"Qaçqınkom": Nöqsanların aradan qaldırılması məqsədi ilə tədbirlər davam etdirilir


19:22     10 İyul 2020 qacqin6.jpg

"Hesablama Palatası iyunun 8-də özünün rəsmi internet səhifəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına dair apardığı uyğunluq auditinin nəticələri barədə məlumat yerləşdirib. Audit nəticəsində aşkar edilən nöqsanların aradan qaldırılması məqsədi ilə Dövlət Komitəsi tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir".

Dövlət Komitəsinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, bir sıra məsələlər auditin aparıldığı müddətdə öz həllini tapıb.

"Hesablama Palatasının məlumatında qeyd edilən məbləğdə vəsaitin dövlət büdcəsinə bərpası təmin olunub. Həmçinin vahid aylıq müavinət alan şəxslərin siyahılarının dəqiqləşdirilməsi üçün həmin siyahıları tərtib edən müvafiq yerli icra hakimiyyəti orqanlarına məktub göndərilib.

Qeyd edək ki, Dövlət Komitəsində vahid elektron informasiya bazasının yaradılması və onun işinin təkmilləşdirilməsi məcburi köçkünlərin sosial müdafiəsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasında şəffaflığın təmin olunmasına imkan verir.

Dövlət Komitəsi bir daha bildirir ki, Azərbaycan Respublikası Hesablama Palatasının müəyyən etdiyi nöqsanların tam aradan qaldırılması üçün bundan sonra da bütün zəruri tədbirlər görüləcəkdir", - Dövlət Komitəsindən bildirilib.


Femida.az

Açar sözlər:

Oxunub: 1000