Probasiya Xidmətinin qeydiyyatında olanların sayı 18 mini ötüb


14:28     14 İyun 2020 20_06_14_1592130602.jpg

Cəzaların icrası sahəsində həyata keçirilən islahatlar insanların azadlıq hüququnun qorunmasına və məhkum olunan şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilməsinə və sosial adaptasiyasına xidmət edir.

Ədliyyə Nazirliyindən Femida.az-a verilən məlumata görə, son illər azadlıqdan məhrumetməyə alternativ cəzaların daha geniş tətbiq olunması nəticəsində Probasiya Xidmətinin qeydiyyatında olan şəxslərin sayı cari ilin 5 ayı ərzində 18 mini ötüb.

Onlardan 4800-ə yaxın azadlığın məhdudlaşdırılması, 6 000-dən çox cərimə, islah və ictimai işlər, 2 300 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilib, 2 400 şərti məhkum edilib və 156 nəfər cəza çəkməsi təxirə salınmış şəxslərdir.

Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasına məhkum olunanların sayı 1 200-ə yaxın, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilənlərin sayı isə 406 nəfər təşkil edilr.

Həmçinin, ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş 654 nəfər, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş 354 nəfər probasiya nəzarətindədir.

Azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası diqqətdə saxlanılaraq bu dövrdə 3 900-dən çox şəxs cəza müddətinin başa çatması ilə əlaqədar və digər qanuni əsaslarla probasiya qeydiyyatından çıxarılmışdır. Onlardan cəza çəkməkdən boyun qaçıran 206 nəfərin cəzası isə məhkəmələr tərəfindən daha ağır cəza növü, o cümlədən 82 nəfərin cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunub.

Femida.az

Açar sözlər: #probasiya   #ədliyyə  

Oxunub: 2201