Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir


11:06     11 İyun 2020 2020/06/e6383ab1-8f30-442a-bbd7-34e0e2b50b7a_1591859430.jpg


Millətimizin böyük oğlu, azərbaycançılıq ideologiyasının müəllifi, Azərbaycan siyasi sisteminin banisi, xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycan qarşısında o qədər böyük, o qədər misilsiz xidmətləri olmuşdur ki, bütün bunların nəinki bir məqalədə ehtiva olunması qeyri-mümkündür, hətta bu barədə nə qədər danışılsa da dahi insanın titanik fəaliyyətini tam əhatə etmək olmaz. Bununla belə, hər bir qədirbilən və vicdanlı azərbaycanlının borcudur ki, dünya şöhrətli siyasətçi haqqında biliklərini bacardığı qədər digərləri ilə də bölüşərək, gələcək nəsillərin də bu nəhəng şəxsiyyətin zəngin və çoxşaxəli fəaliyyəti barədə məlumatlandırılmasını təmin etsin.


14 iyul 1969-cu il tarixdə ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra ali və müqəddəs ideyaların reallaşması sürətli vüsət alır. Həmin dövrdə artıq azərbaycançılıq ideyası bir ideya şəklindən, yəni, bir fərdin, bir siyasətçinin, bir öndərin ideyasından ideologiyaya çevrilməyə başlayır və bu proses də, məhz, ideya müəllifi ilə xalq arasında olan sıx bağlılığın sayəsində uğurla həyata keçirilir. Sözügedən proses milliləşməni özündə ehtiva edən müqəddəs ideyaların xalq tərəfindən mükəmməl mənimsənilməsi və dərindən dərk olunması, bununla da vahid Azərbaycançılıq ideologiyasının formalaşması ilə nəticələnir. Təbliğat üçün xüsusi önəm kəsb edən digər sahələrdə də milliləşmə prosesi sürətlənir. Məhz ümummilli liderin təşəbbüsü və onun himayəsi ilə xalqımızın tarixini, adət-ənənələrini, qəhrəmanlıq keçmişini və s. əks etdirən mövzularda filmlər çəkilir. Təsadüfi deyildir ki, gənclərin milli ruhda tərbiyəsində, sonralar onların kütləvi surətdə müstəqillik hərəkatına qoşulmasında böyük rol oynayan “Nəsimi”, “Babək”, “Dəli Kür” və digər bu kimi filmlər həmin dövrlərdə çəkilirdi. Təhlil göstərir ki, sovet hakimiyyətinin ilk illərindən etibarən Azərbaycanda rus dilində təhsil alanların sayı dinamik surətdə artırdısa, ötən əsrin 70-ci illərinin əvvəllərindən bu dinamika Azərbaycan dilində təhsil alanların say artımı hesabına kəskin şəkildə azalmış, ana dilində rəsmi, elmi və bədii nəşrlərin sayı artmış, elmi tədqiqatların və araşdırmaların məhz bu dildə aparılması təmin olunmuşdur. Ümummilli lider Heydər Əliyev həmçinin Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin klassik yazıçı və şairlərinin xatirəsini əbədiləşdirməklə, onların əsərlərinin nəşrini təmin etməklə, bir sözlə, milli ədəbi düşüncənin inkişafına təkan verməklə, azərbaycanlıların necə böyük tarixə, şanlı soykökünə malik olduğunu nümayiş etdirirdi. Bir sözlə, böyük