AQTA yeni elektron sistemin tətbiqinə başladı


13:04     24 İyun 2020 2020/06/42714ad1-6f99-45b6-9238-fb20f242df2d_1592990077.jpg


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşlarının keçirdiyi yoxlamaların gedişatının onlayn qeydə alınması, onun mərkəzdən idarə edilməsi, yoxlama materiallarının planşetlər vasitəsilə mərkəzə ötürülməsi və bütün məlumatların Agentliyin vahid məlumat mərkəzində toplanması və idarə edilməsini təmin etmək məqsədilə yeni elektron sistem işə düşüb.

AQTA-dan Femida.az-a verilən məlumata görə, yeni sistem vasitəsilə Agentlik əməkdaşlarının sahibkarlıq subyektlərinə daxil olduğu andan etibarən yoxlama yekunlaşanadək prosesi Agentliyin Monitorinq Mərkəzində canlı şəkildə onlayn izləmək mümkün olacaq.

Eyni zamanda daxil olan bütün məlumatlar sistem vasitəsilə arxivləşdiriləcək ki, bu da sözügedən məlumatların mütəmadi təhlilinin aparılmasına, planlı yoxlamalar zamanı məlumatların təkrar istifadəsinə imkan verəcək. Yoxlama zamanı mübahisəli məqam yarandıqda sistemdə toplanan arxiv bazasına daxil olmaqla istənilən informasiyanı qısa zamanda əldə etmək və araşdırmaların şəffaf və operativ həyata keçirilməsini təmin etmək mümkün olacaq. Eyni zamanda arxivləşdirilmiş məlumatlar müfəttişlərin təlimləri zamanı da əyani vəsait kimi istifadə ediləcəkdir.

Qeyd edək ki, Agentlik bundan sonra da əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi tədbirləri çərçivəsində innovativ metodlardan istifadəni davam etdirəcək.

Femida.az

Açar sözlər: #AQTA  

Oxunub: 362