Ali Məhkəmə mirasla bağlı mübahisəli maddəni ictimai müzakirəyə çıxardı


12:30     01 İyul 2020 2019/03/trend_ali_mehkeme_main_1553928835.jpg

Ali Məhkəmə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə mübahisəli hüquqi məsələsini müzakirəyə çıxararaq, maraqlı şəxsləri və təşkilatları əsaslandırılmış hüquqi rəylərini təqdim etməyə çağırıb.

Femida.az xəbər verir ki, mübahisəli hüquq məsələsi Mülki Məcəllənin 1200-cü maddəsi ilə bağlıdır.

Mülki Məcəllənin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.

Hazırda Ali Məhkəmənin icraatında olan mülki iş “iddiaçının övladları ilə birlikdə mərhum əri tərəfindən sağlığında bağışlanılmış əmlaka münasibətdə bağışlanmadığı halda onlara çata biləcək məcburi pay həcmində mülkiyyət və istifadə hüquqlarının tanınmasına” dair tələblə bağlıdır. Tələbin hüquqi əsasını Mülki Məcəllənin 1200-cü maddəsi təşkil edir.

İşə kassasiya qaydasında baxılarkən Ali Məhkəmənin ayrı-ayrı məhkəmə tərkibləri arasında mübahisəli məsələyə münasibətdə fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən olunub.

Bu maddənin tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi zərurəti yarandığı üçün Ali Məhkəmə müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələni ictimaiyyətin diqqətinə çatdıraraq maraqlı şəxsləri və təşkilatları 2020-ci ilin iyulun 31-dək yazılı formada əsaslandırılmış hüquqi rəylərin Ali Məhkəməyə təqdim etməklə müzakirələrdə iştiraka dəvət edirb.

Rəylər yazılı qaydada Ali Məhkəmənin Mülki Kollegiyasının ünvanına və ya elektron poçt vasitəsilə ( [email protected]) göndərilməlidir.

Femida.az


Açar sözlər:

Oxunub: 706