Sahibkarlığın inkişafında bələdiyyələrin rolu


17:52     15 May 2020 sahibkarlar.jpg


Bazar iqtisadiyyatının formalaşdığı hər bir cəmiyyətdə sahibkarlıq fəaliyyəti bu prosesin əsas hərəkətverici qüvvəsidir. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra sahibkarlıq fəaliyyəti ölkədə bazar münasibətlərinin inkişafının, ölkə əhalisinin maddi rifah halının və sosial – mənəvi səviyyəsinin yüksəldilməsinin, cəmiyyətin sosial sabitliyinin, ölkənin iqtisadi suverenliyinin və siyasi müstəqilliyinin, yeniliklərə əsaslanan istehsalın inkişafının təmin edilməsinin, bazar prinsipləri üzərində qurulan iqtisadi mexanizmin yaradılmasının vacib amillərindən birinə çevrilmişdir.


Sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması Azərbaycan Respublikası Prezidentinin iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Sahibkarlığın dinamik inkişaf etdirilməsi və genişləndirilməsi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və onların hüquqlarının etibarlı müdafiə mexanizmlərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, ölkədə güclü özəl sektor formalaşmış, biznes və investisiya mühiti daha da yaxşılaşmış, sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsi olmuşlar.
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi” haqqında Fərmanı ilə ölkədə investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və səmərəli əlaqələndirmənin tətbiqi, mikro, kiçik və orta sahibkarlığın (bundan sonra - KOB) ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması, maliyyə resurslarına KOB subyektlərinin çıxış imkanlarının genişləndirilməsi və institusional dəstək mexanizmlərinin formalaşdırılması, sahibkarlığın hüquqi təminatının gücləndirilməsi və regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması əsasında dayanıqlı inkişafın təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” yaradılmışdır.
Eyni zamanda son illərdə sahibkarlığın inkişafına dövlətin maliyyə dəstəyi daha da güclənmiş, güzəştli kreditlərin həcmi əhəmiyyətli dərəcədə artmışdır. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və bu sahəyə dövlət qayğısının artırılması məqsədilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına sahibkarlara güzəştli kreditlər verilmişdir.
Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da öz müsbət əksini tapmışdır. Təsadüfi deyildir ki, Dünya Bankının “Doing Business 2019” hesabatına görə, Azərbaycan əvvəlki illə müqayisədə reytinqdə 32 pillə irəliləyərək, 57-ci yerdən 25-ci pilləyə yüksəlib. Sənədə əsasən, 10 indikatordan 8-i üzrə öz mövqeyini daha da yaxşılaşdıran Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur.
Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş azad sahibkarlıq hüququ hər kəsin qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə sahibkarlıq və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilməsini ehtiva edir. Konstitusiyaya görə Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə isə inhisarçılığa və haqsız rəqabətə yol verilmir.
“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sahibkarlıq fəaliyyəti dedikdə, şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət nəzərdə tutulur.
Dünya təcrübəsi göstərir ki, azad sahibkarlıq dövlətin və cəmiyyətin gələcək inkişafında mühüm rol oynayır. Ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşdırılmasına dövlət tərəfindən daim qayğı göstərilir. Bu məqsədlə sahibkarlığın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli məhsulların istehsalı ölkə prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biridir.
Sahibkarlığın inkişafı sahəsində qəbul edilmiş normativ hüquqi aktlar bütövlükdə sahibkarlığın, xüsusilə də regionlarda yeni sahibkarlıq subyektlərinin fəaliyyətinin genişlənməsinə təkan vermişdir. Mütərəqqi islahatların həyata keçirildiyi şəraitdə sahibkarlığın dəstəklənməsi sahəsində bələdiyyələrin iştirakının aktivləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Beynəlxalq təcrübədə bələdiyyələrin fəaliyyətinin mühüm istiqamətlərindən biri bələdiyyə sahibkarlığının inkişaf etdirilməsidir. Qərbi Avropa ölkələrində (Böyük Britaniya, Fransa, Almaniya, Norveç, İsveç və s.) bələdiyyə sahibkarlığının inkişafı məhz kiçik sahibkarlığın hesabına təmin olunur. Kiçik iqtisadiyyatda kapital daha sürətlə dövr edir. Kiçik bələdiyyə müəssisələrində kapitalın passiv hissəsinin xüsusi çəkisi aşağı olur. İşçi qüvvəsi daha çox yüklənir və əmək məhsuldarlığı yüksək olur.
