Vasif Talıbov prioritetləri açıqladı


17:55     08 İyul 2020 2020/07/31292-1594214929_1594216700.jpg

"Bu gün muxtar respublikada qarşıda duran əsas məsələ enerji təminatında bərpa olunan enerji mənbələrindən istifadəyə üstünlük verməkdir. Görülən işlərin nəticəsidir ki, artıq muxtar respublikada elektrik enerjisinə olan tələbat yerli istehsal hesabına ödənilməklə yanaşı, həm də ixrac imkanları yaranıb".

Femida.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib.

Ali Məclis Sədrinin sözlərinə görə, xüsusilə su və günəş elektrik stansiyalarından alınmış enerji ilə təminata üstünlük verilir ki, bu da Dövlət Energetika Xidmətinin gəlirlərini artırır:

"Hazırda muxtar respublikada elektrik enerjisinə olan tələbatın 55 faizi bərpa olunan enerji mənbələri hesabına ödənilir. İstifadəyə verilən günəş elektrik stansiyalarının ümumi gücü 27 meqavata bərabərdir. Ötən il Kəngərli rayonu ərazisində 2 meqavatlıq Günəş Elektrik Stansiyası istifadəyə verilib. Bu gün isə rayonda 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası fəaliyyətə başlayır. Kəngərli rayonunda istifadəyə verilən günəş elektrik stansiyaları rayon üzrə abonentlərin 32 faizə yaxınını elektrik enerjisi ilə təmin etmək gücündədir".



V.Talıbov qeyd edib ki, muxtar respublikada enerji təhlükəsizliyi sahəsində qarşıda duran əsas vəzifə dünya dövlətlərinin də xüsusi diqqət yetirdiyi bərpa olunan enerji ilə təminat işidir:

"Ona görə də muxtar respublikada günəş enerjisindən, eləcə də mövcud hidroenerji potensialından səmərəli istifadə olunur, dağ çaylarında yeni su elektrik stansiyaları tikilir. Hazırda Ordubad və Tivi su elektrik stansiyalarının tikintisi davam etdirilir. Bu stansiyalar istifadəyə verildikdən sonra muxtar respublikanın elektrik enerjisi tələbatının 90 faizə yaxını bərpaolunan enerji mənbələri hesabına təmin olunacaqdır. Yeni stansiyaların qurulması həm də mütəxəssis hazırlığını zəruri edir. Naxçıvan Dövlət Universitetində energetika sahəsində kadr təminatını ödəmək üçün müvafiq ixtisas açılıb, həmin ixtisas Dövlət Energetika Xidmətinin hamiliyinə verilib. Artıq o ixtisası bitirən məzunlar Dövlət Energetika Xidmətində müxtəlif sahələrdə işlə təmin olunur, yeni qurulan stansiyaları yerli mütəxəssislər idarə edirlər".

Qeyd edək ki, bu gün Naxçıvanın Kəngərli rayonunda 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib.


Femida.az

Açar sözlər:

Oxunub: 893