Komendant saatı nədir və necə tətbiq olunur? - QANUN


11:23     04 İyun 2020 20_06_04_1591257031.jpg


Koronavirusla mübarizə məqsədi ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah ötən gün bəzi ciddi qadağaların anonsunu verdi. TƏBİB sədri Ramin Bayramovun açıqlamasına görə, Azərbaycanda yoluxma çoxalıb və qadağaların sərtləşdirilməsi labüddür. Vətəndaşları ən çox narahat edən məqam isə həftəsonları evdən çıxmağın tam qadağan olunması xəbəri oldu. Belə ki, ölkədə şənbə və bazar günləri ictimai nəqliyyat da daxil olmaqla, heç bir ictimai iaşə obyekti, hətta market və apteklərin belə işləməyəcəyi gündəmdədir. Bu isə bir növ komendant saatının tətbiqi deməkdir.


Bəs Azərbaycanda komendant saatı necə və hansı qaydalarla tətbiq olunur?

Femida.az məsələyə qanunvericiliyə əsasən aydınlıq gətirir.

Komendant saatı - insanların müəyyən saatlarda xüsusi icazə olmadan küçələrə çıxmasının qadağan edilməsidir.

Fövqəladə vəziyyət haqqında Azərbaycan Respublikasının Qanununa görə, komendant saatının tətbiqi, vətəndaşların xüsusi icazə vərəqələri olmadan günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmalarının qadağan edilməsidir. Qanunun 13-cü maddəsinə görə, fövqəladə vəziyyət rejimini təmin edən qüvvə və vasitələrin vahid mərkəzdən idarə olunmasını həyata keçirmək məqsədilə fövqəladə vəziyyətin tətbiq edildiyi əraziyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən komendant təyin olunur.

Fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi ərazinin komendantı səlahiyyətləri daxilində fövqəladə vəziyyətin təmin olunması məsələlərinə aid olan və müvafiq ərazidə məcburi olan əmr və sərəncamlar verir, komendant saatının vaxtı və qüvvədə olma müddətini müəyyən edir. Eyni zamanda fövqəladə vəziyyətin tətbiq edildiyi əraziyə gediş-gəlişin xüsusi rejimini müəyyənləşdirir. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə jurnalistlərin akkreditə olunmasının xüsusi qaydasını və onların iş rejimini komendant müəyyən edir.



Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan xüsusi idarəetmə orqanları öz səlahiyyətləri daxilində fövqəladə vəziyyət rejiminin təmin olunması məsələlərinə dair icra olunması məcburi sayılan əmr və sərəncamlar vermək hüququna malikdir. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaşayan şəxslər həmin ərazidə yaradılan xüsusi idarəetmə orqanlarına hərtərəfli kömək göstərməli və fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması məsələlərinə dair verilən əmr və sərəncamları yerinə yetirməlidirlər.

Qanunun 8.0.21-ci maddəsinə əsasən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi və təmin edilməsi üçün səfərbər olunmuş şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalar əsasında əməyə görə ödəniş verilir.

Qeyd edək ki, komendant saatı tətbiq olunarsa, bu qaydanı pozan şəxslər inzibati qaydada məsuliyyətə cəlb edilir. Xüsusi icazə vərəqələri olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olma hallarında vətəndaş cərimə və ya həbs oluna bilər.


Fövqəladə vəziyyət haqqında qanunun 25-ci maddəsinə görə, ərazidə insanların, heyvanların və bitkilərin təhlükəli yoluxucu xəstəliklərə tutulmaq təhlükəsi ilə üzləşməsi nəticəsində karantin tətbiq olunduğu halda həmin ərazidən çıxarılmalı olan şəxslər nəzarət müddəti bitənədək ümumi əsaslarla saxlanılırlar.

Qeyd edək ki, fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə ədalət mühakiməsinin birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilməsi qeyri-mümkün olduqda, bu səlahiyyət Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilə bilər.



Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #fövqəladəvəziyyət   #komendantsaatı   #qanun   #femida  

Oxunub: 20053


Oxşar xəbərlər