Faciə ilə bağlı iclas keçirildi - Son dəqiqə


01:12     08 Dekabr 2015 bas%20nazirartur.jpg

Hazırda itkin düşən 23 şəxsin axtarışı və yanan quyuların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.



Azərbaycanın baş naziri Artur Rasizadənin sədrliyi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının iclası keçirilib.
Femida.az-ın məlumatına görə, SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, baş prokuror Zakir Qaralov 4-7 dekabr tarixlərində itkin düşənlərin axtarışı və xilasetmə, hadisənin baş verməsi səbəblərinin və şəraitinin araşdırılması istiqamətləri üzrə aparılmış tədbirlər haqqında hesabat veriblər. Bildirilib ki, hadisə baş verdikdən dərhal sonra bütün zəruri tədbirlər operativ surətdə görülüb, lakin hava şəraitinin görünməmiş dərəcədə ağır olması partlayış və alovun ani olaraq bütün platformanı bürüməsinə səbəb olub. Buna baxmayaraq, özülün rəhbərliyi və işçi heyəti fədəkarlıq göstərib, təhlükəsizlik texnikası qaydalarının tələblərinə uyğun, təxliyə planına müvafiq hərəkət ediblər.
Ötən müddət ərzində hadisə zamanı özüldə olan 33 şəxs təxliyə edilib, lazımi tibbi müayinədən keçirilib, ambulator və stasionar müalicəyə cəlb edilib, 7 nəfərin cəsədi dənizdən çıxarılaraq sahilə gətirilib və ailələrinə təhvil verilib. Hazırda itkin düşən 23 şəxsin axtarışı və yanan quyuların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. FHN-nin, DSX-nin, Xəzər Dəniz Gəmiçiliyinin, “AZAL”ın gəmi və helikopterləri, SOCAR-ın mütəxəssisləri və lazımi sayda şəxsi heyət bu işlərə cəlb olunub.

İclasda qarşıda duran təxirəsalınmaz məsələlər, habelə qəza nəticəsində zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardımların göstərilməsi, xəsarət alanların müalicəsinin təmin edilməsi, hadisə rayonunda ekoloji vəziyyətin monitorinqinin təşkili məsələləri müzakirə edilib. Maliyyə naziri Samir Şərifovun, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun, səhiyyə naziri Oqtay Şirəliyevin, daxili işlər naziri Ramil Usubovun, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin rəisi Rauf Vəliyevin təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb.
Dövlət Komissiyasının sədri, baş nazir Artur Rasizadə iclasa yekun vuraraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında” 5 dekabr 2015-ci il tarixli sərəncamından irəli gələn vəzifələrin icrası və qəzanın fəsadlarının aradan qaldırılması ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.

Açar sözlər:

Oxunub: 1181