Məmur 5 il qadının 83 min manat pensiyasını ələ keçirib - MƏHKƏMƏ


10:14     03 İyun 2020 1398947325_mehkeme.jpg

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin sabiq əməkdaşı Ramiz Seyidəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Femida.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Cavid Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, R.Seyidəliyevin qanunsuz əməlləri barədə vətəndaşın daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı Ramiz Seyidəliyevin qulluq mövqeyindən istifadə edərək vətəndaşın pensiya məbləğinin artırılmasına kömək edəcəyi vədi ilə aldadaraq pensiya kartını qanunsuz olaraq götürməklə 2013-2018-ci illər ərzində həmin kartdan ümumilikdə 83 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə küllü miqdarda dələduzluq) və 29, 178.3.2-ci (dələduzluğa cəhd) maddələri ilə ittiham verilib, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Femida.az

Açar sözlər:

Oxunub: 785