FHN-in qəbul-çeşidləmə məntəqələri fəaliyyətini davam etdirir - VİDEO


17:59     25 Aprel 2020 2020/04/1587822506629_hVBvGBwQ_1587823305.jpg

“FHN koronavirus təhlükəsi ilə əlaqədar Rusiya ilə sərhəddə, Qusar rayonu ərazisində yerləşən “Samur” sərhəd-keçid məntəqəsi yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsi genişləndirilib”.

Bunu APA TV-yə müsahibəsində FHN-in Baş Əməliyyat İdarəsinin rəis müavini, polkovnik-leytenant Ələsgər Əliyev deyib.

Onun sözlərinə görə, sərhəd-keçid məntəqəsində ilkin tibbi müayinədən keçən şəxslərin qəbul-çeşidləmə məntəqəsində fəaliyyət göstərən və hər cür müasir tibbi avadanlıqlarla təchiz edilmiş FHN-in peşəkar tibbi briqadaları tərəfindən təkrar müayinəsi və burada karantin rejimində müvəqqəti qalması təmin edilir.

Ələsgər Əliyev qeyd edib ki, hər hansı şübhəli əlamət aşkar edilən şəxslərin daha dəqiq diaqnoz qoyulması üçün xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya təxliyəsi nəzərdə tutulur: “Nazirliyin tibb xidməti, Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və digər aidiyyəti struktur bölmələri digər dövlət orqanları ilə birgə qarşılıqlı fəaliyyətin icrasını təmin edirlər. Məlum olduğu kimi, Azərbaycan Hökumətinin tapşırığına əsasən, xaricdən ölkəmizə daxil olan vətəndaşların qəbul edilməsi məqsədilə ölkəmizin Rusiya, İran və Gürcüstan ilə sərhəd-keçid məntəqələrində Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul-çeşidləmə məntəqələri yaradılıb. Bu məntəqələrin yaradılmasında əsas məqsəd xaricdən ölkəmizə daxil olan vətəndaşlarımızın qəbul edilməsi, onların ilkin həkim müayinəsindən keçirilməsidir. Həmin dövr ərzində məntəqələrə qəbul edilən vətəndaşların müvəqqəti olaraq karantində saxlanılması nəzərdə tutulub”.

Bu günədək müayinəyə cəlb edilənlərin sayı 8000 nəfərdən artıq olub, onlardan 100 nəfərdə infeksiyaya yoluxma şübhəsi aşkar edilib, daha ətraflı müayinələrin aparılması məqsədilə həmin şəxslərin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə göndərilməsi təmin edilib: “5 aprel 2020-ci il saat 00:00-dan etibarən 4 may 2020-ci il saat 00:00-dək yükdaşımalar istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın tam şəkildə dayandırılması barədə Azərbaycan Respublikası Hökuməti tərəfindən müvafiq qərar qəbul olunub. Bununla bağlı hazırda tərəfimizdən yaradılmış qəbul-çeşidləmə məntəqələri ölkəmizə daxil olan yük avtomobillərinin sürücülərinin qəbul edilməsi, onların həkim müayinəsindən keçirilməsi və müvəqqəti olaraq yüklər aidiyyəti üzrə təhvil verilənədək qəbul-çeşidləmə məntəqələrində saxlanılması istiqamətində fəaliyyət göstərirlər. Yük avtomobillərinin sürücüsü olan xarici ölkə vətəndaşlarında hər hansı yoluxma şübhəsi aşkar olunduğu təqdirdə, həmin şəxslər dərhal sərhəddən geri qaytarılır”.

Ələsgər Əliyevin sözlərinə görə, digər hallarda xarici ölkə vətəndaşı olan sürücülər yüklərini yerli şirkətlərin nümayəndələrinə təhvil verirlər. Onlar gətirdikləri yüklərin qəbul edən tərəfin avtomobillərinə yüklənməsi, sənədləşdirilməsi, bir sözlə, təhvil-təslim prosesi bitənədək qəbul-çeşidləmə məntəqələrində qalırlar.

Bundan başqa, ölkəmizə daxil olan yük avtomobillərinin sürücüsü Azərbaycan vətəndaşı olduqda onların ilkin həkim müayinəsi aparılır, hərəkət marşrutu barədə məlumatları əldə olunmaqla hərəkətinə icazə verilir.

FHN rəsmisi onu da qeyd edib ki, həkim müayinəsi zamanı səhhətində şübhəli əlamət aşkar olunarsa, dəqiq diaqnoz qoyulması üçün onun xüsusi ayrılmış yerli müalicə müəssisəsinə göndərilməsi təmin edilir. Həmçinin tranzit olaraq ölkə ərazisindən keçən yük avtomobillərinin sürücüləri də bir qayda olaraq həkim müayinəsinə cəlb edilir: “Eyni zamanda məntəqələrdə dezinfeksiya tədbirlərinin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Hazırda məntəqələrdə müvəqqəti olaraq qalan yük avtomobili sürücüləri gündə üç dəfə isti yemək və içəcəklərlə təmin olunurlar. Ən əsası isə odur ki, onlar burada qaldıqları müddət ərzində həkim müşahidəsində olur və özləri də ehtiyac duyduqları zaman həkimlərin köməyindən yararlana bilirlər”.

Qəbul-çeşidləmə məntəqələrində normal yaşayış üçün hər cür şərait yaradılıb. İstər qidalanma, istər çadırların isidilməsi, istərsə də sanitar-gigiyenik tələblər yüksək səviyyədə təmin edilib.



Femida.az

Açar sözlər:

Oxunub: 935