Səfərbərlik nədir və hansı hallarda elan edilir? – QANUN


18:20     17 İyul 2020 20_07_17_1594995318.jpg


İyulun 12-dən etibarən Ermənistan – Azərbaycan sərhədində başlayan gərginlik davam etməkdədir. Ermənistanın Azərbaycan sərhəd mövqelərində törətdiyi təxribatlara ordumuz tərəfindən advekat cavablar verildi və verilməkdədir. 14 iyulda isə Azərbaycanda xalq birlik və orduya dəstəyini nümayiş etdirmək üçün küçələrə axışdı. Ölkənin bir çox bölgəsində yürüş keçirən vətəndaşlarımız döyüşə hazır olduqlarına dair şüarlar səsləndirdilər. Eləcə də ölkə başçısı İlham Əliyev də bu şəxslərə müraciət edərək, orduya dəstək olmaq istəyənlərin müvafiq komissarlıq şöbələrində qeydiyyatdan keçməsini tövsiyə etdi. Bundan sonra hərbi komissarlıqlara kütləvi axınlar oldu.


Bəs Azərbaycanda səfərbərlik hansı qanunla tənzimlənir? Səfərbərlik hansı hallarda elan edilir?

Femida.az məsələnin qanuni tərəflərinə aydınlıq gətirməyə çalışıb. Məsələ ilə bağlı təcrübəli hüquq müdafiəçisi, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Absələddin Əliyev şərh verib. Onun sözlərinə görə, Azərbaycan Respublikasında səfərbərliklə bağlı əsas məsələlər “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir:

“Bu Qanunda iki anlayış fərqləndirilir: Səfərbərlik hazırlığı və səfərbərlik.

Səfərbərlik hazırlığı – dövlətin silahlı hücumdan müdafiəsinin təmin edilməsi və müharibə dövründə dövlətin tələbatının və əhalinin ehtiyaclarının ödənilməsi məqsədilə Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların hazırlanmasına, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan xüsusi dövlət orqanlarının və müharibə dövrü üçün yaradılan xüsusi birləşmələrin hazırlığına aid dinc dövrdə əvvəlcədən keçirilən tədbirlər kompleksidir;

Səfərbərlik isə – Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların müharibə dövrünün iş rejiminə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna keçirilməsinə dair tədbirlər kompleksidir.

Səfərbərik həm ümumi, həm də qismən elan oluna bilər. Səfərbərliyin elan olunması barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı dərhal kütləvi informasiya vasitələri ilə, bu mümkün olmadıqda isə başqa üsullarla yayılmalıdır.

Səfərbərlik üzrə hərbi vəzifələrin yerinə yetirilməsi məsələləri “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanunu və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir”.


vəkil Absələddin Əliyev

Vəkilin açıqlamasına görə, ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar səfərbərlik elan edildikdə səfərbərlik üzrə hərbi xidmətə çağırılırlar:

“Ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırılmayan vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində işləmək üçün göndərilə bilərlər.

Səfərbərlik hazırlığı və səfərbərlik sahəsində vətəndaşların vəzifələri də müəyyən olunmuşdur. Belə ki, vətəndaşlar:

• səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədilə çağırış vərəqəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarına gəlirlər;
• müvafiq icra hakimiyyəti orqanlarından aldıqları səfərbərlik sərəncamlarında, çağırış vərəqələrində və vəzifəli şəxslərin əmrlərində qeyd olunmuş tələbləri yerinə yetirirlər;
• müharibə dövründə ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vətəndaşlara vurulan zərərin əvəzinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət tərəfindən ödənilməsi şərtilə binaları, tikililəri, nəqliyyat vasitələrini və onların mülkiyyətində olan digər əmlakı təqdim edirlər”.


Ümumiyyətlə, vətəndaşlar səfərbərlik zamanı və müharibə dövründə ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılan işlərə cəlb olunur, habelə müəyyən olunmuş qaydada xüsusi birləşmələrə daxil edilirlər.

Bəs səfərbərlik hansı halda elan edilir?

Səfərbərlik hazırlığı və səfərbərlik haqqında Qanunun 5.1.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasına qarşı real silahlı hücum edildiyi və ya bilavasitə real silahlı hücum təhlükəsi olduğu, habelə Azərbaycan Respublikasına qarşı yönəldilmiş silahlı münaqişə yarandığı hallarda dərhal ümumi və ya qismən səfərbərlik elan edir. Bu zaman vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması prosesi başlayır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür.




Vəkil A.Əliyev bildirib ki, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:

• müddətdən artıq həqiqi hərbi xidmətə
• hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə
• gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə
• zabitlərin həqiqi hərbi xidmətinə


“Gizir və müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunda olan hərbi vəzifəlilər hərbi xidmət keçmək istədikləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə və ya hərbi hissələrin komandanlığına müraciət edə bilərlər. Əsgəri xidmətə getmək istəyənlər isə həqiqi hərbi xidmətə çağırış Müdafiə Nazirliyi tərəfindən həyata keçirilmədiyinə görə həmin məsələ ilə əlaqədar qeydiyyatda olduqları rayonun Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinə və ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edə bilərlər”, - deyə vəkil qeyd edib.

Yeri gəlmişkən, artıq orduya qeydiyyata düşmək istəyənlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində elektron qaydada qeydiyyatdan keçə bilər. Dövlət Xidmətindən bildirilib ki, könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşlar bu gündən www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər.

https://exidmet.seferberlik.gov.az/Volunteer/Service

"Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq və insanların sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə müəyyən olunmuş tələblərə əməl edilməsi, respublikamızda və xaricdə yaşayan vətəndaşların rahatlıqlarının, müraciət imkanlarının daha əlçatanlığının, həmçinin çoxsaylı vətəndaş müraciətlərinin qeydiyyatının operativliyinin təmin olunması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yeni elektron xidmət istifadəyə verib.

Qeyd: Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 8500-ə yaxın vətəndaş bugünədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatına elektron qaydada, həmçinin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə təşəkkürünü bildirir.

Sual: Qadınlar səfərbərllik zamanı orduya cəlb oluna bilərmi?
19 yaşından 40 yaşınadək qadınlar da könüllü şəkildə hərbi xidmətə daxil ola bilərlər. Qeyd edək ki, iyulun 12-dən bəri Azərbaycan Silahlı Qüvvələrinə könüllü xidmətə getmək istəyənlər sırasında xanımlar da var. Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib. A. Rəhimov qeydiyyata alınan qızların sayını açıqlamayıb.u




Qeyd edək ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #səfərbərlik   #qanun   #vəkil   #hüquq   #AbsələddinƏliyev   #hərbi   #ordu   #cəbhə   #könüllü  

Oxunub: 16627