"Vətəndaş ilk instansiyadan dövlət hesabına vəkillə təmin olunmalıdır" - Deputat


19:58     31 May 2020 20_05_31_1590941164.jpg

"Azərbaycanda islahatlar dövrü başlanıb, bu islahatların ən vacib həlqəsi hesab edirəm ki, məhkəmə hüquq islahatlarıdır. Təkmil vəkillik institutu olmadan isə məhkəmə-hüquq islahatlarından, insan hüquq və azadlıqlarının səmərəli müdafiə və təminatından danışmaq faydasız olar".

Femida.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında Vəkillər Kollegiyasının üzvü, deputat Bəhruz Məhərrəmov səsləndirib.

O, bildirib ki, xüsusi ilə dövlət başçısının 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanı, habelə Kollegiyanın yeni rəhbərliyinin yeni yanaşması və qurumda struktur islahatlarından sonra fəaliyyətdə keyfiyyət dəyişikliyi görünməkdədir:

"Lakin problemlər də var və hesab edirəm ki, ən vacib və vətəndaşı ən çox maraqlandıran, həllini gözləyən məsələ dövlət hesabına vəkillə təminat məsələsidir. Bilirsiz ki, mülki işlər üzrə vətəndaş yalnız Kassasiya instansiyasında vəkillə təmin edilir. Ali Məhkəmə isə işin yalnız hüquqi hallarına baxır. İşin faktiki hallarının araşdırıldığı birinci və apellyasiya instansiyalarında hüquqi savadı və vəkili olmayan vətəndaş faktiki olaraq əliyalın qalır, addımları kortəbii olur, edilməli olan, peşəkar taktika tələb edən heç bir hərəkət etmədiyi üçün ən adi hüquqların təmin olunması müşkülə dönür. Elə təmsil etdiyim dairə üzrə mənə daxil olan şikayətlərə baxanda görürəm ki, məsələlərin çoxunu vəkilin köməyi olarsa elə yerindəcə məhkəmə vasitəsi ilə həll etmək olar. Düzdür, Vəkillər Kollegiyası öz tərəfindən müəyyən tədbirlər görür, məsələn 10 ASAN xidmət mərkəzində vəkil bürolarında aztəminatlı şəxslərə pulsuz şifahi hüquqi yardım göstərilir, həmçinin 4 regional mərkəzdə isə (Masallı, Bərdə, Qəbələ və İmişlidə) bütün hüquqi xidmətlər pulsuz göstərilir. Habelə, Kollegiya üzvləri tərəfindən regionlarda yaşayan aztəminatlı şəxslər üçün 35-dən çox səyyar hüquqi yardım xidmətləri göstərilib".

"Bütün bunlar təqdirəlayiqdir, yüksək qiymətləndirilməlidir, lakin, bu problemin köklü həlli deyil. Ona görə də hesab edirəm ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun səmərəli təmini üçün ehtiyacı olan vətəndaş elə ilk instansiyadan dövlət hesabına vəkillə təmin olunmalıdır. Burada sui-istifadə riskinə gəlincə, aztəminatlı ailələrin müəyyən olunması çətin məsələ deyil, dövlətin elektron bazası var və bu sistem getdikcə də təkmilləşməkdədir. Həmçinin, kimsə düşünə bilər ki, indiki məqamda bu addım dövlət üçün əlavə maliyyə yükü ola bilər. Lakin əslində elə deyil. 22 fevral və 3 aprel hüquqi aktlarından sonra dövlət hesabına yardım göstərilməsinə görə vəsait artıq Kollegiyanın öz hesabına oturur. Vəkillər Kollegiyası isə, bu işə yerli icra hakimiyyətlərinin nəzarət etdiyi əvvəlki dövrlərdən fərqli olaraq, şəffaflığı tam təmin edib. Ona görə də hesab edirəm ki, dövlət büdcəsindən Vəkillər Kollegiyasına ayrılan vəsaitin miqdarı (2020-ci ilin dövlət büdcəsindən Kollegiyaya 5.5 milyon manat civarında vəsait ayrılmışdır) qaldırdığım məsələlərin həllinə nail olmağa bizə imkan verər", - deyə millət vəkili qeyd edib.

Femida.az

Açar sözlər: #vəkil   #hüquq   #qanun   #millətvəkili   #milliməclis  

Oxunub: 3998