Dövlət Himninin ədliyyə orqanlarında ifa edilməsi qaydası təsdiqlənib


16:14     24 İyun 2020 20_06_24_1593000923.jpg


Ədliyyə Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikasının Dövlət Himninin ədliyyə orqanlarında ifa edilməsi, ifa edilən zaman əsgəri salam verilməsi, dinlənilməsi və oxunması Qaydası”nı təsdiq edib.


Femida.az-ın məlumatına görə, qərarda bildirilir ki, ədliyyə orqanlarının keçirdiyi tədbirlər zamanı ifa edilən Dövlət Himninin musiqisi və mətni “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olmalıdır. Ədliyyə orqanlarında Azərbaycan Respublikasının Dövlət Himni qapalı və ya açıq məkanda səsləndirilərkən səsin təzyiqinin səviyyəsi Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları”na uyğun tənzimlənir.

Tədbirlərdə Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən Dövlət Himni ifa edildikdə iştirakçılar üzü bayrağa tərəf durmalıdırlar. Azərbaycan Respublikasının bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və ya bağlanışı zamanı; Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələrlə əlaqədar təşkil edilən tədbirlərdə; ədliyyə işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirlərdə; ədliyyə orqanlarına qulluğa qəbul olunan şəxslərin andiçmə mərasimi keçirildiyi zaman; Nazirliyin rəhbər heyəti tərəfindən əməkdaşların və hərbi qulluqçuların nümunəvi çıxışlarına baxış zamanı Dövlət Himni mütləq ifa edilir.

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayı və Konvoy taborunda Mühafizə alayı və Konvoy taboruna aid əlamətdar tarixi hadisələrlə bağlı təşkil edilən tədbirlərdə; ümumalay və ya ümumtabor yoxlanışı vaxtı; hərbi andiçmə mərasimləri zamanı; Döyüş Bayrağının verilməsi mərasimlərində və Parad (nümayiş, təntənəli yürüş) keçirildikdə Dövlət Himni mütləq ifa edilir.

Dövlət Himni Ədliyyə orqanları tərəfindən keçirilən digər mühüm tədbirlər zamanı da səsləndirilə bilər. Ədliyyə orqanlarında Dövlət Himni səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam səsləndirilir, sözlərinin və musiqisinin təhrifinə, yaxud başqa dildə oxunmasına yol verilmir.

Dövlət Himni ifa edildikdə işçilər onu ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar.

Dövlət Himninin Mühafizə alayında və Konvoy taborunda ifa edilməsi, ifa edilən zaman əsgəri salam verilməsi, dinlənilməsi və oxunmasına dair tələblər də qeyd edilib. Bildirilib ki, Dövlət Himni ifa ediləndə sıradakı əməkdaşlar və hərbi qulluqçular komanda verilməmiş “farağat” vəziyyətini alır, taqım komandirləri və onlardan yuxarı bütün bölmələrin komandirləri əsgəri salam verirlər. Sırada olmayan əməkdaşlar və hərbi qulluqçular Dövlət Himni ifa ediləndə komanda verilməmiş “farağat” vəziyyətini alır, baş geyimində olanlar isə əsgəri salam verirlər. Dövlət Himninin ədliyyə orqanlarında mütləq ifa edildiyi hallarda Mühafizə alayı və Konvoy taborunda Dövlət Himni musiqisinə (partiturasına) uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir, şəxsi heyət tərəfindən oxunur.

Femida.az

Açar sözlər: #ədliyyə  

Oxunub: 3868