DİN işçi axtarır


16:15     18 May 2020 dinden%20aciqlama.PNG


Daxili İşlər Nazirliyi (DİN) polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.


DİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, respublikanın şəhər, rayon polis orqanlarında (Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla) polis sahə rəisi və əməliyyat müvəkkili vəzifələrinə xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirilir.

Cəmi 100 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə test imtahanının proqramı, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallar əsasında aparılır. Test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçıların xidməti vəzifələrini yerinə yetirən zaman qanunvericilik aktlarını tətbiq etmək üçün bilik və bacarığı, ünsiyyət yaratmaq, özünü təqdimetmə bacarığı, təmkinliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti kimi xüsusiyyətləri Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilən müsahibə zamanı qiymətləndirilir.

Müsabiqədə Azərbaycanın dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası üzrə təhsil almış, yaşı 28-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla) "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycanın kişi cinsli vətəndaşları (daxili işlər və digər hüquq mühafizə orqanlarında zabit vəzifələrindən xaric edilmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.

Müsabiqə qaliblərinin təyinatlarından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2020-ci il may ayının 18 - dən iyun ayının 18 - dək DİN-in saytrında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

Elektron ərizələr Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirilərək namizədlər barədə məlumatlar Baş Kadrlar İdarəsi tərəfindən öyrənildikdən sonra müvafiq qərar qəbul edilir.

Namizədlər məlumatlandırıldıqdan sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi;

- ali təhsil haqqında diplom;

- hərbi bilet;

- əmək kitabçası (olanlar üçün);

Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.

Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır.

"Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları", test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər Daxili İşlər Nazirliyinin www.mia.gov.az ünvanlı veb saytında yerləşdirilmişdir.

Əlavə məlumat almaq üçün əlaqə telefonları:

(012) 590-93-51; (012)-590-94-12;

(012) 590-93-64; (012) 590-80-66.

Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə müsabiqənin test imtahanları mərhələsində namizədlər məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən sualları cavablandırmaqla yanaşı, aşağıdakı qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə mükəmməl hazırlıq nümayiş etdirməlidirlər:

Qanunvericilik aktları və nəzəri bilik sahələri:

- Azərbaycan Respublikasının Konstitusiyası.

- Dövlət və hüquq nəzəriyyəsi.

- Cinayət hüququ.

- Cinayət prosesi.

- İnzibati hüquq.

- Kriminalistikanın əsasları.

- Kriminalogiyanın əsasları.

- BMT-nin "İnsan hüquqları haqqında" Ümumi Bəyannaməsi.

- "Polis haqqında" qanun.

- "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanun.

- "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanun.

- "Vətəndaşların müraciətləri haqqında" qanun.

- "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanun.

"Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin tələblərinə müvafiq olaraq, daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslərin fiziki hazırlıq səviyyəsi müəyyən edilmiş aşağıdakı tapşırıqlar və normativlər əsasında yoxlanılır:

Qaçış: 100 (yüz) metrə – 15 saniyə, 1000 (min) metrə – 4 dəqiqə;

Turnikdə dartınma:

- çəkisi 80 kiloqramadək - 10 dəfə,

- çəkisi 80 kiloqramdan yuxarı - 6 dəfə;

Qollar üzərində bədənin döşəmədən qaldırılıb-endirilməsi – 20 dəfə;

Arxası üstə uzanmış halda gövdənin döşəmədən qaldırılıb-endirilməsi –20 dəfə.

Femida.az

Açar sözlər: #Din   #işçi  

Oxunub: 359