Azərbaycanda tanınmış alim vəfat edib


12:35     09 May 2020 20_05_09_1589013385.jpg

Tanınmış bioloq alim, Fiziologiya İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Telman Ağayev mayın 9-da 84 yaşında vəfat edib.

AMEA-dan Femida.az-a verilən məlumata görə, Telman Məmmədəli oğlu Ağayev 1935-ci il oktyabr ayının 10-da Qərbi Azərbaycanın (indiki Ermənistanın) Sisyan rayonunun Vaqudi kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsini bitirib.

O, 1993-1995-ci illərdə Azərbaycan Elmlər Akademiyasının A. İ. Qarayev adına Fiziologiya İnstitutunda elmi işlər üzrə direktor müavini, 1995-2013-cü illərdə institutun direktoru vəzifəsində çalışıb.

T. Ağayev təkamül fiziologiyası və biokimyası sahəsində mütəxəssis idi. O, filo- və ontogenezin ayrı-ayrı səviyyələrində duran orqanizmlərin mərkəzi sinir sisteminin sensor və hüceyrə biokimyası üzrə elmi istiqamətin təşkilatçısı və ardıcıl davamçısı kimi tanınırdı.

Alim 340 elmi əsərin, o cümlədən 10 monoqrafiyanın müəllifi idi. Onun rəhbərliyi ilə 10 elmlər doktoru, 37 fəlsəfə doktoru hazırlanıb.

Azərbaycan Biokimya Cəmiyyətinin sədri, Avropa Biokimyaçılar Cəmiyyətinin üzvü, Fizioloqlar Cəmiyyətinin prezidenti idi. AMEA-nın “Xəbərləri” (biologiya və tibb elmləri seriyası), “Ekoenergetika” və Gürcüstan EA “Xəbərləri” jurnallarının redaksiya heyətinin üzvü idi. YUNESKO-nun etika, bioetika və texnologiya üzrə milli komitəsinin və Beyin tədqiqatçıları üzrə Beynəlxalq Təşkilatın üzvü idi.

2013-cü ildə Avropa Elmi-Sənaye Palatası tərəfindən peşəkar fəaliyyətinə görə diplom və qızıl medalla təltif edilib.

Açar sözlər:

Oxunub: 763