Koronavirus fors major hal sayıla bilərmi? - TƏHLİL


15:16     02 May 2020 20_05_02_1588418155.jpg


2019-cu ilin dekabrında Çinin Vuhan şəhərində ortaya çıxan və digər ölkələrə yayılan, hətta təsiri artıq ölkəmizdə hiss olunmuş koronavirusun (Covid-19) tibbi və sosial nəticələrindən başqa hüquqi nəticələr doğuracağı da bəlli idi. Bu epidemiyanın ilk təsir obyekti müqavilələrdir. Günümüzdə tərəflər arasında bağlanan müqavilələrin çoxunda «Fors-major» olaraq adlandırılan bir maddə yer alır. Fors-major kəliməsi fransız dilindən tərcümədə « fövqəl güc » kimi tərcümə edilir. Bu maddə ümumiyyətlə, öncə fors-major sayılan hadisələri ifadə edib, daha sonra bu hadisələrin meydana gəlməsi halında müqavilə tərəflərinin nə tərzdə hərəkət etmələrini və bunun hüquqi nəticələrini göstərən maddə olaraq qarşımıza çıxır.

Beynəlxalq hüquq sistemində də yer alan bir anlayış olaraq, fors-major elə bir müqavilə şərtidir ki, fors-major sayıla bilən hallardan biri baş verərsə, onda bu tərəflərə müqaviləyə bütünlükdə və ya qismən xitam vermək və ya müqavilənin icrasını dayandırmaq hüququ verir. Bu açıqlamadan yola çıxaraq koronavirusun Azərbaycan, eləcə də qonşu Türkiyə və Avropa ölkəsi olan Fransa qanunvericiliyi baxımından fors-major hal sayılıb-sayılmayacağını araşdıracağıq.

İlk olaraq Azərbaycan mülki məcəlləsinə nəzər yetirdikdə görə bilərik ki, maddələrdə bir başa fors-major anlayışına yer verilmir. Belə ki, Mülki Məcəllənin 448.4 maddəsinə görə “Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin”. Bu maddədə, o, maneənin tərəfin iradəsindən asılı olmayaraq və ya müqavilə bağlanarkən belə bir maneənin çıxmasını gözləməyin mümkünsüz olduğunu sübut etməlidir. Həmin maddənin davamında borclunun maneədən xəbərdar olması və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməli olduğu qeyd edilir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

Fors-majorla bağlı digər qanunvericilik aktlarında da rastlaşmaq olar. Məsələn Vergi Məcəlləsinin 55.1-ci maddəsinə nəzər yetirdikdə, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunun təbii fəlakət, yaxud digər fövqəladə və qarşısıalınmaz hadisələr nəticəsində törədilməsi məsuliyyəti istisna edən hal kimi göstərilir. “Gömrük Məcəlləsinin” 1.0.9-cu bəndində “fors-major hallar – baş verməsi əvvəlcədən ehtimal edilməyən və müvafiq şəraitdə qarşısının alınmasının mümkün olmaması nəticəsində şəxslərin öz öhdəliklərini yerinə yetirməsinə maneçilik törədən, ləngidən fövqəladə hallar, təbii fəlakətlər, yaxud ictimai-siyasi hadisələr” kimi göstərilir.

Fors-major (mücbir sebep) anlayışına Türkiyə qanunvericiliyində də yer verilib. Bu anlayışın Türkiyədə tətbiq edilməsi, Ali Məhkəmənin (Yargıtay) rəyləri və doktrinal açıqlamalara söykənir.

Fövqəlada vəziyyət tərəflərin fəaliyyətlərindən xaricdə baş verən, ümümi davranış formasının və ya borcun mütləq və qaçınılmaz şəkildə pozulmasına səbəb olan, qabaqcadan qarşısı alınması mümkün olmayan hadisədir. Zəlzələ, sel, yanğın və epidemiya kimi təbii fəlakətlər fors-major hal hesab olunur.

Bununla yanaşı, Türkiyə «Öhdəlik qanunu»nda (Borçlar hukuku) fors-major halına görə öhdəliyin yerinə yetirilməsi çətinliyi (maddə 138) və yerinə yetirmə imkansızlığı (maddə 136) anlayışları yer almaqdadır. Bu maddələr sözləşmənin tərəfi olan borclunun öhdəliklərinin yerinə yetiriləməməsi, fors-major hallarda yaranarsa, onun məsuliyyətdən azad edilməsinin hansı hallarda mümkün olduğunu bizə göstərir.

Fransada Fors-major anlayışının kökü Fransa “Mülki Qanun”una əsaslanır. Belə ki, Fransa Mülki Məcəlləsinin 1218-ci maddəsində fors-major anlayışı qeyd edilib. Bu maddə üç şərtin meydana gəlməsi ilə tərəflərin öhdəliklərinin icra edilməsindəki çətinliyin fors-major hal kimi xarakterizə edir:

- Tərəflərin nəzarəti xaricində meydana gəlməsi
- Sözləşmə imzalandığı tarixdə hadisənin bilinmədiyi və bilinməsi mümkün olmaması
- Gerçəkləşən hadisənin nəticələrinin qarşısının alınmasının mümkün olmaması


Fransa Mülki məcəlləsinin 1351-ci maddəsinə əsasən sözləşmə tərəfləri fors-major vəziyyətində belə, öhdəliklərini həyata keçirəcəklərini müqavilədə qeyd edə bilərlər.

