Bu rayonların icra nümayəndəsi barəsində cinayət işi açıldı
14:23 02 May 2020
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik diqqət və qayğısı sayəsində koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması üçün genişmiqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir.
Baş Prokurorluqdan Femida.az-a daxil olan məlumatda deyilir:
Bununla belə təəssüf ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması hallarına rast gəlinməkdədir.
Prokurorluq orqanları tərəfindən qeyd olunan qanunsuz hallara qarşı qanunamüvafiq tədbirlər davam etdirilir.
Şirvan, Naftalan şəhər, İmişli və Bərdə rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə şəhər və rayon icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olmuş müraciətlərə baxılıb.
Araşdırmalarla Şirvan şəhər İcra Hakimiyyəti Başçısının Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi vahidi üzrə nümayəndəsi Pünhan Mənsimov və 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəqani Həsənov tərəfindən vəzifə saxtakarlığı edilməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verilməsinə əsaslı şübhələr müəyyən olunub.
Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Cabbarov tərəfindən də eyni məzmunlu qanun pozuntusuna yol verilib. Belə ki, Asəf Cabbarovun da vəzifə saxtakarlığı etməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verməsinə əsaslı şübhələr müəyyən olunub.
Eləcə də, İmişli Rayon İcra Hakimiyyəti başçısının Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafael Həsənovun da vəzifə saxtakarlığı edərək xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verməsinə şübhələr üçün əsaslar müəyyən olunub.
Bundan başqa, Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azad Salmanovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rayon daxilində səyyar formada kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsinə icazə üçün müraciət etmiş ayrı-ayrı şəxslərə arayışlar təqdim edərkən qanunsuz hərəkətlərə yol verməsinə şübhələr müəyyən edilib.
Qeyd olunan şəxslər müvafiq rayon İcra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad ediliblər.
Toplanmış materiallar üzrə Şirvan şəhər, Goranboy, İmişli və Bərdə rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanılıb.
Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir.
Femida.az
Oxunub: 1401
Oxşar xəbərlər
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Cinayət törədərək gizlənən 28 nəfər ötən bir ildə ölkəyə ekstradisiya edilib
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- Sumqayıtda zavoda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb
- "Patrul.az” xəbər portalının təsisçisi barəsində cinayət işi başlanılıb
- Azərbaycan Baş Prokurorluğu: "Ermənistanın təxribatları ilə bağlı cinayət işləri başlanılıb"
- "Tərtər işi" ilə bağlı 26 şəxs barəsində cinayət işi üzrə hökmlər ləğv edilib
- Lerikdə baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb
- Bakıda həyətdə qumbara partladılması ilə bağlı cinayət işi başlanılıb
- Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb, bir nəfər həbs edilib