Həmçinin beynəlxalq təcrübədə bələdiyyə müəssisələrinin üstünlüklərindən biri də sosial sahədə gərginliyin azaldılmasında böyük rol oynamalarının nəzərə alınmasıdır. Belə ki, müəyyən səbəblərdən və ixtisar olunmaqla işsiz qalan mütəxəssislər kiçik müəssisələrdə işə cəlb olunurlar. Həmçinin yerli şəraitə uyğun kiçik müəssisələrin təşkili həm yerli xammaldan, həm də əmək ehtiyatlarından səmərəli istifadəyə münbit şərait yaradır.
Bələdiyyə müəssisələrinin və o cümlədən xidmət sahələrinin yaradılması bizim ölkədə də vacib məsələlərdəndir. Bu istiqamətdə inkişafın təmin edilməsində yerli büdcə vəsaitləri, qrant və kreditlərdən istifadə oluna bilər. Yerli maliyyə vəsaitlərinin az olması daha optimal variantların seçilməsini, daha az kapital qoyuluşu tələb edən layihələrin həyata keçirilməsini zəruri edir.
Bələdiyyə müəssisələri, o cümlədən xidmət sahələrinin yaradılması məqsədilə ilk növbədə ərazilərin malik olduqları təbii və iqtisadi potensial öyrənilməlidir. Təbii potensial dedikdə torpaq, su, meşə, relyef, enerji mənbələri, otlaqlar, biçənəklər, bulaqlar, mineral sular, iqlim və digər təbii sərvətlər (daş, qum, əhəng, gil) nəzərdə tutulur. İqtisadi potensial dedikdə isə ərazinin infrastrukturu, istehsal və emal müəssisələrinin mövcudluğu, texniki vasitələr, qurğular və digər istehsal vasitələri, əmək ehtiyatları, mədəni-məişət və idman obyektləri və sair nəzərdə tutulur.
Yerli özünüidarə orqanlarının bələdiyyə mülkiyyəti sahəsində səlahiyyətləri bələdiyyə mülkiyyətinin artırılması və inkişaf etdirilməsi məqsədinə xidmət etməlidir. Dövlət bələdiyyə mülkiyyətini müdafiə edir, subsidiya və subvensiyalar, kreditlər, qrantlar vermək yolu ilə onun inkişafına imkan yaradır. Bütün bunlar imkan verir ki, bələdiyyə təsərrüfatı səmərəli şəkildə idarə olunsun, bələdiyyə qurumlarına əhalinin tələbatını təmin etməsi üçün zəruri şərait yaradılsın.
Bazar iqtisadiyyatının formalaşması şəraitində regionların sosial-iqtisadi inkişaf problemlərinin həlli dövlət, yerli özünüidarəetmə orqanları və özəl sektorun səylərinin əlaqələndirilməsinin nəticəsindən, habelə bələdiyyə qurumlarının dayanıqlı sosial-iqtisadi vəziyyətindən asılıdır.
Bələdiyyələr regionun, ərazinin təbii və sosial-iqtisadi potensialından, əmək ehtiyatlarından, yerüstü və yeraltı sərvətlərindən, su və torpaq ehtiyatlarından səmərəli istifadə etməklə müvafiq ərazinin inkişafını və əhalinin rifahını yüksəltmə imkanlarına malikdirlər. Bu baxımdan, bələdiyyələrin mövcud olduğu ərazinin iqtisadi potensialının formalaşmasında iştirakı zəruridir. Xüsusilə sahibkarlığın inkişafına aid dövlət proqramları çərçivəsində bələdiyyələr öz ərazilərində kiçik sahibkarlıq üçün münbit şərait yaratmaqla öz təsərrüfat subyektlərini təşkil edərək bölgə iqtisadiyyatının dinamik inkişafına təkan verə bilərlər.
