Zamin duranlar mütləq oxusun – Ekspert şərhi


19:48     03 Dekabr 2015 zamin.jpg

“Zaminlər ilk növbədə kredit müqaviləsinə baxsınlar ki, kredit hansı müddətə verilib.”



Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Son günlərin aktual mövzularından biri də, kredit götürülən zaman zaminlik və onun məsuliyyətidir.
Mövzu ilə bağlı suallarımızı maliyyə sahəsi üzrə ekspert, vəkil Əkrəm Həsənov cavablandırıb.

Sual: Zaminliyin müddəti nə qədərdir?




Vəkil Əkrəm Həsənov:
“ Əksər hallarda zaminlik müqaviləsində onun müddəti göstərilmir. Yazılır ki, kredit ödənilənədək zaminlik qüvvədədir. Məsələn, kredit müqaviləsinə görə kreditin müddəti 1 ildir. Borclu krediti ödəmir. Kreditin müddəti bitəndən 2 il sonra bank borclunu və zamini məhkəməyə verir və kreditin ödənilməsini tələb edir. Bank bunu onunla əsaslandırır ki, borcluya münasibətdə iddia müddəti (3 il) ötməyib, zaminin öhdəlik müddəti isə, kredit tam ödənilənədəkdir.

Əslində bu yanlış yanaşmadır. 3 illik iddia müddəti ötməyibsə, doğrudan da bank borcludan krediti tələb edə bilər. Lakin, bunun zaminə aidiyyəti yoxdur. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinin birinci cümləsinə əsasən, zaminliyə xitam verilməsinin əsaslarından biri də budur: “zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda”.

Müddət nədir?

Mülki Məcəllənin 367.2-373.3-cü maddələrində deyilir: “Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 367.3. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Deməli, müddət ya dəqiq tarix olmalı, ya da “hökmən baş verməli olan hadisə”yə bağlı olmalıdır.

Borclunun krediti tam ödəməsi hökmən baş verməli olan hadisədirmi? Xeyr! Çünki kredit ödənilməyə də bilər.

Deməli, zaminlik müqaviləsində zaminin öhdəliyinin borclunun kreditinin tam ödənilməsinədək qüvvədə olması haqda müddəa etibarsızdır və bu, o deməkdir ki, zaminlik müqaviləsində onun müddəti göstərilməyib. Bu halda da Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsi işə düşür: “Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir”. Deməli, əgər kreditin müddəti 1 ildirsə, həmin 1 il bitəndən sonra bank zamindən borcun ödənilməsini yalnız 1 il ərzində tələb edə bilər. Başqa sözlə, yuxarıda gətirdiyim misala qayıtsaq, bank həmin müddəti artıq buraxıb. Buna görə də zaminliyə xitam verilib və zamindən heç nə tələb etmək olmaz.

Buna görə də, zaminlər ilk növbədə kredit müqaviləsinə baxsınlar ki, kredit hansı müddətə verilib. Həmin müddətdən sonra 1 il ötübsə, özlərini zaminlik öhdəliyindən azad hesab etsinlər və bankdan da bunu tələb etsinlər.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 7241