Nazirlik müəllimlərin işə qəbulu ilə bağlı məlumat yaydı


20:53     25 Aprel 2020 tehsil_nazirliyi_0443.jpg

Müəllimlərin iş yerinin dəyişdirilməsi elektron qaydada həyata keçirildiyi üçün cari ildə müsabiqənin keçirilməsinə hər hansı maneə yoxdur.

Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, elan ediləcək tarixlərdə qeydiyyatdan keçən və elektron ərizəsini təsdiq edən namizədlər iş yerini dəyişmək imkanı əldə edə biləcəklər.

Nazirlikdən bildirilib ki, ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsinə qeydiyyat başa çatıb, 1400 nəfərə yaxın namizədin elektron ərizəsi təsdiq edilmiş və bununla bağlı digər tədbirlər (elektron ərizələrdəki məlumatların emalı, müsahibə komissiyasının tərkibinin formalaşdırılması və təsdiqi) yekunlaşıb.

Qeyd olunub ki, hazırda müsahibələrin test rejimində onlayn şəkildə təşkili ilə bağlı müzakirələr aparılır: "Bir qayda olaraq yay aylarında keçirilən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin təxirə salınmasına dair hazırda hər hansı bir qərar yoxdur. Müsabiqənin test imtahanı və müsahibə mərhələsinin təşkili ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Ölkədə olan sanitar-epidemioloji vəziyyətdən və bununla bağlı tətbiq ediləcək qaydalardan asılı olaraq müvafiq qərar qəbul ediləcək və bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".

Femida.az

Açar sözlər:

Oxunub: 764