Məlum olduğu kimi, bələdiyyə qurumlarının əhatə etdikləri şəhərlər, qəsəbələr və kəndlər özünəməxsus ərazi istehsal və təsərrüfat kompleksləridir. Bələdiyyələrin kompleks inkişafı yerli təsərrüfatların səmərəliliyinin artırılması, sosial-mədəni və ekoloji məsələlərin həlli, habelə əmək, təbii və digər yerli ehtiyatlardan istifadə etməklə vətəndaşların həyat və istirahəti üçün zəruri şərtlərin yerinə yetirilməsi məqsədlərinə xidmət edir. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununda bələdiyyələrin bu istiqamətdə məqsədli proqramların tərtib edilməsi hüquqları müəyyən edilmişdir. Yerli sosial müdafiə və sosial inkişaf proqramlarında məqsəd yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar aqrar, sənaye, rabitə, nəqliyyat və digər sahələri əhatə edə bilər. Yerli iqtisadi inkişaf proqramlarında bələdiyyə torpaqlarından və onların mülkiyyətində olan əmlakdan səmərəli istifadə yolları göstərilməlidir.
Qanunvericiliyə uyğun olaraq bələdiyyələr təsərrüfat fəaliyyəti ilə və qanunla qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yarada bilər, onların yenidən təşkili və ləğvi məsələlərini həll edə bilərlər. Yerli özünüidarə orqanları bələdiyyə müəssisə, təşkilat və idarələrinin idarə olunmasında geniş hüquqlara malikdirlər. Bələdiyyələrin təsis etdiyi kommersiya hüquqi şəxsləri mənfəət vergisini yerli büdcəyə ödəyirlər.
“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi yerli vergilərin tərkibinə daxildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 104.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin bütün gəlirləri ilə gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. 105.1-ci maddədə isə göstərilir ki, müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər.
Hazırkı dövrdə bələdiyyələr mütərəqqi idarəçilik metodlarından istifadə edərək cəsarətli və təşəbbüskar addımlar atmaqla bələdiyyə müəssisələrinin, xidmət sahələrinin yaradılması istiqamətində müsbət nəticələr əldə edə bilərlər. Bu məqsədlə şəhər və qəsəbə bələdiyyələri kiçik həcmli istehsal və xidmət sahələrinin yaradılması, kənd bələdiyyələri isə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən hazır məhsulun digər şəhər və qəsəbə bələdiyyələri ilə qarşılıqlı müqavilə əsasında realizə edilməsi sahəsində müəssisələrin yaradılmasını həyata keçirə bilərlər.
Şəhər və qəsəbə bələdiyyələri bu məqsədlə inzibati ərazidə bərbərxana, dərzixana, kiçik avtotəmir və yuyucu sexləri, plastik və digər materiallardan qapı və pəncərələrin düzəldilməsi və sair xidmət obyektlərinin təşkilini həyata keçirə bilərlər.
Kənd bələdiyyələri isə öz ərazilərində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün kiçik sexlər yarada, təbii sərvətlərdən (ağac, çınqıl, qum, gil və sair) istifadə edərək xammal, yarımfabrikat və hazır məhsul istehsalı üzrə sexlər təşkil edə bilərlər.
