Əliyevlə Davudoğlu Bakıdan hansı mesajları verdi? – ŞƏRH


16:15     05 Dekabr 2015 bayragimiz3.jpg

Politoloq: “Azərbaycan birmənalı və qəti mövqe nümayiş etdirdi”.


Türkiyənin Baş naziri Əhməd Davudoğlunun ölkəmizə səfəri başa çatıb. İki gün davam edən səfər çərçivəsində Davudoğlu Prezident İlham Əliyev, Baş nazir Artur Rasizadə və bir sıra rəsmi şəxslərlə ikitərəfli və çoxtərəfli qaydada görüşlər keçirdi. Xüsusilə, İlham Əliyevlə Davudoğlu arasında keçirilən görüş zamanı çox mühüm mesajlar səsləndi. Türkiyə ilə Azərbaycanın strateji müttəfiq dövlətlər olması bir daha vurğulandı. Bu vaxta qədər Rusiya-Türkiyə qarşıdurması ilə bağlı Azərbaycan qəti mövqe nümayiş etdirməmişdi. Daha doğrusu, Azərbaycan tərəfindən Türkiyəyə müəyyən güzəştlər edilsə də, bəzi nüanslara hələ də aydınlıq gətirilməmişdi.

Bəs görəsən bu səfər Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin möhkəmlənməsi baxımından nə ilə yadda qaldı?

Sualla bağlı Femida.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu səfərin çox məhsuldar alındığını vurğuladı:



“Əvvəlcə qeyd edim ki, Davudoğlu ilə görüş zamanı Prezident İlham Əliyev birmənalı olaraq AzərbaycanınTürkiyənin yanında olacağını bildirdi. Bu mesaj əslıində çox məsələdən xəbər verir. Türkiyə-Rusiya münasibətlərinin kəskinləşdiyi məqamda Türkiyənin Azərbaycanla əməkdaşlığa daha çox ehtiyacı var. Türkiyəyə məxsus yük maşınlarının Azərbaycan üzərindən Mərkəzi Asiyaya keçirilməsi ilə bağlı iki dövlət arasında müqavilə imzalandı. Bu razılaşma Azərbaycanın tranzit ölkə kimi maraqlarına xidmət edir. Bakı-Tbilisi-Qars dəmir yolunun qısa müddət ərzində tikilib istifadəyə verilməsi ilə bağlı razılıq əldə olundu. “TANAP” layihəsinin tikintisinin daha tez bir zamanda başa çatdırılması ilə bağlı fikirlər səsləndi. Sözsüz ki, Rusiyanın “Türk axını” layihəsini dondurması “TANAP” layihəsinin tikintisinin sürətləndirilməsinə rəvac verəcək. Bu layihə isə təbii olaraq, Azərbaycan üçün böyük əhəmiyyətə sahibdir. Bütövlükdə deyə bilərik ki, Davudoğlunun Azərbaycana səfəri xeyli məhsuldar alındı”.

“Azərbaycan birmənalı və qəti mövqe nümayiş etdirdi” – deyə politoloq Qabil Hüseynli münasibət bildirdi:



“Bu səfər Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin nə dərəcədə möhkəm dayaqlar üzərində qurulduğunu bir daha nümayiş etdirdi. İki qardaş dövlət arasında münasibətlərin sarsılmaz və əbədi olduğunu aydın şəkildə müşahidə etdik. Azərbaycan bir daha əmin oldu ki, Dağlıq Qarabağ münaqişəsinin həllində həmişə Türkiyəyə güvənə bilər. Bir məsələni vurğulamaq lazımdır. Türkiyə hər an Rusiyadan gələcək qaz sanksiyası ilə qarşılaşa bilər. Belə bir təhlükədən sovuşmaq üçün Türkiyə Azərbaycandan qaz idxalını artırmalıdır. Bu məsələ ilə bağlı hər iki tərəf arasında danışıqlarr baş tutdu. İqtisadi ticarət dövriyyəsinin 5 milyarda dollardan 15 milyard dollara çıxarılması üçün müzakirələr aparıldı. Yükdaşımalarla bağlı razılıq əldə olundu. Bir sözlə, Türkiyə Rusiyadan gələ biləcək sanksiyaların qarşısında aciz qalmamaq baxımından ciddi nailiyyətlər əldə etdi. Bu sahədə Azərbaycanın müsbət rəyini öyrəndi. Azərbaycan isə Türkiyə ilə strateji müttəfiqlik baxımından qəti və birmənalı mövqe nümayiş etdirdi”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3274