AZAL İstanbula iki xüsusi reys yerinə yetirəcək


21:12     14 İyun 2020 azalll1.jpg

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) 17 və 18 iyun tarixlərində Bakı-İstanbul-Bakı istiqamətində xüsusi reyslər yerinə yetirəcək.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək.

Bakı-İstanbul-Bakı istiqamətində reyslərə aviabilet satışı aviaşirkətin www.azal.az saytında 15 iyun tarixində açılacaq.

Bakı-İstanbul reysinə həm Azərbaycan, həm də Türkiyə vətəndaşları (və ya bu ölkədə yaşayış hüququ olan şəxslər) aviabilet əldə edə bilər. Türkiyəyə səfər edən Azərbaycan Respublikası vətəndaşları Türkiyə ərazisinə daxil olma qaydaları ilə tanış olmaq və müvafiq icazələrin alınması üçün Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinə müraciət etməlidirlər.

İstanbul-Bakı reysinə isə yalnız Azərbaycan vətəndaşları buraxılacaq.

Yeni qaydalara əsasən, uçuşlara yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) testini keçən və neqativ nəticə alan sərnişinlər buraxılacaq. Bu halda COVİD-19 neqativ müayinə arayışı ilə İstanbul-Bakı reysi ilə səfər edən Azərbaycan vətəndaşları karantində saxlanmaq tələbindən azad olunurlar. Lakin COVID-19 simptomları müəyyən olunan sərnişinlər təkrar tibbi müayinəyə cəlb oluna bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 1238