Müasir və çevik dövlət qulluğu sistemi


12:24     23 İyun 2020 20_06_23_1592900781.jpg


Covid-19 pandemiyasının təsiri nəticəsində bütün ölkələr iqtisadi, sosial, humanitar siyasətini dəyişməyə məcbur oldular. Ölkələrdə pandemiya ilə mübarizə sahəsində fərqli siyasət tətbiq edilir və müxtəlif preventiv mexanizmlər yaradılıb. Bu mexanizmlərin icrasının təmin edilməsində dövlət qulluqçularının mühüm rolu var.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə Covid-19 ilə mübarizə istiqamətində yeni texnologiyaların tətbiqi ilə yanaşı, müasir üsullarla strateji müdafiə mexanizmi yaradılıb. Hətta bu preventiv üsulların inkişafı məqsədilə Microsoft, CİSCO və digər beynəlxalq transmilli təşkilatlarla ikitərəfli müzakirələr aparılıb. Koronavirusla mübarizədə effektiv və operativ siyasətin həyata keçirilməsi məqsədilə beynəlxalq standartlara cavab verən dövlət qulluğu sistemi olmalıdır. Son illərdə ölkədə dövlət qulluğu sistemində vacib dəyişiklər edilmişdir.

Beynəlxalq standartların tətbiqi məqsədilə dövlət qulluqçuları ixtisasartırma proqramlarındam keçirlər və yeni texnologiyalar sahəsində müasir İT bilikləri tətbiq edirlər. Bu sistemin uğurlu implementasiyası məqsədilə peşəkar və məsuliyyətli dövlət qulluqçuları fəaliyyət göstərməlidir. Ölkədə dövlət qulluqçularının vətəndaşlara göstərdikləri xidmət şəffaf, inam, məsuliyyət, keyfiyyət və digər prinsiplər əsasında qurulub.

Bu gün dövlət qulluğunda peşəkar, məsuliyyətli, innovativ, mədəni keyfiyyətləri özündə birləşdirən kadrlar fəaliyyət göstərir. İnsan kapitalı cəmiyyətin davamlı inkişafının təminatıdır. Ölkədə dövlət qulluğu sahəsində milli qanunvericilik yaradılıb, dövlət qulluqçularının yaşayış şəraitinin yaxşılaşdırılması, peşə və ixtisas biliklərinin artırılması, dövlət qulluğu sistemində gender balansının təmin edilməsi və yeni texnologiyaların tətbiqi sahəsində vacib addımlar atılıb.

Dövlət qulluğunda gender bərabərliyinin təmin edilməsi və dövlət qadın siyasətinin inkişaf etdirilməsi məqsədilə dövlət orqanlarında gender bərabərliyi üzrə əlaqələndiricilər təyin edilmişdir. Eyni zamanda, qadınların bütün sahələrdə və xüsusilə də dövlət qulluğunda təmsilçiliyinin artırılması məqsədilə milli qanunvericilikdə yeni qanunlar qəbul edilmişdir. 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən işəgötürən əmək fəaliyyətində kişi və qadınların bərabərliyini təmin etməlidir. İşəgötürənin işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığı keçdiyi və əlavə təhsil aldığı zaman, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq, işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq, cinsindən asılı olmayaraq, eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq vəzifələri var.

Yuxarıda sadalanan fəaliyyətin nəticəsi kimi, bu gün ölkədə dövlət qulluqçularından 28.2 faizini qadınlar təşkil edir. Dövlət qulluğunun bütün sahələrində qadınlar fəaliyyət göstərirlər. Qadınlar Azərbaycan cəmiyyətində diplomatiyada, hərbi, mədəni, səhiyyə, təhlükəsizlik, sosial, humanitar, texniki, innovasiya, kənd təsərrüfatı sahələrində təmsil olunular. Əmək bazarında bərabər təmsilçiliyin təmin edilməsinin ölkənin iqtisadi və sosial inkişafına birbaşa təsiri var. Bu isə dövlət qulluqçularına vətəndaşlar tərəfindən inam yaradır.

Son illərdə ölkədə dövlət qulluğu sistemində koordinasiya-əməkdaşlıq işində yeni texnologiyalar tətbiq edilir, peşəkarlıq və fərdi məsuliyyət artırılıb. Dövlət qulluqçusunun etik davranışı və peşəkar fəaliyyəti ilə dövlət orqanlarına inam artırılıb.

Dövlət qulluqçularının fəaliyyəti insanların hüquq və azadlıqlarının, qanuni maraqlarının təmin olunmasına və qorunmasına xidmət edir. Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə yol verməməlidir.

Dövlət qulluğu sisteminin təkmilləşdirilməsi ilə bağlı yeni texnologiyaların tətbiqi sahəsində vacib addımlar atılmışdır. Xüsusilə, elektron sənəd dövriyyəsinin və yeni proqram təminatlarının hazırlanması vətəndaşlar üçün xidmətlərin keyfiyyətinin artırılmasına təsir edir. Nümunə üçün, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 iyun tarixində “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin qəbul edilməsi ilə bağlı Fərmanı islahatların davam etdirilməsini təsdiqləyir.

Ölkə başçısı tərəfindən qəbul edilən qərarlar sayəsində vətəndaşlar üçün pandemiyanın təsirini azaltmaq məqsədilə müasir, çevik, növbəli struktur və qanunvericilik islahatları aparılır. Beynəlxalq təşkilatların, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının və Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə əsasən bir çox ölkələrlə müqayisədə pandemiya ilə mübarizədə ölkədə preventiv mexanizmlər daha tez qəbul edilmiş və daha da effektiv həyata keçirilmişdir. Bu siyasət insan hüquq və azadlıqlarının müdafiəsinə də birbaşa təsir göstərir. Elektron məhkəmə sisteminin yaradılması və təkmilləşdirilməsi insan hüquq və azadlıqlarının qorunmasında yeni və mütərəqqi addımlardan biridir. Elektron məhkəmə sisteminin tətbiqi uşaq və qadın hüquqlarının müdafiəsinə, alimentlərin ödənilməsi, qanunvericilikdə müəyyən edilmiş müddətdə məhkəmə işlərinin operativ şəkildə baxılmasına, məhkəmə qərarlarının icrasına müsbət təsir göstərir.

