İcma sədri: “Ədalət bizim tərəfimizdədir və ermənilərdən fərqli olaraq sülhə hazırıq”


20:14     21 May 2020 20_05_21_1590073993.jpg

“Bütün ağrı və itkilərimizə baxmayaraq, mövqeyimizdə qətiyyətlə dayanaraq hər zaman sülh şəraitində yaşamaq üçün çağırışlar etmişik”.

Femida.az -ın xəbərinə görə, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib.


O bildirib ki, Ermənistan və onun Dağlıq Qarabağdakı oyuncaq rejimi öz silahlı bölmələrini Azərbaycanın torpaqlarından geri çəkmir və sülhlə bağlı dialoqdan qaçırlar: “Bu isə onun göstəricisidir ki, onların sülhün əldə olunmasında maraqları yoxdur”.

T. Gəncəliyevin sözlərinə görə, Ermənistan və Dağlıq Qarabağdakı oyuncaq rejimi 30 ilə yaxındır ki, aqressiyasını davam etdirir: “Biz Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərdən mesajlar alırıq. Onlar bu düşmənçilikdən və Ermənistanın işğalından bezdiklərini bildirirlər. Vəziyyət gərgindir, Ermənistan ordusu Dağlıq Qarabağda olduğu üçün münaqişə həll olunmur. Bu münaqişə həll olunmalıdır, yoxsa regionda sülh, rifah olmayacaq. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olub və bu, həmişə belə olaraq qalacaq. Münaqişəni həll edə bilmədiyimiz müddətdə onun mənfi təsirləri bütün regiona təsir etməyə davam edəcək. Həmçinin Dağlıq Qarabağda yaşayan ermənilərin gələcəklə bağlı ümidləri yoxdur, onlar nə baş verəcəyini bilmir. Ən əsası, biz beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, Avropa Şurasının qətnamə və bəyanatlarına əsaslanırıq. Biz münaqişənin sülh yolu ilə həllini istəyirik, lakin biz nə zamana qədər dözüm nümayiş etdirəcəyik?! Bu, əsas sualdır. Zaman gedir, işğal sonlandırılmalıdır”.

İcma sədri qeyd edib ki, qarşı tərəfdən rasional düşüncəyə sahib olan insanlar bu vəziyyətin fərqindədir.

Bu gün Dağlıq Qarabağda keçirilən qondarma “andiçmə” mərasiminə toxunan T. Gəncəliyev vurğulayıb ki, bu “seçki” beynəxalq ictimaiyyət tərəfindən qınanıb: “Bu, təxribatdır və danışıqlara zərbədir. Bu həm də Azərbaycan hökumətinə, Azərbaycan əhalisinə qarşı təxribatdır. Biz sülh prosesinə töhfə verəcək addımlar əvəzinə təxribat görürük. Bu bir daha göstərir ki, Ermənistan tərəfi sülh danışıqlarında maraqlı deyil. Ermənistan istənilən vasitədən istifadə edərək status-kvonu saxlamaq və işğalı davam etdirmək istəyir”.

İcma sədri onu da qeyd edib ki, Ermənistan Dağlıq Qarabağda yaşayan əhalinin həyatına əhəmiyyət vermir: “COVID-19 pandemiyasına baxmayaraq, onlar bu qeyri-qanuni “seçkilər”i keçirdilər və “seçkilər”dən sonra infeksiyaya yoluxmuş insanların sayının artdığı müşahidə olundu”.

T. Gəncəliyev vurğulayıb ki, bəzi siyasətçilər erməni təbliğatına inanır: “Bizim mövcudluğumuz onlarına təbliğatına ən yaxşı cavabdır. Biz indi hər zaman olduğundan daha güclüyük. Biz beynəlxalq cəmiyyəti inandırmalıyıq ki, bütün bu təbliğat Ermənistanın işğalını ört-basdır etmək və bu işğala haqq qazandırmaq üçündür. Ədalət bizim tərəfimizdədir, biz öz torpaqlarımıza geri dönəcəyik və ermənilərdən fərqli olaraq sülhə hazırıq. Azərbaycan regionda həm siyasi, həm hərbi baxımdan ən güclü ölkədir. Azərbaycan hər zaman konstruktivliyini nümayiş etdirib. Biz inanırıq ki, beynəlxalq ictimaiyyətin Ermənistana təzyiqi ən yaxşı vasitədir. Biz öz torpaqlarımıza geri dönəcəyik və bu, bizim təbii haqqımızdır. Azərbaycanlılar öz yurdlarına dönmədən və beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz bərpa olmadan sülh olmayacaq”.

Açar sözlər:

Oxunub: 940