Çin məhkəməsi Türkiyə vətəndaşını azadlıqdan məhrum edib


18:12     03 İyun 2020 2020/06/173257c6-6426-4450-b5ed-7d5ed45c3635_1591188639.jpg

Çin məhkəməsi uyğur əsilli Türkiyə vətəndaşı Mövludə Hilala 10 il həbs cəzası verib.
Femida.az DHA-ya istinadən xəbər verir ki, 2017-ci ildə anasını ziyarət etmək üçün Şərqi Türküstana qayıdan M.Hilal Çinin uyğurlara qarşı yürütdüyü təzyiq və assimilyasiya siyasəti çərçivəsində “təlim-tərbiyə düşərgəsi”nə göndərilib.

2019-cu ilin mayında azadlığa çıxan qadın bir ay sonra “dövləti parçalamağa təşəbbüs” ittihamı ilə saxlanılıb. Mövludə Hilala 10 il həbs cəzası verilib.

Bildirilib ki, məlum səbəblərdən ərindən boşanmağa məcbur qalan M.Hilalın Ayşə adlı azyaşlı qızı da var.

Onun həbsi ilə bağlı Türkiyədəki insan haqları müdafiəçiləri vətəndaşı olduğu respublikanın müvafiq orqanlarına çağırış ediblər.

Ankara Hacı Bayram Veli Universitetinin Hüquq fakültəsinin professoru İlyas Doğan uyğur qadının vəkili təyin edilib.

“Mövludə Hilalın vəkili təyin edildim və lazımi bütün prosesi bu həftə başladacağam”, - o deyib.

Qeyd edək ki, Mövludə Hilal 2006-cı ildə təhsil almaq üçün Türkiyənin Samsun şəhərinə gəlib. 2012-ci ildə İstanbul Universitetinin məzunu olub və həmin il Türkiyə vətəndaşlığını əldə etdiyini açıqlayıb. Beləliklə, M.Hilalın həm Türkiyə, həm də Çin vətəndaşlığı var.


Xatırladaq ki, Çində uyğur türklərinə qarşı sistematik təqib siyasəti yürüdülür. 2017-ci ildə Çinin Sincan-Uyğur Muxtar Rayonunda uyğurlar üçün siyasi-ideoloji təlim düşərgələri açılmağa başlayıb. BMT-nin məlumatına görə, bu düşərgələrdə 1 milyondan çox uyğur türkü saxlanılır. Rəsmi Pekin orada sadəcə Çin dili və mədəniyyətinin öyrənilməsi, həmçinin peşəkar hazırlıq kurslarının keçirildiyini iddia edir. Bununla belə, Çin orada uyğurların vəziyyəti ilə bağlı dünya ictimaiyyətinə ətraflı məlumat verməkdən çəkinir. Xeyli sayda məşhur uyğur alim, sənətkar və peşəkar idmançıların həmin düşərgələrdə saxlanıldığı güman edilir.

Rəsmi Pekin uyğurların türk əsilliyini şübhə altına qoymaq üçün aktiv təbliğat aparır.

Açar sözlər:

Oxunub: 957