"Avropa Məhkəməsinin Laçından qovulan vətəndaşlarımızın xeyrinə qərar çıxarması böyük uğurdur" - Deputat


13:39     18 May 2020 20_05_18_1589795159.jpg

"Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün davamı kimi 1992-ci il mayın 18-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu işğal edilib. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb və hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşayır. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib".


Femida.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nurlan Həsənov deyib.

Deputat bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qərar qəbul edərək, onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib:

"Bu, böyük uğurdur. Qeyd edilən qərarın 19-20-ci paraqraflarında Laçın rayonu, xüsusən Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi, yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb. Ermənistan çox gözəl başa düşür ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz və işğalçı siyasət Ermənistanın özünü təcridinin, bugünkü sosial-iqtisadi və demoqrafik böhranının əsas səbəblərindəndir. Azərbaycan ərazilərinin işğalına son qoyulması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər".

N.Həsənov qeyd edib ki, bununla bağlı 2012-ci ildə alman dilində yazılmış elmi araşdırması var və bu elmi araşdırma sertifikatlaşdırılaraq Almaniya Parlamentinin kitabxanasına daxil edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1234