123 minə yaxın sahibkar maliyyə dəstəyi üçün müraciət edib


15:40     07 May 2020 2016-06-10-bdYas2-vergiden-yayinmaq-daha-da-cetinleshir.jpg


Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.


Femida.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, indiyə qədər Nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 26 245 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 96 625 fərdi (mikro) sahibkar, ümumilikdə 122 870 vergi ödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 251 101 işçini əhatə edən 26 245 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyə qədər təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 86,8 mln manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 43,4 mln manat təşkil edir. Mayın 6-na Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 21 316 vergi ödəyicisinə 189 258 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 42,8 mln manat vəsaitin köçürülməsini təmin edib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 87 007 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 52,8 mln manat təşkil edir. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 51,5 mln manat manat vəsaitin 84 117 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsini təmin edib.

Femida.az

Açar sözlər: #sahibkar  

Oxunub: 509