Ekspert Müdafiə nazirinin cəbhə bölgəsinə səfərlərinin məqsədini açıqladı


16:02     22 May 2020 2020/05/A34E5D1B-1216-4FA8-9126-6D1E8C20F77F_1590148622.jpeg

“Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri və generalların ön xəttə səfərləri birbaşa Ermənistana mesajdır".

Bunu report-a açıqlamasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin rəhbər şəxslərinin cəhbə bölgəsinə səfərini şərh edərkən deyib.

O bildirib ki, təlimlər və generalların ön xəttə səfərləri danışıqların fayda verməyəcəyi təqdirdə Azərbaycan tərəfinin hərb variantına əl atacağını göstərir: "Çünki atəşkəsdən 26 il vaxt keçib. Bu müddətdə aparılan danışıqlar heç bir fayda verməyib və düşmən qeyri-konstruktiv mövqe tutaraq məsələni uzatmağa çalışır. Çox təəssüf ki, dünya siyasət meydanında da ikili standartlar mövcuddur. Baxmayaraq ki, BMT-nin və digər nüfuzlu təşkilatların Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə bağlı qətnamələri var, hələ də işğalçı tərəflə bağlı ölçü götürülmür. ATƏT-in Minsk qrupu da konkret iş görmür, danışıqlar dalana dirənib. Günü-gündən Ermənistan tərəfi də azğınlaşır. Əlləri Xocalı qanına batmış cinayətkar Ermənistan hakimiyyəti daha sərt mövqe tutur, işğala haqq qazandırır”.


Ekspert hesab edir ki, Azərbaycanın yeganə yolu öz ərazilərini hərb yolla işğaldan azad etməsidir: “Təbii ki, Azərbaycanın güclü ordusu var. Ali Baş Komandanın apardığı hərbi islahatlar nəticəsində ordumuz ən müasir silahlarla təchiz olunub. Beynəlxalq təşkilatların hesabatlarında da Azərbaycan Ordusu yüksək yerlərdə qərarlaşır, güclü olduğu vurğulanır. ABŞ mətbuatında da qeyd olunur ki, Azərbaycan ən modern raket komplekslərinə malikdir. Azərbaycanın hərbi-strateji mövqeyi daha üstündür, potensialına görə Azərbaycan artıq hərb meydanına nəzarət edir. Ermənistanı sonuncu dəfə danışıqlar masasına dəvət edirik, çünki biz qan tökülməsini istəmirik. Cənab Prezident İlham Əliyev də çıxışlarında bəyan etmişdi ki, biz istəmirik ki, erməni anaları ağlar qalsın”.


A.Xəlilovun fikrincə, ermənilər gücümüzü başa düşür, bilirlər ki, Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək gücdədir. Sadəcə Ermənistanın havadarları bu məsələdə geri çəkilmək istəmirlər: “Biz inanırıq ki, rəsmi Yerevan bu mesajı başa düşməsə, yenidən danışıqlar masasına əyləşməsə, hərbi variant qaçılmaz olacaq. Bu, Azərbaycan xalqının da istəyidir. Xalq da tələb edir ki, biz hər hansı vasitə ilə torpaqlarımızı düşməndən azad etməliyik. Çünki düşmən çox azğınlaşıb, bu azğınlıq o həddə çatıb ki, hətta Şuşada mərasim təşkil edirlər. Bütün bunlar ermənilərin düz yolda olmadığını göstərir. Bütüvlükdə təlimlər torpaqlarımızın işğaldan azad olunmasına hesablanıb".

Femida.az

Açar sözlər:

Oxunub: 677