890 ədəd saxta pul nişanı AMB tərəfindən aşkarlanaraq tədavüldən çıxarılıb


18:52     01 İyun 2020 20_06_01_1591017075.jpg

İqtisadiyyatın 2021-ci ilin sonunadək nağd pulun strukturuna olan tələbatını tam ödəmək məqsədilə 2019-cu ildə yenilənmiş dizayna və mühafizə sisteminə malik 10 manatlıq (400 mln. manat) və 1, 3 və 5 qəpiklik (1,7 mln. manat) istehsal olunaraq ölkəyə gətirilib, 1, 5 və 50 manatlıq pul nişanlarının (3 360 mln. manat) istehsalı prosesləri isə davam edir.
Femida.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumatda deyilriir ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin II hissəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Mərkəzi Bank tərəfindən 2019-cu il ərzində ölkə iqtisadiyyatının nağd pula tələbatı tam həcmdə, adekvat strukturda və vaxtında ödənilib. Hesabat dövründə Mərkəzi Banka dövriyyədən 7,7 mlrd. manat və ya 423 mln. ədəd pul nişanı mədaxil olunub, 9,7 mlrd. manat və ya 507 mln. ədəd pul nişanı isə məxaric olunub. Ümumilikdə ilin əvvəlindən tədavüldə nağd pul kütləsi 24,4% (2 mlrd. manat və ya 83.7 mln. ədəd) artaraq hesabat dövrünün sonuna 10,4 mlrd. manat təşkil edib.

2019-cu ilin sonuna Mərkəzi Bankın nağd pul üzrə strateji ehtiyatları 19,6 mlrd. manat təşkil edib.

Mərkəzi Bank tərəfindən 2019-cu ildə Azərbaycanda mərkəzi bankçılığın və Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik və Dövlət Neft Fondunun yaradılmasının 20 illik yubileylərinə həsr olunmuş 1200 ədəd yubiley pul nişanları tədavülə buraxılıb.

Dövriyyədə olan milli pul nişanlarının keyfiyyətinin artırılması məqsədilə elan edilmiş “tədavüldə təmiz pul siyasəti” davam etdirilib, dövr ərzində tədavüldən mədaxil olunmuş 7,7 mlrd.manat məbləğində pul nişanları avtomatlaşdırılmış sistemlərdə emal olunaraq təkrar tədavülə buraxılıb, 1,3 mlrd. manat yararsız pul nişanlarının isə tədavüldən çıxarılması təmin edilib. Eləcə də Mərkəzi Bankda yaradılmış xidmət kassaları vasitəsilə əhalidən 10,5 mln. manat məbləğində pul nişanları dəyişdirilib.

2019-cu il ərzində bütün nominallar üzrə 890 ədəd saxta pul nişanı Mərkəzi Bank tərəfindən aşkarlanaraq tədavüldən çıxarılıb və hüquq mühafizə orqanlarına təqdim edilib ki, bu da 2018-ci il ilə müqayisədə 21% azdır.

Ümumilikdə ölkə üzrə tədavüldə hər 276 min ədəd kağız pul nişanına 1 ədəd saxta pul nişanı düşmüşdür ki, bu da beynəlxalq təcrübə ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır (Gürcustan üzrə hər 17 min ədədə, Rusiya üzrə hər 150 min ədədə, Avrozonada isə hər 30 min ədədə - 1 ədəd). Saxtakarlığa qarşı mübarizə çərçivəsində kommersiya bankları, nağd pul xidmətləri göstərən ixtisaslaşmış təşkilatlar və hüquq-mühafizə orqanları ilə koordinasiya olunmuş fəaliyyət davam etdirilmiş, saxta pullarla bağlı maarifləndirmə tədbirləri çərçivəsində il ərzində kommersiya banklarının 400 əməkdaşına seminarlar keçirilmişdir. Ümumilikdə il ərzində Mərkəzi Bank tərəfindən modern nağd pul idarəetməsinin tətbiqi, milli valyuta üzrə ehtiyatların optimal və təhlükəsiz idarə olunması, təkmil nəzarət mexanizmləri, risklərin diversifikasiyası, tədavüldə yüksək keyfiyyətli pul nişanları kimi prioritetlər diqqət mərkəzində saxlanılıb.

Açar sözlər:

Oxunub: 763