DİN Sumqayıtda iki nəfərin öldürülməsi faktı ilə bağlı məlumat yaydı


15:09     08 İyun 2020 20_06_08_1591612168.jpg


Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda iki nəfərin qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.


Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iyunun 6-da Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində şəhər sakinləri Zöhrab Qasımovun üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyitinin aşkar olunması, Namiq Rəhimovun isə üzərində soyuq silahla yetirilməyə xarakterik xəsarətlərlə şəhər Təcili Tibbi Yardım xəstəxanasında ölməsi barədə daxil olmuş məlumatla əlaqədar şəhər prokurorluğu və polis idarəsinin əməkdaşları “MTE və PA” birliyinin ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Hadisə yerindən cinayətin aləti olan iki ədəd bıçaq və digər əşyalar götürülüb, təxirəsalınmaz prosessual hərəkətlər aparılıb.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaqla müəyyən edilmişdir ki, N.Rəhimov iyunun 6-da saat 20 radələrində şəxsi münasibətlər zəminində aralarında baş vermis mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla T.Qasımova kürək nahiyəsinə, sonuncunun qardaşı Zöhraba isə ağ ciyərinə nüfuz edən deşilmiş-kəsilmiş xəsarətlər yetirib. Zöhrab üzərində gəzdirdiyi bıçaqla Namiqin ürək nahiyəsinə bir bıçaq zərbəsi yetirib.

T.Qasımov və N.Rəhimov Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsalar da, həkimlərin səyinə baxmayaraq sonuncunun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər: #DİN   #Sumqatyıt  

Oxunub: 843