Parlamentin AŞPA-dakı nümayəndə heyəti videokonfrans keçirdi


19:17     02 İyul 2020 2020/07/10649-1593699843_1593703245.jpg

İyulun 2-də Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin videokonfrans formatında iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, tədbirdə Milli Məclisin Sədri Sahibə Qafarova, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov iştirak ediblər.

S.Qafarova pandemiya dövrünün tələblərinə uyğun olaraq, AŞPA-nın onlayn tədbirlərində davamlı olaraq, iştirak edən nümayəndə heyətinin üzvlərinə ölkəmizin reallıqları və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqla bu ümumi platformadan daha fəal və səmərəli istifadə etməyi tövsiyə edib.

Hikmət Hacıyev ölkəmizlə təşkilat arasında münasibətlərin indiki səviyyəsi barədə fikirlərini bölüşərək beynəlxalq təşkilatlardakı parlament nümayəndə heyətləri qarşısında duran vəzifələrin dövlətimizin milli maraqlarına uyğun şəkildə həyata keçiriləcəyinə inamını ifadə edib. Hikmət Hacıyev xüsusilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətin gündəmində saxlanılması, Azərbaycanın haqlı mövqeyinin müdafiə olunması istiqamətində deputatların yüksək fəallıq göstərməsinin hücum diplomatiyamıza mühüm töhfələr verəcəyini bildirib.

Fəxrəddin İsmayılov rəhbərlik etdiyi ofisin fəaliyyəti ilə bağlı məlumat verib.

Daha sonra görüş nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun nümayəndə heyətinin üzvləri ilə gündəmdə olan məsələlər ətrafında fikir mübadiləsi şəklində davam edib.

Tədbirdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və Aparatın Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov iştirak ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 853