Sosial yardım haqqında qanuna dəyişiklik təsdiqləndi


16:44     14 İyul 2020 20_07_14_1594733106.jpg

Prezident İlham Əliyev “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişiklikləri təsdiq edib.

Femida.az-ın xəbər verir ki, qanuna əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdir.

Dəyişikliyə əsasən, bu səbəblər sırasına ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması daxil edilir.

Eyni zamanda qanuna əsasən, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir.

Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir.

Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılacaq.

Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana 15 iş günü müddətində məlumat vermədikdə həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirəcək.

Aztəminatlı ailənin üzvü “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılacaq.

Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

Həmçinin qanuna əsasən, sosial yardımın təyin olunması müddəti azaldılaacaq. Sosial yardımı almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunacaq.

Qüvvədə olan qanuna əsasən, bu müddət 2 il idi.

Femida.az

Açar sözlər:

Oxunub: 2244