Xızıda 2 il axtarışda olan şəxslər tutulub


11:12     08 İyul 2020 20_07_08_1594190603.jpg

Xızıda axtarışda olan şəxslər saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Xızı rayonu Şurabad qəsəbəsi ərazisində törətdiyi cinayət hadisələrinə görə 2018-ci ildən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - bu maddə də nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə axtarışda olan Sumqayıt şəhər sakini Ağabala Səlimov yaşadığı şəhər ərazisində tutularaq Rayon Polis Şöbəsinə gətirilib.

Ağabala Səlimov ətrafında həyata keçirilən əməliyyat-istintaq hərəkətləri nəticəsində onun qeyd olunan hadisəni qohumu Samir Rzayev və tanışı Fariz Tağıyev ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında törətdiyi məlum olub. Polis əməkdaşları tərəfindən S.Rzayev və F.Tağıyev də yaşadıqları Sumqayıt şəhəri ərazisində saxlanılaraq Xızı RPŞ-nin İstintaq Qrupuna təhvil veriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Ağabala Səlimov qohumu Samir Rzayev və tanışı Fariz Tağıyev ilə qabaqcadan əlbir olaraq 2018-ci ilin iyul ayının 10-da Xızı rayonunun Şurabad qəsəbəsinə gələrək burada əvvəllərdən ədavəti olduğu Orxan Bayramovla mübahisə ediblər. Mübahisə nəticəsində həmin şəxslər Orxan Bayramova və tanışı Elbrus Atakişiyevə bıçaqla xəsarət yetirərək hadisə yerindən uzaqlaşıblar.

Açar sözlər:

Oxunub: 749