Bərpaolunan enerji mənbələrinə həsr olunmuş iclas keçirilib


17:13     01 May 2020 2020/05/0ab7a263-fb5c-4e45-9663-ba68a0e5a2a8_1588338452.jpg

Azərbaycan Respublikası Prezidentinin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 5 dekabr 2019-cu il tarixli 1673 nömrəli sərəncamı ilə yaradılmış Komissiyanın üçüncü iclası keçirilib.


"Report"un Nazirliyə istinadən verdiyi xəbərə görə, Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə onlayn formatda keçirilən iclasda pilot layihələrin icrası ilə bağlı məsələlər müzakirə edilib.

Nazir Pərviz Şahbazov bildirib ki, bərpa olunan enerji mənbələrindən istifadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən energetika sahəsinin inkişafının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib və cari ilin 9 yanvar tarixində Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə imzalanmış müqavilələrə uyğun olaraq, 240 MVt gücündə külək və 200 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələrin icrası ölkə başçısının diqqət mərkəzindədir. Qlobal səviyyədə müşahidə olunan mürəkkəb şəraitə baxmayaraq, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətlərinin rəhbərləri imzalanmış sənədlərə sadiqliklərini bu yaxınlarda bir daha ifadə ediblər ki, bu da ölkəmizə, Prezident İlham Əliyevə olan inamın və etimadın daha bir göstəricisidir.

Sonra Komissiyanın qarşısında duran vəzifələrin icrası məqsədi ilə yaradılmış işçi qrupları üzrə görülən işlər barədə hesabat dinlənilib.

Layihələrin icrası üçün müvafiq torpaq sahələrinin ayrılması ilə bağlı işlərin böyük hissəsinin artıq görüldüyü bildirilib, qalan işlərin tez bir zamanda başa çatdırılması zəruriliyi vurğulanıb.

Şəbəkənin gücləndirilməsi və şəbəkəyə inteqrasiya üzrə şirkətlərlə müzakirələrin aparıldığı, texniki şərtlərin və sxemlərin təqdim edildiyi bildirilib. Bir sıra məsələlərlə bağlı müzakirələrin davam etdirilməsi zəruri sayılıb.

Hüquqi və institusional məsələlər üzrə görülmüş işlərlə bağlı məlumatlar da diqqətə çatdırılıb. Bildirilib ki, məsləhətçi şirkətlə birlikdə “ACWA Power” və “Masdar” şirkətləri ilə imzalanacaq müqavilələrin layihələri hazırlanıb və bu sənədlərlə əlaqədar hazırda qurumlarla müzakirələr aparılır. İclasda bu işlərin tezliklə başa çatdırılaraq, müqavilə layihələrinin investorlara təqdim olunması və onlarla bu müqavilələr ətrafında müzakirələrə başlanması qərara alınıb.

Həmçinin investorlara veriləcək zəmanətlərlə bağlı beynəlxalq təcrübənin öyrənilməsinin zəruriliyinə toxunulub və bu məsələdə məsləhətçi şirkətin xidmətlərindən istifadə təklif edilib.

Qarşıda duran vəzifələr və görüləcək digər işlər ətrafında da geniş fikir mübadiləsi aparılıb, işçi qruplarının məsləhətçi şirkətlə və layihəni icra edəcək şirkətlərlə görüşlərinin intensivləşdirilməsi qərara alınıb.

Qeyd edək ki, sərəncamın icrası məqsədilə Energetika, İqtisadiyyat, Maliyyə, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Ədliyyə nazirlikləri, Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti, Vergi Xidməti, Mərkəzi Bank, “Azərenerji” ASC, “Azərişıq” ASC, və s. qurumların təmsilçilərindən ibarət 7 işçi qrupu fəaliyyət göstərir.

Femida.az

Açar sözlər:

Oxunub: 932


Oxşar xəbərlər