Səhiyyə Nazirliyi: Bakı və ətrafında 39 COVID-19 məntəqəsi yaradılıb


19:50     30 İyun 2020 20_06_30_1593530206.jpg

“İnsanların xəstəliyi tək koronavirusdan ibarət deyil, yanaşı xəstəliyi olanlar da var”.

Femida.az -ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov bildirib.

N. Zeynalov deyib ki, xəstəxanalara düşən ağırlığın azaldılması üçün yükün bir hissəsini poliklinikalar öz üzərinə götürür.


“Kimdəsə simptom varsa, poliklinikaya gəlmək lazım deyil, telefonla əlaqə saxlamaq lazımdır. Bakı və ətrafında 39 COVID-19 məntəqəsi yaradılıb. Məlumatlar bu məntəqələrə çatdırılacaq, xüsusi həkim briqadası evə gələrək analiz götürəcək. Testin nəticəsi çıxana qədər evdə təcrid olma və digər təlimatlar veriləcək. Əgər testin nəticəsi müsbət çıxarsa, yüngüldürsə, müalicə sahə həkiminin nəzarəti altında aparılacaq. Yüngül xəstələrin durumu ağırlaşarsa, təcili yardıma məlumat veriləcək və həmin xəstələr xəstəxanalara çatdırılacaq. Bununla da koronaviruslu xəstələrin ətrafdakı insanlarla əlaqəsini azalda bilərik. Yayılmanın sürətini azaltmaq üçün insanların təmasını azaltmaq lazımdır. Əgər əlamət olan insan poliklinikaya gələcəksə, onu ordan uzaqlaşdırmayacaqlar. Orada həmin insanın vəziyyəti qiymətləndiriləcək, lazım olsa test götürüləcək və xüsusi nəqliyyat vasitəsi ilə evinə çatdırılacaq”, - deyə Nazirlik rəsmisi vurğulayıb.

Açar sözlər:

Oxunub: 823