Q eyd olunanlarla yanaşı, turizm sektorunu inkişaf etdirməklə də ölkənin iqtisadiyyatına gəlir təmin edilə, məşğulluqla yanaşı, sahibkarlığın inkişafına da dəstək verilə bilər. Bununla əlaqədar bələdiyyələr öz hüdudları çərçivəsində turizmin inkişafına müsbət təsir göstərən müxtəlif xidmətlər həyata keçirə bilər. Bu xidmətlər yerli vəsaitə uyğun olaraq, bələdiyyənin səlahiyyətləri və maliyyə imkanları çərçivəsində həyata keçirilməlidir. Müxtəlif sahələri əhatə edən bu xidmətləri təşkil etmək üçün, əslində bir o qədər də maliyyə resursu tələb olunmur. Bələdiyyə daxili imkanlarla və könüllülərin, xüsusilə gənclərin dəstəyi ilə bu layihələri həyata keçirə bilər. Misal olaraq, kənd yerlərində çoxsaylı ailə fermer təsərrüfatları vardır ki, onların istehsal etdiyi kiçik həcmli kənd təsərrüfatı məhsullarını bazarlara çıxarmağa imkanları məhduddur. Nəticə etibarı ilə, ailə özünü lazımi qədər məhsulla təmin etdikdən sonra artıq qalan məhsul istifadə edilmir ki, bu da ailə büdcəsinə ziyan vurur. Yerli özünüidarəetmə orqanları öz xidmətlərini göstərməklə, bu problemin həllinə qismən də olsa yardımçı ola bilər. Əhalidən məhsulu toplamaq məqsədilə kiçik tədarük məntəqəsi yaradılmaqla, burada yığılan məhsul müvafiq müştərilərə çatdırıla bilər. Artıq qalan məhsulu bələdiyyə hüquqi şəxs təsis etməklə öz ərazisində kiçik bazar yaradaraq sata bilər. Bu xidməti göstərməklə bələdiyyə yerli əhali və turizm obyektləri ilə yanaşı, buraya gələn turistlərin məmnunluğunu da təmin etmiş olar.
Bununla yanaşı, bələdiyyə öz ərazisində turizm marşrutlarına yaxın bir yerdə tələbatdan və turizm növündən asılı olaraq, müxtəlif turizm əşyalarının kirayəsini təşkil edə bilər. Məsələn: meşəlik və dağlıq ərazilərdə bu velosiped, çadır, manqal və s. dənizkənarı turizm zonalarında çətir, tilov, üzgüçülük vasitələri və s. ola bilər. Bələdiyyə bunları təşkil etmək və ərazini turistlər üçün daha da cəzbedici etməklə, həm də əlavə gəlir mənbəyi əldə etmiş olur.
Bəllidir ki, hər bir turist getdiyi yerdən kiçik də olsa, suvenir və ya həmin regionun məşhur bir məhsulunu almağa cəhd edir. Ölkəmizdə bəzi bölgələr öz “brend” turizm məhsulları ilə məşhurlaşa bilsələr də turizm potensialına malik bir çox yerlər hələ də turistləri cəlb etmək baxımından rəqabətdə geri qalırlar. Ərazinin turizm cəhətdən təşviqinə böyük təsir göstərən belə “brend” məhsullar, adətən kənd təsərrüfatı məhsulu, sənətkarlıq nümunələri və s. ola bilər.
Ölkəmizin bir çox bölgələri özünəməxsus kənd təsərrüfatı məhsulları ilə tanınır. Həmin məhsulları turizmi təşviq etmək məqsədilə regionun kənd təsərrüfatı brendinə çevirmək mümkündür. Daha çox məhsul yığımı zamanı müxtəlif maraqlı tədbirlər təşkil etməklə, yerli və beynəlxalq turistlər regiona cəlb oluna bilər. Belə tədbirlərdə təkcə bir məhsulu deyil, eyni zamanda həmin brenddən hazırlanmış digər məhsulları da gələn qonaqlara təqdim etmək fürsəti yaranır. Bu məhsulların satışından ilk növbədə, yerli əhali və sahibkarlar faydalanır ki, bu da yerli iqtisadi inkişafa kifayət qədər öz töhfəsini verir. Sözsüz ki, belə geniş miqyaslı tədbirlərin təşkili təkcə bələdiyyələrin işi deyil, lakin onlar müəyyən təşəbbüslərlə çıxış edərək belə tədbirlərin təşkilində yaxından iştirak edə bilərlər. Bələdiyyələr tələb və təklifə uyğun olaraq qeyd olunanları həyata keçirməklə, turizmin inkişafına öz töhfələrini verə bilər. Belə layihələr bələdiyyə büdcəsinə əlavə gəlir gətirməklə yanaşı, ölkəmizə gələn turistlərin göstərilən xidmətlərdən razı qalmasını da təmin edə bilər.
