Elektron məhkəmə sisteminin təkmilləşdirilməsi və insan hüquqları


10:20     03 İyun 2020 20_06_03_1591165110.jpg


Son illər Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsində hökumət tərəfindən vacib addımlar atılır. Bunu yalnız milli qanunvericilik aktlarının təkmilləşdirilməsində deyil, təcrübədə də müşahidə edə bilərik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 iyun tarixində “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin qəbul edilməsi ilə bağlı Fərmanı islahatların davam etdirilməsini təsdiqləyir.

Ölkə başçısı tərəfindən qəbul edilən qərarların sayəsində vətəndaşlar üçün pandemiyanın təsirini azaltmaq məqsədilə müasir, çevik, növbəli struktur və qanunvericilik islahatları aparılır. Beynəlxalq təşkilatların, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının və Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə əsasən bir çox ölkələrlə müqayisədə pandemiya ilə mübarizədə ölkədə preventiv mexanizmlər daha tez qəbul edilib və daha da effektiv həyata keçirilib.

Bu siyasət insan hüquq və azadlıqlarının müdafiəsinə də birbaşa təsir göstərir. Elektron məhkəmə sisteminin yaradılması və təkmilləşdirilməsi insan hüquq və azadlıqlarının qorunmasında yeni və mütərəqqi addımlardan biridir. Elektron məhkəmə sisteminin tətbiqi uşaq və qadın hüquqlarının müdafiəsinə, alimentlərin ödənilməsi, qanunvericilikdə müəyyən edilmiş müddətdə məhkəmə işlərinin operativ şəkildə baxılmasına, məhkəmə qərarlarının icrasına müsbət təsir göstərir.

Elektron məhkəmə sisteminə əsasən, onlayn təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, elektron sənəd dövriyyəsinin bütün ədliyyə sistemində yaradılması, məlumat və arxiv sisteminin elektronlaşdırılması vətəndaşların məhkəmələrə olan müraciətlərini asanlaşdırır. Elektron məhkəmə sistemi yeni nəsil insan hüquq və azadlıqlarının formalaşmasına təsir edir. Yeni nəsil insan hüquqlarında isə elektron formada yerləşdirilən şəxsi məlumatların konfidensiallığının qorunması hüququ, onlayn şəkildə video və audio müraciətlərin edilməsi və qəbulu, məhkəmə qərarların icrasında şəxsi kabinet vasitəsilə məlumtlandırma və s. qeyd etmək olar.

Azərbaycan isə bu islahatlarda ən yaxşı təcrübələrə malik olan ölkələrin siyahısına daxil olub. Pandemiya zamanı elektron məhkəmə sistemi vətəndaşların müraciətlərinə baxılmasında, məhkəmə icraatının aparılmasında və yeni müasir sistemin tətbiqində vətəndaşların şəxsi təhlükəsizlik, sağlamlığının və maraqlarının qorunmasına dəstək olur.

Beləliklə də, 2020-ci ildə Elektron Hökumət sisteminin təkmilləşdirilməsi BMT-nin qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında Azərbaycanın beynəlxalq səviyyədə yaxşı təcrübəsini formalaşdırıb. Yuxarıda sadalanan tədbirlər isə vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, iqtisadiyyatın inkişafına, sosial problemlərin aradan qaldırılmasına, ailələrin möhkəmləndirilməsinə birbaşa təsir göstərir.

Elgün Səfərov
Hüquq elmləri üzrə fəlsəfə Doktoru
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri


Femida.az

Açar sözlər: #elektron   #məhkəmə   #hüquq   #ailə   #qadın   #uşaq   #qanun  

Oxunub: 1906