Elektron məhkəmə sisteminə əsasən, onlayn təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, elektron sənəd dövriyyəsinin bütün ədliyyə sistemində yaradılması, məlumat və arxiv sisteminin elektronlaşdırılması vətəndaşların məhkəmələrə olan müraciətlərini asanlaşdırır. Elektron məhkəmə sistemi yeni nəsil insan hüquq və azadlıqlarının formalaşmasına təsir göstərir. Yeni nəsil insan hüquqlarında isə elektron formada yerləşdirilən şəxsi məlumatların konfidensiallığının qorunması hüququ, onlayn şəkildə video və audio müraciətlərin edilməsi və qəbulu, məhkəmə qərarlarının icrasında şəxsi kabinet vasitəsilə məlumtlandırma və s. qeyd etmək olar.

Azərbaycan isə bu islahatlarda ən yaxşı təcrübələrə malik olan ölkələrin siyahısına daxil olub. Pandemiya zamanı elektron məhkəmə sistemi vətəndaşların müraciətlərinə baxılmasında, məhkəmə icraatının aparılmasında və yeni müasir sistemin tətbiqində vətəndaşların şəxsi təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının və maraqlarının qorunmasına dəstək olur.

Beləliklə də, 2020-ci ildə Elektron Hökumət sisteminin təkmilləşdirilməsi BMT-nin qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında Azərbaycanın beynəlxalq səviyyədə yaxşı təcrübəsini formalaşdırıb. Yuxarıda sadalanan tədbirlər isə vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, iqtisadiyyatın inkişafına, sosial problemlərin aradan qaldırılmasına, ailələrin möhkəmləndirilməsinə birbaşa təsir göstərir.

Eyni zamanda, bu il cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan tarixində birinci dəfə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiya”sı təsdiq edilmişdir. Bu sənədə əsasən uşaqlara qarşı zorakılığın, uşaq nikahlarının, uşaq ölümlərinin sayının azalmasına, uşaqların inkişaf, təhsil, yaradıcılıq və digər hüquqlarının təmin edilməsinə yönəlib.

Beləliklə, pandemiya zamanı ölkədə dövlət orqanları daha operativ və daha da effektiv fəaliyyət göstərmək məqsədilə tədbirlər görürlər. Vətəndaşların dövlət xidmətlərindən istifadəsindən razı qalmaları məqsədilə yeni milli meyarlar formalaşıb. Və bu meyarlar yeni texnologiyalarla və müasir üsullarla bağlıdır.

Yeni texnologiyalarla yanaşı, regionlarda, xüsusilə kəndlərdə vətəndaşlara göstərilən xidmətlərin gücləndirilməsi vacibdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları tərəfindən mütəmadi olaraq sağlamlığı məhdud olan uşaqlara, zorakılığa məruz qalmış insanlara və ümumiyyətlə, psixoloji dəstəyə ehtiyacı olan vətəndaşlara hüquqi, psixoloji, sosial yardım edilir. Eyni zamanda, ölkənin bütün yerli icra hakimiyyəti orqanlarında gender əsaslı zorakılıqla mübarizəyə dair komissiyalar yaradılıb. Bu fəaliyyət ən həssas kateqoriyadan olan insanlara dəstəyin göstərilməsi məqsədilə yaradılıb.

Eyni zamanda, ölkədə elektron hökumət sisteminin inkişaf etdirilməsi məqsədilə vacib addımlar atılmışdır. Müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları vətəndaşlara e-xidmətlərin göstərilməsi və xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edir.

Dövlət qulluqçuları mütəmadi öz biliklərini artırmalıdır, “hightech” sahəsində yenilikləri mənimsəməlidir, öz peşəkarlıq səviyyəsi ilə gündəlik yeni çağırışlara cavab verməyə hazır olmalıdır. Bu gün vətəndaşların müraciətlərinin müsbət şəkildə həllinin tapılması dövlət orqanları üçün sağlam rəqabətin aparılması ilə nəticələnir. Rəqabət keyfiyyətli və məsuliyyətli xidmətin göstərilməsi ilə qiymətləndirilir.

Dövlət qulluğu sistemi təkmilləşdirilib və virtual həyatda vətəndaşlara göstərilən xidmətlərin asanlaşdırılmasına yönəldilib. Eyni zamanda, vətəndaşların internet resurslardan istifadə edərkən təhlükəsizliyinin təmin edilməsinə yönəldilib. Beləliklə, dövlət qulluqçuları cəmiyyətdə peşəkar, məsuliyyətli, innovativ, mədəni, qərəzsiz və ümumiyyətlə, müsbət bir nümunəyə çevrilib.

Vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində ölkədə müasir və çevik dövlət qulluğu sistemi yaradılıb və inkişaf edir. Bu sistemin əsas məqsədi isə vətəndaşlara göstərilən xidmətlərin yüksək səviyyədə təmin edilməsi və maraqların nəzərə alınmasıdır. Bu prinsipin icrası isə Azərbaycanın hərtərəfli inkişafına və tərəqqisinə əsas töhfə verəcək.


Hüquq üzrə Fəlsəfə Doktoru,
Dövlət qulluğunun müşaviri,
AQUPDK-nın İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri


Femida.az

Açar sözlər: #dövlətqulluğu  

Oxunub: 3851