Yerli özünüidarəetmə orqanları turizmin, eləcə də tibbi turizmin inkişafında mühüm rola malikdir. Bələdiyyələr əhali ilə bilavasitə təmasda olduğundan, onların maraqlarının, arzu və təkliflərinin nəzərə alınmasını təmin etməklə yerli və regional səviyyədə turizmin inkişafında müstəsna xidmətlər göstərə bilərlər. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərindən istifadə edərək mülkiyyətində olan torpaq sahələrində müəyyən infrastruktur yaratmaq və ya hər hansı tibbi turizm obyektini inşa etmək məqsədi ilə investorları cəlb etməklə yerli büdcə üçün davamlı gəlir mənbəyi əldə edə bilərlər.
Hesab edirik ki, bu tədbirlər nəticəsində bələdiyyələrin sahibkarlığın inkişafında iştirakı ölkədə baş verən urbanizasiya proseslərinə də öz təsirini göstərə bilər. Belə ki, səmərəli fəaliyyət göstərən kənd və qəsəbə bələdiyyələri nəinki öz ərazilərində yaşayan əhali üçün məşğulluq sahələrini genişləndirməklə insanların şəhərlərə axınının qarşısını ala bilər, hətta şəhərdən kəndə axının güclənməsinə səbəb olar.
Ölkəmizdə 2025-ci ilədək olan dövr üçün yoxsulluğun azaldılması və iqtisadi inkişafa dair milli iqtisadiyyatın demək olar ki, bütün sektorlarını əhatə edən strateji yol xəritələri hazılanmış və hədəflər müəyyənləşdirilmişdir. Belə ki, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyini və insan kapitalından istifadənin səmərəlliliyini artırmaq, idxaldan asılılığı azaltmaq, gələcək iqtisadi inkişafı təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə 12 istiqamət üzrə Yol Xəritəsi təsdiq olunmuş, cari, orta və uzunmüddətli dövr üçün milli iqtisadiyyatın inkişaf hədəfləri və istiqamətləri müəyyən edilmişdir.
Bu Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə yerli özünüidarəetmə orqanlarının kəndlərin inkişafı, orada əhalinin məşğulluğunun təmin edilməsi, mədəni irsin ötürülməsi, kənd həyatı ənənələrinin saxlanılması və ənənəvi həyat tərzinin qorunması sahəsində təşəbbüslərinin dəstəklənməsi, kəndin sosial-iqtisadi inkişafı ilə bağlı bələdiyyələrin öhdəliklərinin artırılması məqsədi ilə tədbirlərin görülməsi də nəzərdə tutulmuşdur. Bu tədbirlər nəticəsində kənddə bələdiyyələrin açdığı iş yerlərinin sayının 30 faiz, qadınların və gənclərin inkişafına yönəldilmiş proqramların sayının 3 dəfə artırılması və kəndin sosial-ictimai həyatında onların fəal iştirakı hədəflənmişdir.
Qeyd etməliyik ki, geniş resurs və imkanlara malik yerli özünüidaretmə orqanı olan bələdiyyələr iqtisadi inkişaf proqramlarının gerçəkləşməsinə bələdiyyə müəssisələrini və bizneslərini quraraq töhfələrini verə bilərlər. Bələdiyyələrin inkişafı və əlavə maliyyə mənbələrinin əldə edilməsi baxımından gəlir gətirən bələdiyyə müəssisələrinin təsisinə ciddi ehtiyac vardır. Bələdiyyələrin iqtisadi fəaliyyəti kənd təsərrüfatı, istehsalat, xidmət və qanunla qadağan edilməyən bütün sahələri əhatə edir.
Azərbaycanda 1606 bələdiyyə var və kifayət qədər böyük rəqəmdir. Bələdiyyələr iri şəhərlərdən, qəsəbə və ucqar kəndlərə qədər ölkənin bütün ərazisini əhatə edirlər. Bu isə böyük imkanlar deməkdir.Bələdiyyə müəssisələrinin yaradılması yeni iş yerlərinin açılması, əhalinin sosial rifahının yüksəlməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların inkişafı, yoxsulluğun daha da azadılması, idxalın daha da azalması və ixracın artması deməkdir.
