Bakıda qadınlara qarşı cinayət törədən şəxsin məhkəməsi başlayır


14:33     15 May 2020 1414572607_mehkeme-cenubnews.jpg

Bakıda quldurluq etməkdə təqsirləndirilən Mirzə Əliyevin qardaşlarının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Səbuhi Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Nəsimi rayonu Mirəli Qaşqay küçəsi, ev 20 ünvanında baş verib.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edən zərərçəkən binanın girişində ona naməlum şəxsin hücum etdiyini bildirib. Qadının bildirdiyinə görə, həmin şəxs zorakılıq hərəkətləri ilə ondan içərisində 3 200 manat, şəxsi sənədlər, bank kartları və bir ədəd "Samsung” markalı mobil telefon olan çantanı talayaraq qaçıb.

Quldurluq cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini Mirzə Əliyev saxlanılaraq istintaqa təqdim edilib.

Araşdırma zamanı saxlanılan şəxsin qeyd edilən hadisədən bir neçə ay əvvəl zərərçəkən qadına qarşı başqa cinayət törətdiyi də müəyyən edilib.

Belə ki, Mirzə Əliyev 2019-cu il sentyabrın 13-də həmin qadın Nəsimi rayonundakı marketlərdən birindən çıxarkən ona əlində olan paketləri daşımağa kömək etmək adı ilə yaxınlaşıb. Paketləri evə qaldırandan sonra zərərçəkən qadın Mirzə Əliyevə su gətirmək üçün mətbəxə keçən zaman xanımın içərisində 2 350 manat olan çantasını oğurlayaraq hadisə yerindən qaçıb. Sonuncu dəfə isə qadını bankomatdan pul çıxaran zaman görən Mirzə Əliyev onu təqib edərək binanın girişində ona hücum edib.

Mirzə Əliyev barəsində Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 177.1 (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama ) və 181.2.2 (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın, təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.

Açar sözlər:

Oxunub: 646