Baş prokuror Almaniyanın ölkəmizdəki səfiri ilə görüşüb


16:51     24 İyun 2020 2020/06/06647b5d-84d2-42cf-8a53-136a3bfa9c30_1593003152.jpg

İyunun 24-də Baş prokuror Kamran Əliyev Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqlə görüşüb.


Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan Baş prokuror ölkələrimiz arasında dərin tarixi köklərə malik münasibətlərin inkişafından söhbət açıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları barədə geniş məlumat verib.

Kamran Əliyev dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışaraq cinayətkarlıqla mübarizədə, xüsusən də korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla, habelə Avropa ölkələrinin ixtisaslaşmış qurumları ilə əməkdaşlığın əhəmiyyətini vurğulamaqla prokurorluq əməkdaşlarının ümumi peşə hazırlığının artırılması və təcrübə mübadiləsinin aparılması məqsədi ilə tərəfdaş ölkələrin, o cümlədən Almaniyanın dövlət qurumları və təhsil müəssisələri ilə ikitərəfli əlaqələrin inkişafına böyük önəm verildiyini qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Volfqanq Maniq ölkəmizdə görülən işləri, aparılan məhkəmə-hüquq islahatlarını yüksək qiymətləndirib, prokurorluq orqanlarında struktur dəyişikliyi ilə əlaqədar yaranmış yeni idarələrin fəaliyyət istiqamətləri, habelə prokurorluq orqanlarına qəbul proseduru, gənc prokurorluq əməkdaşlarının peşə hazırlığı səviyyələrinin artırılması məsələləri ilə dərindən maraqlanaraq, xalqlarımız və ölkələrimizin mənafeləri, ikitərəfli münasibətlərin inkişafı naminə, habelə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları, o cümlədən prokurorluq orqanları ilə əməkdaşlıq istiqamətində münasibətlərin inkişaf edəcəyinə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə maraq kəsb edən suallara və mövzulara dair ətraflı məlumatın verilməsi təmin edilməklə, bir sıra digər məsələlər müzakirə edilmiş, faydalı fikir mübadiləsi aparılıb.



Femida.az

Açar sözlər: #başprokuror   #KAmranƏliyev   #Almaniya   #səfir  

Oxunub: 676