Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi aparılacaq


13:15     29 İyun 2020 magistr0.jpg

İyul ayında magistraturanın boş qalan plan yerlərinə yenidən ixtisaslaşma seçimi elan ediləcək və qəbul aparılacaq.

Dövlət İmtahan Mərkəzindən Femida.az-a verilən məlumata görə, magistr proqramları (ixtisaslaşmaları) üzrə boş qalan yerlərin siyahısı və həmin yerlərin müsabiqəsində iştirak etmək üçün elektron ixtisas seçimi haqqında elan iyul ayında Dövlət İmtahan Mərkəzinin internet saytında və “Magistr” jurnalının növbəti sayında təqdim ediləcək.

Bildirilib ki, iyul ayının 6-dan 15-dək qeydiyyat başa çatdıqdan sonra boş qalan plan yerləri yenidən müsabiqəyə çıxarılacaq və ixtisaslaşma seçimi aparılacaq.

Xatırladaq ki, 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 11380 bakalavrdan 8324 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 3069 nəfəri dövlət sifarişi, 5255 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Onlardan 5229 nəfəri ali təhsil müəssisələrinin cari, 3095 nəfəri isə əvvəlki illərin məzunudur. Müsabiqənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul planı 88.38 % dolub. 1094 plan yeri (11.62 %) boş qalıb.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar iyulun 6‑dan 15-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 323