsini topladıqda seçilmiş hesab olunur.
Bələdiyyənin sədri və onun müavinləri aşağıdakı hallarda bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilən qaydada vaxtından əvvəl vəzifədən azad edilə bilərlər:
- öz arzusu ilə vəzifədən çıxmaq barədə yazılı müraciət etdikdə;
- bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verdikdə;
- bələdiyyə qərarlarının icrasını təmin etmədikdə (qanunvericiliyə zidd olan və həlli imkan səlahiyyətlərindən kənar qərarlar istisna olmaqla);
- əmək qabiliyyətinin fasiləsiz olaraq, 6 aydan çox müddətdə tam itirməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə;
- qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri 3 ay müddətində yerinə yetirmədikdə;
- “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən qaydada yerli büdcənin müzakirəsini və təsdiqini təşkil etmədikdə;-
- qanunvericilikdə və bələdiyyənin nizamnaməsində nəzərdə tutulmuş digər hallarda.
- Bələdiyyənin sədri əmr və sərəncamlar verir, bələdiyyənin qərarlarını imzalayır.
- Bələdiyyə sədrinin müavini bələdiyyə sədrinin ona aid etdiyi məsələləri həll edir, bələdiyyə sədri olmadıqda onun səlahiyyətlərini həyata keçirir.
- Səlahiyyət müddəti bitən və ya vaxtından əvvəl vəzifədən azad edilən bələdiyyə sədri və ya bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxs 10 gün müddətində bələdiyyənin fəaliyyəti ilə bağlı bütün sənədləri bələdiyyənin yeni sədrinə (bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxsə) təhvil verməlidir.

8. Bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi əsasları

Bələdiyyə üzvlərinin səlahiyyətləri aşağıdakı hallarda itirilmiş hesab edilir:
- barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;
- fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;
- Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;
- vəfat etdikdə;
- məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə.

9. Bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi əsasları

Bələdiyyə üzvlərinin səlahiyyətlərinə onların səlahiyyət müddəti qurtardıqda xitam verilir.
Bələdiyyə üzvlərinin səlahiyyətlərinə aşağıdakı əsaslara görə vaxtından əvvəl xitam verilə bilər:
- bələdiyyə seçkiləri zamanı səslərin düzgün hesablanmadığı aşkar edildikdə;
- öz arzusu ilə bələdiyyə üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;
- bələdiyyə üzvlüyünə namizədlər üçün qanunla müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;
- qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında məsul vəzifə tutduqda və ya bələdiyyə qulluqçusu kimi vəzifə tutduqda;
- altı aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə məhkəmə tərəfindən təşkil edilmiş xüsusi həkim komissiyasının rəyi olduqda;
- ardıcıl olaraq üç dəfə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxdıqda və ya il ərzində keçirilən iclasların yarısından çoxunda üzrsüz səbəbdən iştirak etmədikdə.

10. Bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması

- Bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması onların “Bələdiyyə üzvünün statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinin müvəqqəti dayandırılmasından ibarətdir.
- Bələdiyyə üzvlərinin səlahiyyətləri “Bələdiyyələrin statusu haqqında” Qanununun 21-ci və 22-ci maddələrində nəzərdə tutulmuş əsaslarla bələdiyyə üzvünün səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən “Bələdiyyələrin statusu haqqında” Qanununun 23-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq bələdiyyə tərəfindən qərar qəbul edilənədək dayandırılır.

11. Bələdiyyənin vaxtından əvvəl buraxılması

Azərbaycan Respublikası Milli Məclisi ona “Bələdiyyələrin statusu haqqında” Qanunun 52-2-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq müraciət olduqda və bununla əlaqədar bələdiyyənin hesabatının dinlənilməsi nəticəsində onun fəaliyyətini qeyri-qənaətbəxş hesab etdikdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bələdiyyənin vaxtından əvvəl buraxılması haqqında qərar qəbul edir.

12. Bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi qaydası

“Bələdiyyələrin statusu haqqında” Qanunun 21-ci və 22-ci maddələrində nəzərdə tutulmuş əsaslar olduqda bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi Azərbaycan Respublikası Konstitusiyasının 144-cü və 145-ci maddələrinə müvafiq surətdə bələdiyyə iclasının sadə səs çoxluğu ilə qəbul etdiyi qərarı əsasında həll edilir.

“Bələdiyyələrin statusu haqqında” Qanunun 21-ci maddəsinin 1-ci, 2-ci, 3-cü, 5-ci bəndlərində və 22-ci maddəsinin 1-ci, 3-cü, 5-ci, 6-cı bəndlərində nəzərdə tutulmuş əsaslar olduqda bələdiyyənin qərarı məhkəmənin qüvvəyə minmiş qərarından sonra qəbul edilir.

Femida.az

Açar sözlər: #bələdiyyə   #ədliyyə  

Oxunub: 2679