Cərimələr kəskin artırılmasa, karantin müddəti uzana bilər


21:24     25 İyun 2020 siyavuş7.jpg

26 iyun tarixi ölkəmiz üçün çox əlamətdar bir gündür. Bu tarix ölkəmizin və xalqımızın ən əhəmiyyətli bayramlarından biridir. Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan üçün ordu quruculuğu çox mühüm əhəmiyyət kəsb edir. Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın geri qaytarılması üçün güclü hazırlığa, maddi-texniki bazaya malik olan ordunun olması əsas şərtdir. Digər tərəfdən, güclü ordu elə güclü dövlət deməkdir.

Femida.az -ın məlumatına görə, bunu YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

YAP İcra katibinin müavinin sözlərinə görə, bu gün Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı çox yüksəkdir: "Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Təkcə kəmiyyət etibarı ilə deyil, peşəkarlıq və təminat-təchizat baxımından da ordumuz öndədir. Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan Ordusu bu gün ən müasir texnika, silahlarla təmin olunub. Belə ki, öz ordusunu müasirləşdirən dövlətimiz bunun üçün dünyanın inkişaf etmiş ölkələri ilə əməkdaşlıq edir. Əlamətdar gün münasibətilə ölkə Prezidentini, Birinci vitse-prezidentimizi, xalqımızı, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü göz bəbəyi kimi qoruyan Silahlı Qüvvələrimizin hər bir üzvünü ürəkdən təbrik edirəm, bu müqəddəs işlərində uğurlar arzulayıram”.

Siyavuş Novruzov Azərbaycanın koronavirus (COVID-19) pandemiyası ilə apardığı mübarizə məsələsinə də toxunaraq deyib ki, Azərbaycanın təcrübəsi dünya miqyasında müsbət nümunə kimi dəyərləndirilir, bir çox ölkələrə örnək göstərilir: “Xüsusilə də dövlətimizin öz təşəbbüsləri və əməli addımları ilə hazırkı şəraitdə dövlətlər və xalqlar arasında təmasların sıxlaşmasına, qlobal pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına mühüm töhfələr verməsi yüksək qiymətləndirilir. Bütün bu faktlar Azərbaycan dövlətinin insanların sağlamlığı, təhlükəsizliyi və rifahına xüsusi diqqət yetirdiyini, eyni zamanda, bu kontekstdə qlobal səylərini əsirgəmədiyini göstərir. Bu, həm də onun ifadəsidir ki, humanizm dəyərləri və ənənələrinə əsaslanan Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu siyasətin nəticələri vətəndaşlar tərəfindən olduqca yüksək dəyərləndirilir. Dövlətimizin başçısına mütəmadi olaraq ünvanlanan çoxsaylı minnətdarlıq məktublarında əksini tapan fikirlər də bunun bariz təzahürüdür”.

Amma bütün bunlara baxmayaraq bu gün karantin qaydalarına vətəndaşlar tərəfindən əməl olunmamasını və ona görə də sərt qaydaların tətbiq olunmasının zərurətə çevrildiyini deyən Milli Məclisin Komitə sədri bildirib ki, cərimələrin artırılması ilə vətəndaşlar inzibati resurslarla qaydalara məcburi tabe edilməlidir. Əks halda ciddi itkilərin olması gözlənilir: “İnsanlara dəfələrlə bildirildi ki, əgər qaydalara məsuliyyətli şəkildə əməl etməslər, karantin rejimi daha da sərtləşdiriləcək. Çünki virusun qarşısının alınmasında əsas rolu vətəndaş oynayır. Lakin görünən odur ki, onlar qoyulan tələblərə əməl etmək istəmirlər. Bu baxımdan da vətəndaşların qaydalara əməl etməməsi görülən tədbirləri effektsiz edir. Düşünürəm ki, bunun qarşısını almaq üçün karantin rejimi daha da sərtləşdirilməlidir. Bəlkə o zaman insanlar vəziyyətin ciddiliyini başa düşərlər. Baxmayaraq ki, cərimələr tətbiq olunur, amma görünən odur ki, hazırkı cərimənin miqdarı insanlara vəziyyətin ciddiliyi dərk etdirmir. Bu baxımdan düşünürəm ki, cərimələri daha da artırmaq lazımdır, bəlkə insanlar vəziyyətin ciddiliyini bundan sonra dərk edib, qaydalara əməl edərlər. Vətəndaşlarımız qaydalara əməl etməməklə Azərbaycan Respublikasının Konstitusiyasının 5 maddəsini pozmuş sayılırlar. Bu məsələ hər bir şəxsin fərdi məsələsi deyil, bu ümumilikdə millətin məsələsidir. Burada başlıca olaraq millətin taleyindən, dövlətin, ailənin təhlükəsizliyindən söhbət gedir. Karantin rejiminin yumşalması ilə yanaşı, şəhərdə tibbi maska taxanların da sayı azalıb. Müşahidələr göstərir ki, əhalidə sanki arxayınlıq yaranıb, küçədə, marketlərdə, avtobuslarda və ya digər məkanlarda sosial təcrid qaydalarına demək olar əməl edilmir. Halbuki mütəxəssislər yoluxmanın ikinci dalğasının başlaya biləcəyinə dair xəbərdarlıq edirlər.

Qərb ölkələrində ictimai yerlərlə bahəm, nəqliyyatda maskadan istifadə olunması məcburidir və qaydanı pozanları böyük məbləğdə cərimələr gözləyir. Məsələn, Rusiyanın paytaxtı Moskvada ictimai nəqliyyatda maskasız olan şəxsi 4 min rubl məbləğində cərimə gözləyir. ABŞ-da ştatlardan asılı olaraq, cərimələrin məbləği dəyişir. Məsələn, Merilend və ya Konnektikutda avtobusda maskasız olan 50 dollar məbləğində cərimələnirsə, Nyu-Yorkda avtobus və ya metroda maskasız şəxs 1000 dollarlıq cərimə ödəməlidir. Qətərdə ictimai yerlərdə maska taxmaq məcburidir. Qaydanı pozmaq həbs və ya çox iri məbləğdə cəriməyə səbəb olur. Üz maskası taxmamaq cəzası 200 min riyal (təxminən 55 min dollar) cərimə və ya üç il müddətinə azadlıqdan məhrumetmə ilə şərtləndirilə bilər. Amma Azərbaycanda vəziyyət tamam başqadır və insanlar da bu yumşalma tədbirlərindən sui-istifadə hallarına yol verirlər. Bu mənada hesab edirəm ki, əgər Azərbaycanda rəqəmlər artım tempi ilə davam etsə, karantin rejimi daha da ağırlaşmalı, cərimələr artırılmalıdır. Yoxsa bunun qarşısını almaq mümkün olmayacaq”.

Femida.az

Açar sözlər:

Oxunub: 829


Oxşar xəbərlər