Azərbaycanda daha 9 uşaq övladlığa götürüldü


11:59     04 İyun 2020 20_06_04_1591257603.jpg

Övladlığagötürmə üzrə idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməsinə başlandığı 1 noyabr 2019-cu il tarixindən ötən müddətdə 9 uşaq övladlığa götürülüb.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Femida.az-a açıqlamasında bildirib ki, övladlığa verilən uşaqlardan 3-ü qız, 6-sı oğlandır.

"Övladlığa götürülmüş uşaqların biri 1 yaşa qədər, ikisi 4-6 yaşlarında, beşi 7-11 yaşlarında, biri isə 12-18 yaşlarında olan uşaqlardır. Uşaqlardan 3-ü ögey anası, 3-ü evli cütlüklər, 3-ü tək ana tərəfindən övladlığa götürülüb".

F.Talıbovun sözlərinə görə, uşaqlardan 2-si dövlət uşaq müəssisəsindən, 4-ü yaxın qohum ailələrdən övladlığa götürülüb.

"Qalan 3 uşaq isə ögey ana tərəfindən övladlığa götürülən və ərin əvvəlki nigahından olan uşaqlarıdır. Əlavə olaraq bildiririk ki, övladlığagötürmə sahəsində yeni idarəetmə modeli övladlığagötürülən uşaqların maraq və mənafelərinin prioritetliyi, onların övladlığa götürüldükləri ailələrdə layiqli həyat tərzinin, fiziki-mənəvi inkişafının təmin olunmasının üstün tutulması, bu istiqamətdə güclü nəzarətin həyata keçirilməsi prinsipinə əsaslanır.

Övladlığa götürülən uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə monitorinqlər aparılır".

Femida.az

Açar sözlər: #övladlıq  

Oxunub: 804