Bələdiyyələrin bu qədər geniş imkan və resurslara malik olmaqlarına baxmayaraq maliyyə imkanlarının zəif olması və biznes təcrübələrinin olmaması bələdiyyə müəssisələrinin yaradılmasına və iqtisadi fəaliyyətlə məşğul olmaqlarına imkan vermir. Bu səbəbdən bələdiyyələr iqtisadi fəaliyyətə başlamazdan əvvəl üç əsas problem həll edilməlidir:
1. Maliyyə qaynağının əldə edilməsi.
2. Hansı sahələrə kapital qoyulmasının müəyyənləşdirilməsi.
3. Bələdiyyə işçiləri üçün biznes təlimlərinin keçirilməsi.
Maliyyə məsələsi həllini tapdıqdan sonra ikinci məsələ kapital qoyulacaq sahələrin dəqiqləşməsidir. Bunun üçün ilk növbədə hər bələdiyyə öz ərazisində sənaye, kənd təsərrüfat, turizm və digər sahələrdən hansılarla məşğul olmağın mümkünlüyünü öyrənməlidir.Bunun üçün aşağıdakı faktorlar önəmlidir:
Ərazinin iqtisadi-coğrafi mövqeyi;
Ərazinin təbii şəraiti və ehtiyatları;
Ərazi üzrə əhalinin məskunlaşma səviyyəsi;
Ərazinin sahə və quruluşu;
Ərazinin tarixən iqtisadi inkişaf xüsusiyyətləri.
İlk növbədə daxili bazarın təlabatı nəzərə alınaraq Azərbaycana idxal edilən ərzaq məhsullarının siyahısı çıxarılmalı və hansı bölgədə idxal edilən kənd təsərrüfatı məhsullarının hansının istehsalı və emalının mümkünlüyü planlaşdırılmalıdır.
Yerli tələbatın ödənilməsi ilə yanaşı, ixrac yönümlü məhsulların istehsalı, xidmət sahələrinin təşkili bələdiyyəyə xarici valyuta ilə gəlir əldə etməsinə kömək edə bilər.
Növbəti mərhələdə bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları üçün biznes bacarıqlarının və biliklərinin artırılması məqsədilə qabaqcıl təcrübələrə əsaslanan keyfiyyətli biznes təlimləri təşkil edilməlidir. Təlimlərin keçirilməsində məqsəd yaranacaq bələdiyyə müəssislərini və bələdiyyə biznesini idarə edə biləcək peşəkar və bacarıqlı biznes idarəçilərinin yetişdirilməsidir.
Görüləcək işlərdə bələdiyyə assosiasiyalarının rolu və iştirakı da müsbət nəticələr verə bilər. Bələdiyyə assosiasiyaları bu istiqamətdə görüləcək bütün işləri yaxından monitorinq edərək, onların səmərəliliyini və müvafiq yenilikçi təşəbbüsləri, təklifləri, gətirəcəyi faydaları müəyyən edə, maneələrin aradan qaldırılmasına kömək etmək üçün təkliflə çıxış edə, habelə bələdiyyələrin təşəbbüslərini dəstəkləyə bilərlər.
Azərbaycan bələdiyyələrinin milli assosiasiyaları bələdiyyələr tərəfindən bu sahədə göstəriləcək təşəbbüsü, ediləcək müraciət və təklifləri dəstəkləməklə, onlara yaxından hərtərəfli yardım göstərməlidir. Bununla yanaşı, bir neçə bələdiyyənin, o cümlədən şəhər, qəsəbə və kənd bələdiyyələrinin qarşılıqlı müqavilələr əsasında birgə istehsal və xidmət sahələrinin yaradılması təşəbbüsünə də əlaqələndirici yardımlar edə bilər.
Hazırda sahibkarlığın inkişafında və yerli turizmin təşkilində bələdiyyələrin iştirakının genişləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə hazırlanmış "Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı" kitabı bələdiyyələrə paylanılmış, Ədliyyə Nazirliyi kollegiyasının qərarına uyğun olaraq hazırlanmış "Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair sənədlər toplusu" Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin maliyyə yardımı ilə çap edilərək təqdimatı keçirilmişdir. Həmçinin Nazirliyin regional ədliyyə idarələri ilə birgə bələdiyyə üzvləri və qulluqçuları üçün Gəncə-Qazax iqtisadi rayonunda “Subvensiya layihələrinin hazırlanması və idarə edilməsi”, “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı” mövzularında regional təlim və seminarlar keçirilmişdir.