şəxsiyyət Heydər Əliyev tariximizi, dilimizi, dinimizi, mədəniyyətimizi, incəsənətimizi, xalqımızın milli-mənəvi dəyərlərini, adət-ənənələrini sevərək öz varlığında yaşatmış, hər zaman onlara sadiq olmuş, davranışları və konkret əməlləri ilə bu müqəddəs dəyərləri toxunulmaz bir xəzinə kimi qoruyaraq, onların əbədiyaşarlığını təmin etmişdir. Ona görə də xalqın tarixi yaddaşının və mənəvi irsinin mühafizəsinə xidmət edən genişmiqyaslı fəaliyyətin həyata keçirilməsi, milli dövlətçilik konsepsiyasının konkret mənəvi dəyərlər sistemi əsasında vahid məqsədə yönəldilməsi, vətənpərvər ruhlu nəslin yetişdirilməsi Heydər Əliyevlə bağlı olmuşdur.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə görülmüş səmərəli və mütərəqqi işlər nəticəsində Azərbaycan geridə qalmış kənd təsərrüfatı respublikasından aqrar-sənaye respublikasına çevrilməklə, Sovet İttifaqında ön sıraya keçərək, bir çox cəhətdən özünü tam təmin edən, ümumittifaq büdcəsinə töhfələr verən iki ölkədən biri oldu. Dahi lider Heydər Əliyevin müstəqil dövlətçilik strateji proqramının özünəməxsusluğu onunla səciyyələnirdi ki, burada nəzərdə tutulan tədbirlərin icrası bir sahənin deyil, bütün sahələrin çoxşaxəli inkişafını və milliləşdirilməsini təmin edirdi. Bütün bunlar isə, təbii ki, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaradırdı. Əzmkar insanın böyük zəhmətlər hesabına ardıcıl olaraq yüksək zirvələri fəth etməsi, ali vəzifələr tutması, müxtəlif dövlət mükafatlarına layiq görülməsi, habelə bilavasitə onun sayəsində xalqımızın çoxsaylı elm, mədəniyyət, incəsənət xadimlərinə və digər ziyalılarına Sovetlər İttifaqının fəxri adlarının və mükafatlarının verilməsi millətimizi nə qədər qürurlandırırdısa, tarixi düşmənlərimiz olan erməniləri bir o qədər mütəəssir edirdi. Bununla belə, onlar ilk vaxtlar bunu büruzə vermir, təfəkkür-tərzlərinə xas olan yaltaqlıqla vəziyyətdən çıxırdılar. Ulu öndər Heydər Əliyevin milli müstəqil dövlət quruculuğuna gedən yolda gördüyü böyük işlər, SSRİ–nin daxili və xarici siyasəti çərçivəsində olsa da, Azərbaycanın xarici aləmlə iqtisadi, mədəni, elmi və sair sahədə əlaqələrinin genişləndirilməsinə xidmət edirdi. Bu məqsədlə Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunur, eləcə də SSRİ respublikaları və digər xarici ölkələrdə Azərbaycan elmi, mədəniyyəti və incəsənəti günləri keçirilirdi ki, bütün bunlar xarici ölkələrlə, orada yaşayan insanlarla əlaqələrin möhkəmlənməsinə, azərbaycanlıların xalq olaraq özünəməxsus tarixi, mədəni ənənələrinin hər yerdə tanınmasına, Bakının isə dövrün dünya miqyaslı məşhur mədəniyyət və elm mərkəzinə çevrilməsinə, nəticədə isə iqtisadiyyatın gücləndirilməsinə Azərbaycanın qüdrətlənməsinə hesablanmışdı.