Üç ölkənin qanunvericiliyindən çıxış edərək fors-major anlayışını aydınlaşdırmış olduq. Bəs koronavirus (Covid-19) müqavilə tərəfləri üçün fors-major hal hesab edilirmi?

Bütün fors-major vəziyyətlərə nəzər yetirdikdə, müqavilələr baxımından, borc öhdəliyinin yerinə yerinə yetirilməsi üçün koronavirus epidemiyası və bu çərçivədə tətbiq edilən tədbirlər və ya meydana gələn xaos arasında əlaqə olarsa, o zaman fors-major hal olaraq qəbul edilməlidir.

Bundan başqa, koronavirusun fors-major hal sayıla bilməsi üçün iki məsələni də aydınlaşdırmaq lazımdır:

1) Müvafiq tədbirlərin həyata keçirilməsi ilə bu virusun təsirinin qarşısını almaq mümkündürmü?
2) Müqavilə bağlandığı zaman hadisənin baş verməsi öncədən seziləndirmi?


Virusun varlığı həmin anda fors-major səbəb sayılmasa da, daha sonra onun nəticələri gözlənilməz və qarşısıalınmaz kimi qiymətləndirilə bilər. 28 fevral 2020-ci il tarixində Fransa İqtisadiyyat naziri Bruno Le Maire, koronavirsun şirkətlər üçün fors-major vəziyyət olduğunu açıqladı. Daha əvvəlki epidemiyalarda və digər fövqəladə hallara dair Türkiyə Ali Məhkəməsinin qərarlarında da fors-major vəziyyətlər üçün hadisənin şərtlərini və müqavilənin öhdəliklərini nəzərə alaraq qərar verdiyini görə bilərik.

Koronavirus bəzi müqavilələr üçün fors-major hal kimi qiymətləndirilsə də, bəzi sözləşmələrin yerinə yetirilməməsi üçün səbəb ola bilməz. Üstəlik xəstəliyin yayılma sürəti və buna qarşı görülən tədbirlər, şərtlərin intensiv şəkildə yenilənməsidə istisnasız rol oynayacaq. Müqavilə öhdəlikləri və hadisənin şərtləri araşdırılarkən, koronavirusun öhdəlikləri yerinə yetirmək üçün əngəl olduğu aşkar edilərsə, öhdəliklərin icrasının dayandırılmasının daimi və ya müvəqqəti olduğunu müəyyənləşdirmək lazımdır. Bəzi münasibətlərdə tərəflərin öhdəliklərinin xəstəliyin təsirini itirməsinə qədər təxirə salınması mümkündürsə, bunu öhdəliklərin icra edilməməsi üçün müvəqqəti maneə hesab etmək olar. Öhdəliklərin icrasındakı mümkünsüzlüyə müəyyən qadağaların təsiri səbəb ola bilər. Belə ki, uçuşların dayandırılması, vətəndaşların hərəkət sərbəstliyinin məhdudlaşdırılması və s. öhdəliklərinin icrasına təsir göstərə bilər.

Müqavilədə fors-major maddəsinə yer verilmədiyi təqdirdə, koronavirus epidemiyası və ya bu epidemiya çərçivəsində görülən tədbirlərin öhdəliklərin icrasında çətinlik törətdiyini isbatlanması halında fors-major vəziyyətin mövcud olduğu qəbul edilə bilər.

Ölkələrdəki mövcud karantin rejimini və qadağaları nəzərə alsaq, fors-major vəziyyətinin mövcudluğu göz qabağındadır. Müqavilə tərəfləri koronavirus epidemiyası səbəbi ilə müqavilə şərtlərini yenidən gözdən keçirməli və öz öhdəliklərini mövcud vəziyyətə görə icra etməlidirlər. Xüsusilə də zərərçəkmiş tərəfin təklifləri nəzərə alınmalıdır.

Son olaraq bildirmək istərdim ki, tərəflər müqavilə bağlayarkən uyğunlaşma qeydlərinə yer verməlidirlər. Bu, o deməkdir ki, xəstəliyin öncədən bilinməyən təsirlərinin meydana çıxması və ya uzum müddət davam etməsi halında, bu bəndə əsasən öhdəliklərin icrasını tənzimləmək mümkün olacaq. Çox güman ki, bundan sonra bağlanan müqavilələrdə fors-major bəndi daha diqqətli və geniş bir şəkildə nəzərə alınacaq. Hətta « koronavirus (Covid-19) və bənzər epidemiyalar » ifadəsinin bu bənddə yer almasını görə bilərik.

Müəllif: Hüquqşünas Mehman Məhərrəmov



İstifadə olunan mənbələr:

1. https://www.village-justice.com/articles/coronavirus-ses-consequences-sur-les-contrats-commerciaux-cas-force-majeure,34373.html
2. https://blog.isteasistan.com/tr/corona-virus-pandemisinin-etkisi-mucbir-sebep-tartismasi-44?from%3Alinkedin&fbclid=IwAR0Zdo3eTHZq8QmVpJ_YYw6Z3f7Ch5gA-JIp5EzWx4tdKRfrUE8xFI_WWT8
3. https://www.village-justice.com/articles/covid-force-majeure-les-contrats-prives,34404.html
4. https://aynha.az/index.php?lang=az&page=10&dataID=37
5. https://www.sinerjias.com.tr/pg/pdf/sozlesmeler-hukuku-acisindan-koronavirusu.pdf

Açar sözlər: #müqavilə   #hüquq   #qanun   #təhlil   #araşdırma   #hüquqşünas   #Türkiyə   #Fransa   #koronavirus   #forsmajor  

Oxunub: 11362