Bələdiyyələrlə İş Mərkəzi tərəfindən yerli özünüidarə orqanlarının dayanıqlı gəlir mənbələrinin əldə edilməsi məqsədi ilə bələdiyyələr tərəfindən sahibkarlıq qurumlarının yaradılması vəziyyətinin, həmçinin yaradılmış müəssisələr barədə zəruri məlumatların öyrənilərək təhlil edilməsi və nəticəsinə uyğun əməli və metodik kömək göstərilməsi barədə bir sıra tədbirlər həyata keçirilsə də, nəticələr hələlik qanedici deyildir.
Təqdim olunan məlumatlar göstərir ki, bələdiyyələr tərəfindən yaradılmış müəssisələrin sayı olduqca azdır və yaradılmış müəssisələrin böyük hissəsinin fəaliyyətə başlaması üçün lazımi təşəbbüs göstərilmir. Hazırda bu sahədə işlərin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bununla yanaşı, bələdiyyələr tərəfindən fəaliyyət göstərən müəssisələrin mənfəət vergisinin düzgün hesablanmasına və yerli büdcəyə ödənilməsinə diqqət yetirilmir. Bir sıra hallarda isə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisələrə ayrılan torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüquqları tanınmamış və həmin torpaq sahələrinin müəssisəyə ayrılması ilə bağlı sənədləşmə işləri aparılmamışdır.
Qeyd olunan bu problemlər bələdiyyə müəssisələrinin qanunauyğun fəaliyyət göstərməsinə maneçilik törədir. Bələdiyyə müəssisə təsis edərkən ilk növbədə onun yaradılması qaydalarını bilməli və müəssisənin fəaliyyətini qanunauyğun qurmalıdır. Bələdiyyələr tərəfindən təsis edilən hüquqi şəxslərin Azərbaycan Respublikasının müvafiq qanunvericilyində nəzərdə tutulmuş qaydalarla yaradılması və fəaliyyəti üçün aşağıda qeyd olunanlara xüsusi diqqət yetirilməsi zəruridir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən bələdiyyələr tərəfindən təsis edilən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir.Bələdiyyənin yaratdığı hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir.
Bələdiyyə tərəfindən təsis edilən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir.
Hüquqi şəxsin dövlət qeydiyyatına alınmasından imtina edilməsinə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda yol verilir. Dövlət qeydiyyatına almaqdan imtina edilməsindən, habelə qeydiyyatdan yayınmaqdan məhkəməyə şikayət verilə bilər.
Bələdiyyələrin yaratdıqları hüquqi şəxslərin dövlət qeydiyyatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılır. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması barədə müraciəti aşağıdakı formada olmalıdır:
- Bələdiyyə təsis etdiyi hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ərizə ilə müraciət etməlidir.
- Ərizə bələdiyyə və ya onun müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.
Ərizədə aşağıdakılar göstərilir:
- təsisçi bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi.
- ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar.
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlumatlar.
Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
- təsis sənədləri – bələdiyyə və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə bələdiyyə tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır);
- dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
- təsisçi bələdiyyənin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti.
- qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
Yeni müəssisələrin yaradılması və bələdiyyə sahibkarlığının genişləndirilməsi istiqamətində bələdiyyələrlə aparılan işin gücləndirilməsi zəruridir. Təhlillər göstərir ki, bələdiyyələrdə, onların vəzifəli şəxslərində təşəbbüskarlıq, habelə işgüzarlıq olduqda nəticə əldə etmək mümkündür.

Bələdiyyələrlə iş mərkəzi
İnzibati nəzarət idarəsinin məsləhətçisi
Ləzifə Məmmədova



Femida.az

Açar sözlər: #ədliyyə   #bələdiyyə   #sahibkar  

Oxunub: 1608