Bütün sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində yaranmış tənəzzül, ulu öndərin birinci dəfə hakimiyyətə gəlişindən sonra aradan qaldırıldı. Azərbaycanda SSRİ müdafiə sənayesinin on bir böyük zavodunun tikilməsi, bu zavodlarda həmin dövrün ən müasir texnologiyalarının tətbiq olunması Azərbaycan Respublikasının müdafiə sənayesi istehsalında keyfiyyətli məhsulların həcmini dəfələrlə artırırdı ki, bu da müstəqilliyə doğru gedən yolda vacib amillərdən idi. Bununla bərabər, milli hərbi kadrların hazırlanması prosesi də vüsət aldı. Ordu qururculuğunda keyfiyyətli hərbi təhsilin formalaşdırılmasının və ixtisaslı gənc hərbi kadrların hazırlanmasının son dərəcə strateji əhəmiyyətli məsələ olduğunu hər zaman vurğulayan müdrik rəhbər, bu sahəni də daim diqqət mərkəzində saxlayırdı. Ulu öndər Heydər Əliyev mütəmadi olaraq respublikanın təhsil müəssisələrində tədrisin səviyyə və keyfiyyəti ilə maraqlanaraq, sözügedən sahəyə xüsusi diqqət yetirirdi. Bu isə öz növbəsində Azərbaycan gənclərinin təhsilə, xüsusilə ali hərbi təhsilə maraqlarının artmasına səbəb olurdu. Belə ki, onun 7 aprel 1973-cü il tarixdə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbində olarkən orada təhsilin keyfiyyəti və azərbaycanlı kursantların sayı barədə maraqlanması, tədrisin səmərəliliyi və yerli kursantların sayının artırılması barədə göstərişləri qısa zaman kəsiyində Azərbaycanın müxtəlif bölgələrindən gənclərin hərbi məktəblərə cəlb olunmalarına, nəticədə onların peşəkar hərbçi kimi yetişmələrinə zəmin yaradırdı. Bütün bunlar gənclərdə orduya inamı və marağı artırmaqla xeyli insanın peşəkar hərbi qulluqçu kimi hazırlanmasına, hərbi ixtisaslara dərindən yiyələnməsinə rəvac verdi. Əsası 1971-ci ildə Naxçıvanski adına Hərbi Liseylə qoyulan hərbi təhsil müəssisələrimizin sayının və tədrisin keyfiyyətinin artırılması, növbəti illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Təlim və Tədris Mərkəzinin, Ali Hərbi Məktəbin, Ali Hərbi Dənizçilik Məktəbinin, Ali Hərbi Təyyarəçilik Məktəbinin və sair nüfuzlu ali hərbi təhsil ocaqlarının müasir tələblərə uyğun təşkil edilməsi də məhz ulu öndərin bu sahəyə göstərdiyi diqqətin nəticəsi olmuşdur.

Hər kəsə məlumdur ki, istər Azərbaycan Demokratik Respublikasının mövcudluğu zamanı, istərsə də ölkəmizin SSRİ-nin tərkib hissəsi olduğu dövrdə milli prokurorluq orqanları tam formalaşa, cəmiyyətdə və dövlətdə öz layiqli yerini tuta bilməmiş, onun milli maraqları və insan hüquqlarını layiqincə müdafiə edən təsisata çevrilməsi mümkün olmamış, müstəqilliyimizin ilk illərində isə ölkədə yaranmış özbaşınalıq, anarxiya, xaos, hakimiyyət zəifliyi, xalq ilə iqtidar arasında olan uçurum səbəbindən vəzifə uğrunda gedən mübarizələrdə bir alətə çevrilmişdir. Bununla belə, çətin dövrlərdə, eləcə də ölkəmizdə separatçılıq meyillərinin və dövlət çevrilişinə cəhdlərin qarşısının alınmasında prokurorluq əməkdaşları da üzərlərinə düşən vəzifələri layiqincə icra edərək, dövlətimizin suverenliyinə və müstəqilliyinə qarşı ağır cinayətlər törətmiş şəxslərin tez bir zamanda ifşa edilib məsuliyyətə cəlb olunmasına bütün güclərini səfərbər etməklə cəmiyyətin və dövlətin onlara olan etimadını doğrultmuşdur.

