Vəkil: "Bütün məhdudiyyətlər sağlamlığın və həyatın qorunması üçün tətbiq edilir"


13:44     17 İyun 2020 20_06_17_1592387651.jpg


Karantin rejimi dövründə, xüsusən son günlərdə bəzi vətəndaşlarımızın ölkəmizdə COVID-19 virusuna qarşı mübarizə tədbirlərinə qarşı mənfi reaksiyaları müşahidə edilməkdədir. Bu, əsasən karantin rejiminə məhəl qoymamaq və ya pozmaq, sosial şəbəkələrdə və ictimai yerlərdə narazılıq ifadə etmək, rejimin pozulmasına çağırışlar etmək və hətta görülən tədbirlər barədə yanlış hüquqi qiymətləndirmə verməklə ifadə olunur.

Bununla əlaqədar qeyd etmək lazımdır ki, respublikamızda virusla mübarizə istiqamətində görülən bütün tədbirlər "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikasının Qanununa, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya Qanununa və ən əsası Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq qaydada həyata keçirilir.

Vətəndaşlarımızın bəziləri, onların sərbəst hərəkət hüququnun pozulmasından narazıdır. Həqiqətən, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Lakin hüquq və azadlıqlarımız məhdudiyyətsiz deyil. Konstitusiyanın digər müddəalarına əsasən, hüquqlarımız müəyyən səbəblərə görə məhdudlaşdırıla bilər.

Konstitusiyanın 71-ci maddəsinin II hissəsinə əsasən, insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz, hüquq və azadlıqlar yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Konstitusiyanın 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır və hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Hər kəs bilməlidir ki, Konstitusiyamıza əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipindən biri odur ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir və hüquqlardan sui-istifadəyə yol verilmir.

"Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.6-cı maddəsində birbaşa göstərilir ki, Konstitusiyanın 28-ci maddəsinin III hissəsində göstərilən hüquqlar və azadlıqlar dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.

Qeyd olunan kontekstdə aktual olan bir neçə məqam vurğulanmalıdır. Yəni bizim sərbəst hərəkət etmək hüququmuz başqalarının hüquq və azadlıqları ilə məhdudlaşdırıla bilər, cəmiyyət və digər şəxlər qarşısında hər birimiz hüquq və azadlıqlarımızdan bilavasitə irəli gələn vəzifələr daşıyırıq və hər birimiz başqalarının hüquq və azadlıqlarına hörmətlə yanaşmalıyıq. Yuxarıda qeyd olunanlardan belə nəticə yaranır ki, vətəndaşların sərbəst hərəkət etmək və Azərbaycan Respublikasının ərazisindən kənara getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması, Azərbaycan Respublikasının qanunları və Konstitusiyasına müvafiqdir.

Bəs karantin rejimi çərçivəsində, leyhinə sərbəst hərəkətə məhdudiyyətlər qoyulmuş bu hüquq və azadlıqlar hansılardır? "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.6-cı maddəsindən də göründüyü kimi bütün məhdudiyyətlər əhalinin konstitusion hüquqları olan sağlamlığın və həyatın qorunması üçün tətbiq edilir.

Bilmək və qəbul etmək lazımdır ki, hüquqlarla yanaşı bizim, həmçinin, vəzifələrimiz və öhdəliklərimiz də var. Azadlıq hüququmuzun təmin edilməsini tələb edərkən, digər şəxlərin yaşamaq hüququnu (Konstitusiyanın 27-ci maddəsi), təhlükəsiz yaşamaq hüququnu (maddə 31), sağlamlığın qorunması hüququnu (maddə 41) pozmamalıyıq və həmin hüquqlara hörmətlə yanaşmalıyıq. Pandemiya şəraitində sərbəst hərəkət etmək azadlığı vətəndaşların sağlam və təhlükəsiz yaşamaq hüquqlarını pozur.

Biz hamımız COVİD-19 virusunun potensial daşıyıcılarıyıq və sanitariya-gigiyena və ya karantin rejimini pozmaqla, fərdi qoruyucu vasitələrdən istifadə etməməklə, tibbi maskalar taxmamaqla virusu yaymış ola bilərik. Bilmək vacibdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda, iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər isə ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cəmiyyətdə virusun olmadığının və buna dair vəziyyətin şişirdilməsinin bir çox tərəfdarları var və "mən koronavirusa inanmıram" kimi ifadələr eşidilir, əlbəttə ki, biz fikirlərimizi və sözlərimizi ifadə etməkdə azadıq, lakin qüvvədə olan sanitariya-gigiyena və karantin rejimlərinə əməl etmək hər birmizin borcudur. "Mən bu virusa inanmıram" kimi mövqeyimizi ifadə edərkən biz hər bir halda məsuliyyətli olmalıyıq, virusun mövcudluğunu bilən və ona inanan insanların mövqeyinə və hamının sağlam və təhlükəsiz yaşamaq hüququna hörmətlə yanaşmalıyıq və buna görə qoruyucu maskalar ​​taxmalı, məsafəni saxlamalı və müvafiq gigiyena tədbirlərini mütləq olaraq həyata keçirməliyik.

Pandemiya bəlasından daha az itkilərlə çıxmaq, bu kütləvi virusdan tez bir zamanda qurtulmaq üçün cəmiyyətin bütün üzvlərinin birləşməsi, həmrəy və məsuliyyətli olması çox vacibdir. Yalnız karantin rejiminə dair bütün tələblərə əməl etmək ən qısa müddətdə müsbət nəticələr verə bilər və tezliklə vətəndaşlarımız ölkəmizin daxilində sərbəst hərəkət edə, ölkəmizin ərazisindən kənara gedə və maneəsiz qayıda bilərlər. Bu virusun mövcudluğuna və əhalinin həyatı və sağlamlığı üçün təhlükəli olduğuna inanmamağa hər hansı bir səbəb yoxdur. Ölkə başçısı və Azərbaycan hökuməti iqtisadi baxımdan mənfi nəticələrə rəğmən virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görürsə, bu o deməkdir ki, bu virus həqiqətən də təhlükəlidir və baş verənlərə ciddi və məsuliyyətli yanaşmaq lazımdır.

Lalə Nağıyeva
Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü


Femida.az

Açar sözlər: #vəkil   #karantin   #pandemiya   #qanun   #hüquq  

Oxunub: 2478