Sirr deyil ki, prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların əsasını və onun hüquqi bazasının təməlini ulu öndərimizin təşəbbüsü əsasında 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil etmiş və ali qanunda ilk dəfə olaraq cinayət mühakimə icraatında mühüm funksiyaları yerinə yetirməsi nəzərə alınmaqla ölkəmizin məhkəmə hakimiyyəti sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, onun statusu, təşkili və fəaliyyət prinsipləri, funksiyaları və səlahiyyət dairəsi qanunvericilik qaydasında təsbit olunmuşdur. Bir müddət sonra müdrik rəhbər Heydər Əliyevin təşəbbüsü əsasında qəbul edilmiş 7 dekabr 1999-cu il tarixli “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu qarşıda duran bu və ya digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmaqla, prokurorluq orqanlarının daha da demokratikləşdirilməsini, onun qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etmişdir. Beynəlxalq hüquq normalarına və demokratik prinsiplərə uyğun hazırlanmış “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” Azərbaycan Respublikası Qanunlarının və digər hüquqi aktların qəbul olunması ilə isə prokurorluğun fəaliyyətini tənzimləyən hüquqi baza dövrün tələblərinə və beynəlxalq standartlara uyğun formalaşdırılmışdır.
Göründüyü kimi, Azərbaycanı bütün bəlalardan və çətinliklərdən məharətlə qorumaqla, qısa zaman ərzində ölkəsini olduqca çətin vəziyyətdən yüksək peşəkarlıqla çıxarmış müdrik lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət qurumlarının, o cümlədən prokurorluğun müasir dövlət təsisatına çevirilməsi istiqamətində görülən əhəmiyyətli işlərin nəticəsində prokurorluq demokratik orqan kimi tamamilə yenidən təşkil olunaraq, dövlət orqanları sırasında öz layiqli yerini tutmuş və bununla da, dövlətçiliyimizin əsas sütunlarından birinə çevrilmişdir. Beləliklə də, ölkədə görülən nəhəng işlər çərçivəsində həyata keçirilən mütərəqqi islahatlar sayəsində və təməl prinsiplərin mövcud tələblərlə uzlaşdırılması ilə hazırlanmış hüquqi baza əsasında struktur və mahiyyət baxımından tamamilə yenidən qurulmuş, yüksək nəzəri bilikli və peşəkar kadrlarla komplektləşdirilmiş, fəaliyyəti, eləcə də vəzifələri və səlahiyyətləri beynəlxalq standartlara uyğun və müasir tələblərə cavab verən Azərbaycan Prokurorluğu formalaşdırılmışdır.

Müxtəlif dövrlərin dövlətçilik təcrübəsi göstərmişdir ki, xalqın rifahına xidmət edən dəyərli ideyalar məcmusunun həyata keçirilməsinin davamlı xarakter alması varislik prinsipinə riayət edilmədən mümkün deyil. Belə olmadığı təqdirdə mövcud olan mütərəqqi ideyalar aşınmalara məruz qalaraq məhv olmaq təhlükəsi ilə üz-üzə gəlir. Buna görə də, müdrik və uzaqgörən, xalqa və dövlətə xidmət edən siyasətin sivil qaydada, demokratik prinsiplər əsasında ötürülməsi cəmiyyətin tərəqqisi üçün olduqca mühüm əhəmiyət kəsb edir. İftixar doğuran haldır ki, Azərbaycana ümummilli lider Heydər Əliyevin zəngin dövlət idarəçiliyi təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, ulu öndər siyasətinə sadiqliyini öz müstəsna xidmətləri ilə əyani şəkildə sübuta yetirmiş, özünü xalqın birinci xidmətçisi hesab etməklə millətinə xidməti həyat amalına çevirmiş cənab Prezident İlham Əliyev kimi aqil lider, dünya şöhrətli şəxsiyyət və peşəkar siyasətçi rəhbərlik edir. Məhz möhtərəm Prezident cənab İlham Əliyevin hərtərəfli elmi biliyi, uzaqgörən düşüncəsi, mükəmməl rəhbərlik qabiliyyəti və misilsiz xidmətləri sayəsində ölkəmizdə ümumi daxili məhsul, qeyri-neft sektoru, sənaye istehsalı, qeyri-neft sektorunda sənaye istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmışdır. Qeyd olunanlarla bərabər, əhalinin pul gəlirləri, əməkhaqları, pensiyaları da dəfələrlə artmış, ölkə iqtisadiyyatına o cümlədən qeyri-neft sektoruna sərmayələr qoyulmuş və manatın məzənnəsi uzun müddətdir ki, sabit qalmaqda davam etmişdir. Bütün bunların nəticəsində insanların rifahı daha da yaxşılaşdırılmış və təbii olaraq əhalinin sayı da artmaqla on milyonu keçmişdir. Bununla da ölkəmiz dünyada böyük nüfuz qazanaraq ən qüdrətli dövlətlər sırasında özünəməxsus yerini müəyyən etməklə əsl söz sahibinə çevrilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi effektiv daxili və xarici siyasət əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış siyasi kursun varisliyini təmin etməklə yanaşı, müasir dünyanın çətin geosiyasi gerçəkliklərinə maksimum adekvatlığı ilə də cəlbedici olmuşdur. Vurğulanmalıdır ki, ölkəmizdə gedən sürətli inkişaf beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə 35-ci yerə layiq görmüşdür. Eyni zamanda inkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə isə üçüncü yerdə qərarlaşmışıq. Davos Ümumdünya İqtisadi Forumuna əsasən isə Azərbaycan islahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə dünyada birinci onluqda qərarlaşmış, Dünya Bankı tərəfindən yayılan "Doing Business 2020" hesabatında isə 20 ən islahatçı dövlət siyahısına daxil edilməklə, dünyanın bir çox ölkələrini ötmüşdür. Bütün bunlarla yanaşı, möhtərəm Prezidentin vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşması, onların ciddi problemləri ilə bağlı məsələləri nəzarətə götürməsi, bir çox hallarda şəxsən qərar qəbul etməklə üzləşdikləri bütün çətinlikləri aradan qaldırması dövlətin və rəhbərinin vətəndaşa verdiyi yüksək dəyərin təcəssümüdür. Göründüyü kimi, uzaqgörən strateji inkişaf kursunu müasir müstəvidə zənginləşdirməklə dövrün tələblərinə uyğun şəkildə yüksək məharətlə reallaşdıran möhtərəm Prezident cənab İlham Əliyev, həmçinin təvazökarlığı, sadəliyi və verdiyi vədləri mütərəqqi əməllərlə doğrultmağı ilə xalqın sonsuz rəğbətini qazanmışdır.

Hər kəsə məlumdur ki, sadalanan uğurların əldə olunmasında və ölkəmizin hərtərəfli inkişafında zəngin elmi bilikləri, dərin zəkası, peşəkar idarəçilik qabiliyyəti, millətinə və dövlətinə sədaqəti, həmçinin xalq qarşısındakı misilsiz xidmətləri və insanlar üçün gördüyü çoxsaylı xeyirxah əməlləri ilə hər kəsin sevimlisinə çevrilmiş Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da çoxşaxəli fəaliyyətinin önəmli rolu vardır. Mehriban xanım Əliyevanın daxili və xarici siyasətdə bütün dünyada təqdir olunan çoxşaxəli fəaliyyəti, ölkəmizdə təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafındakı xidmətləri dövlətimizin qüdrətlənməsinə və xalqımızın rifahına töhfələr verməkdə davam edir.

Bütün bunlar əminliklə onu deməyə əsas verir ki, ümummilli liderin müasir tələblərə uyğun uğurla gerçəkləşdirilən ali və ölməz ideyaları hər zaman yaşayır və yaşayacaqdır. Ona görə də, qətiyyətlə bildiririk ki, fədakar həyatı, çoxşaxəli və mükəmməl fəaliyyəti ilə "Dünyanın ən böyük azərbaycanlısı" adını qazanmış dünya şöhrətli böyük siyasətçi ulu öndər Heydər Əliyevin əziz xatirəsi bəşər tarixində və hər bir vicdanlı azərbaycanlının qəlbində əbədi olaraq qalacaqdır.

İlyas Rzayev
Bakı hərbi prokuroru, ədliyyə polkovniki, hüquq üzrə magistr


Femida.az



Açar sözlər: #hərbiprokurorluq  

Oxunub: 2297